Menu

Milli iradə və dövlətçilik yolunda Yeni Azərbaycan Partiyası - Deputatın YAZISI

21.11.2026, 12:01
Milli iradə və dövlətçilik yolunda Yeni Azərbaycan Partiyası - Deputatın YAZISI

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Böyük alman filosofu İmmanuel Kantın fikirincə güclü dövlətin iki mühüm təminatı mövcuddur – xalq tərəfindən dəstəklənən mütərəqqi ideologiya və bu ideologiyanın daşıyıcısı olan xarizmatik lider. Ümummili Lider Heydər Əliyevin və siyasi varis Prezident İlham Əliyevin simasında böyük filosofun fikirlərinin təzahür etdiyinin şahidi oluruq. Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyevdən miras qalmış siyasi təsisatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Bu il partiyanın yaradılmasından 34 il keçir. Bu zaman axarında YAP-ın yaradılmasını şərtləndirən şəraiti öyrənməklə onun müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik. Şübhəsiz ki, bu hadisələrin mərkəzində dünyaşöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev dayanması ən əsas faktordur.

1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verməsi ilə ona qarşı aparılan təcrid etmə dalğası pik həddə çatdı. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı çirkin siyasətini gerçəkləşdirmək üçün qabaqcadan düşünülmüş planlarını həyata keçirmək kimi niyyətindən irəli gəlirdi. Heydər Əliyev bu barədə deyib: "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın "Qarabağ əməliyyatı" mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm".

Burada həm də əsas məqsədlərindən biri də Heydər Əliyevin Azərbaycanda başlamış milli azadlıq hərəkatına qoşulmasına mane olmaq idi. Kremlidə bilirdilər ki, Heydər Əliyevin bu hərəkata qoşulması hadisələri sürətləndirəcək. Belə bir məqamda o, 1990-cı ilin yanvar ayında Bakıya qoşun yeridərək xalqın azadlıq hərəkatını boğmağa çalışdı.

Heydər Əliyev siyasi fəaliyyətdən təcrid edilmiş vəziyyətdə olmasına baxmayaraq, törədilmiş bu ağır faciəyə laqeyd qalmadı. Qanlı 20 Yanvar faciəsinin ertəsi günü həyatını riskə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi.

Heydər Əliyevin bu fəaliyyəti Azərbaycan hakimiyyətində olan manqurtları narahat edirdi. Onlar bu fəaliyyəti görməzlikdən gəlməklə Heydər Əliyev böyüklüyünü gizlətməyə çalışır, Qorbaçov tərəfindən irəli sürülmüş təcridetmə siyasətinə kölə kimi xidmət edirdilər. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyevin Bakıda qalmasına həmin dövrün siyasi hakimiyyəti bütün cəhdlə mane oldu. Hətta Bakıda hava limanında onun həyatına sui-qəsd cəhdi edildi. Heydər Əliyev Bakını tərk etmək məcburiyyətində qalaraq Naxçıvana getməli oldu. Bir müddətdən sonra yerli əhali Heydər Əliyevin Naxçıvan Ali Məclisinə alternativsiz olaraq namizədliyini irəli sürdü və o, deputat seçildi.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Hakimiyyət iddiasında olan bütün qüvvələr Heydər Əliyevin böyük siyasətə qayıdışını istəmirdilər. Amma artıq Heydər Əliyev Naxçıvan Ali Məclisindəki fəaliyyəti ilə özünün müstəqillik ideyalarını gerçəkləşdirməyə başlamışdı. Müstəqil yaşaya bilməyəcəyimizlə bağlı fikirləri dəstəkləyən Ayaz Mütəllibov Azərbaycanın formal olaraq prezidenti seçilməklə ittifaqın bərpa olunmasına çalışırdı. O vaxt "Biz müstəqil yaşamağa qadirikmi?" ritorik sualı qarşısında siyasi qüvvələr iki hissəyə bölünmüşdü. Bir tərəfdə, qeyd etdiyimiz kimi, müstəqillik carçılarının lideri Heydər Əliyev, digər tərəfdə isə köləlik sevdalıları mütəllibovçular dururdu. Heydər Əliyev tarixi şüura söykənən siyasi dühası ilə məsələyə birmənalı qiymət verirdi - Azərbaycan müstəqil olmağa qadirdir.

Əlbətdə, bu məsələ əsrin əvvəllərində də aktual idi yaranmış inqilabi şəraitdə bəzi ziyalılar Azərbaycanın müstəqil yaşamağa qadir olmadığı fikrini müdafiə edirdilər. Lakin bir qrup ziyalı isə Azərbaycan xalqının iradəsini ifadə edərək müstəqlliyin müdafiə edirdilər. Tarix sübut etdi ki, xalqın iradəsini ifadə edən qüvvələr həmişə qalib gəlirlər.

Heydər Əliyevin Azərbaycana gəlməsi hakimiyyət uğrunda qızğın mübarizə aparan Mütəllibov, AXC-Musavat cütlüyünü də narahat edirdi. Bu dövrdə yeni ittifaq müqaviləsinin Azərbaycanın Ali Sovetində müzakirəsi aparılırdı.

Sözügedən məsələ ilə bağlı Heydər Əliyev çıxışında SSRİ rəhbərliyində olmuş bir şəxs kimi sovetlər birliyinin siyasi anatomiyasını açaraq onun imperialist bir dövlət olduğunu ifşa etdi. SSRİ-nin rəhbəri M.Qorbaçovun əsl niyyətini ifşa edən Heydər Əliyev deyirdi: "Ölkənin rəhbərliyi yetmiş il mövcud olan ittifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi ittifaq olmayıb, respublikalar heç də ittifaqda yaşamayıb, əsl ittifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni ittifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır".

Bu ərəfədə Ali Sovet o dövrdəki hakimiyyəti və Moskvanı müdafiə etmək məqsədilə bir çox qeyri-demokratik qərar qəbul etdi. Bunlardan biri də Heydər Əliyevin siyasi fəaliyyətinə imkan verməmək üçün Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasının ləğv edilməsi idi. Sonrakı addım prezident seçkisi üçün yaş senzinin müəyyənləşdirilməsi oldu. Təəssüf ki, bu dövrdə "demokratik" cəbhəni təmsil edənlər sonradan hakimiyyətləri dövründə də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmədilər və əvvəlki hakimiyyətin uğursuz yolunu davam etdirdilər.

Xalqın tədricən Heydər Əliyevin ətrafından birləşməsini hiss edən A.Mütəllibov məsələni kökündən həll etmək üçün Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında Qanuna heç bir dünya təcürbəsində olmayan yuxarı yaş senzi maddəsi əlavə etdi. Sözügedən Qanunun 1-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının Konstitusiyasına uyqun olaraq Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu Qanuna müvafiq surətlə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun”.

Prezident seçkisi ərəfəsində o dövrün mətbuat səhifələrinə baxmaq kifayət edər ki, Azərbaycanın ayrı-ayrı bölgələrində Heydər Əliyevin namizədliyini irəli sürən təşəbbüs qruplarının məlumatlarına rast gələk. Lakin A.Mütəllibov tərəfindən irəli atılmış "yaş senzi" maneəsi AXC hakimiyyətinin də işinə yaradı.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurətindən danışarkən yaş senzinə qarşı mübarizədə fəallıq edən vətənsevər, cəsarət sahibi olan şəxslərin fəaliyyətini qeyd etməmək mümkün deyil. "Yaş senzi" maneəsi yaratmağa çalışan bəzi qüvvələr xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbinin gerçəkləşməsinin qarşısını almağa cəhd edirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Yaddaqalan əsas məqamlardan biri də bu oldu ki, mübariz insanlar etiraz aksiyaları təşkil etməklə heç kimdən çəkinmədən, hətta repressiya təhlükəsinin olmasına baxmayaraq, öz mübarizələrini sona qədər davam etdirdilər. O dövrün mətbuatını izlədikcə vəziyyətin nə dərəcədə eybəcər olduğunu görməmək mümkün deyil. Mətbuatda "yaş senzi"nə qarşı etiraz edənlər lağa qoyulur, onlara istehza edilirdi.

Azərbaycanın vətənpərvər gəncliyi də Heydər Əliyev dühasının xalqımızı bu fəlakətli vəziyyətdən qurtara biləcəyini düşünürdü. Azərbaycanın yetkin düşüncəli gəncliyi təhdidlərə baxmayaraq, öz işıqlı gələcəyinin dalınca gedirdi. Bir tərəfdən Moskvaya müti qul kimi xidmət edənlər, digər tərəfdən hakimiyyətə can atan AXC-Müsavat cütlüyü Heydər Əliyev fenomenini görməzdən gəlməyə çalışır, onun heç cür siyasət səhnəsinə qayıtmasını istəmirdilər. Hadisələrin gedişi isə xalqın gerçək liderinin gəlişinə zəmin yaradırdı.

16 oktyabr 1992-ci il tarixdə Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə mətbuatda müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".

Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən təkidlə hakimiyyətə dəvət edilməsinin çox səbəbləri var idi. 1970-80-ci illərdə gördüyü böyük işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq missiyası, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin çıxarılması və sairə onun 1993-cü ildə xilaskarlıq missiyasını da uğurla həyata keçirəcəyinə inamı daha da artırırdı. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə "rəhbərlik" edən "kor" qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini çox ağır vəziyyətdən yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev o illər siyasətə qayıtmaq istəyində olmasa da, respublikanın siyasi-ictimai həyatındakı gərgin proseslər onu həddindən artıq narahat edirdi. Real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin sədri xalqın taleyi üçün narahat olan ziyalıların müraciətini cavabsız qoymadı. Beləliklə, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə razılıq verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə manifestidir.

Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etmişdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

24 oktyabr 1992-ci il təqvimi Azərbaycan tarixi üçün ən ağır dönüş nöqtəsi hesab etmək olar. Bu tarixdə hakimiyyətdə olan səriştəsiz AXC-Musavat cütlüyü Heydər Əliyevə qarşı olan xalq sevgisinin yüksələn xətlə inkişaf etməsindən qorxaraq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən çevriliş yolu ilə uzaqlaşdırmağa çalışdılar. Lakin Naxçıvan əhalisinin hiddət və qəzəbi bu məsləyə birmənalı şəkildə son qoydu. Artıq hakimiyyətdəki qüvvələr Heydər Əliyevə qarşı olan xalq sevgisinin qarşısının alınmasının mümkün olmadığını anladılar.

Heydər Əliyev isə artıq bundan sonra xalqı təmsil edən ziyalıların səsinə səs verərək Azərbaycanın siyasi palitrasına yeni bir partiyanın gəlməsinə razılıq verməyin zəruri olduğunu hiss etdi. Heydər Əliyevin yeni partiyanın yaradılmasına razılıq verməsi hadisələri sürətləndirdi. Artıq Heydər Əliyevi müdafiə edən siyasi qüvvələr yeni yaradılmış partiya ətrafında birləşməyə başladılar.

Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın siyasi həyatında canlanma yaratdı. Lakin yenə də maneələr davam edirdi. Amma YAP-ı siyasi sferada məhdudlaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu. Artıq geniş xalq kütləsi böyük siyasət adamının meydanda olmasını sevinclə qarşılayır və gələcəyə ümidləri artırdı. Xalq Yeni Azərbaycan Partiyasını geniş şəkildə dəstəkləməyə başladı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır". Yeni Azərbaycan Partiyası Heydər Əliyev dühasına fokuslansa da, geniş xalq kütlələrinin səsi sosial sifariş idi. Heydər Əliyev bu barədə demişdir: "Çıxışlarda tamamilə düzgün qeyd edildi ki, bu partiyani bir adam yox, o illərdə Azarbaycanın agır vəziyyətini görən, buna dözə bilməyən va bu agir vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalılar hamısı birlikdə yaradıblar".

Yeni Azərbaycan Partiyasının yaradılması Heydər Əliyevə qarşı təziqlərin daha da artmasına səbəb oldu. Hətta səriştəsiz cəbhə hakimiyyəti ağlasığmaz təkliflər səsləndirməkdən də çəkinmirdilər. Belə təkliflərdən biri də Naxçıvan Muxtar Respubliakasının statusunu ləğv etməklə Heydər Əliyevi hakimiyyətdən devirməklə təhdid etməyə cəhdi idi. Əlbəttdə bu cür səviyyəsiz təhdidlər nə Ümummili Lider Heydər Əliyevi nə də onun tərəfdarlarını qorxuda bilməzdi. Hələ Yeni Azərbaycan Partiyasının siyasi təşkilat kimi formalaşmadığı bir vaxta 7 dekabr 1992-ci il tarixində professor Z.Qaralovun sədrliyi ilə Naxçıvan Respublikasının dövlət quruculuğunun və Muxtar Respublika Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevin müdafiə komitəsi yaradıldı. AMEA-nın binasında akademik Z.Bünyadovun sədliyi ilə keçirilən iclasın canlı şahidi kimi həmin dövrün emosional vəziyyəti ziyalıların narahatçılığı və həyacanı indidə gözlərimin qarşısındadır. Həmin tarixi qərarda deyilridi: “Naxçıvan Muxtar Respublikasına qarşı təcavüzə, Respublika Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevə qarşı böhtan və hədələrlə qəti şəkildə son qoymaq məqsədi ilə xüsusi qurum-Naxçıvan MR dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevin hüquqlarının qorunması üzrə Müdafiə Komitəsi yaradılsın.” Bu fikirlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının dövlət qurculuğunun və şəxsən Heydər Əliyevin hansı təhlükə qarşısında olduğunu hiss etməmək mükün deyil. Müdafiə Komitəsi az müddətdə işçi qrupları formalaşdırdı. Görüləcək işlərin istiqamətləri bunlardan ibarət idi: təşkilati-operativ işlər, təbliğat, kütləvi informasiya və kütləvi tədbirlər üzrə işlər, ictimai-siyasi təşkilatlar və hərakatlarla əlbir iş, beynəlxalq insan hüquqları müdafiəsi qurumları ilə əlaqə , vacib sənədlərin hazırlanması , millət vəkilləri və gənclərlə iş, yerlərdə müdafiə özəkləri yaratmaq. Komitənin üzvlərinin hər birinə konkret iş sahəsi tapşırıldı və icrasına ciddi nəzarət qoyuldu. Komitə az müddətdə xeyli iş gördü.

O vaxtı biz gənclər həm dahi siyasətçinin yaş senzinə qarşı mintinqlərin təşkil olunmasında həm də yeni yaranmış siyasi təşkilata gənclərin cəlb edilməsi ilə məşğul olurduq.

Yeni Azərbaycan Partiyasının tarxi ilə bağlı araşdırma apararkən partiyanın qızıl fondu adlandırılan 91-lərlə dahi siyasi xadim Heydər Əliyevin unudulmaz görüşünü xatırlamya bilməzdik. Ümummilli Lider Heydər Əliyev bu tarixi görüşdə deyir: “Bax, bu tarixi bir balaca xatırlayaraq mən sizinlə bu görüşümün məqsədini açıram. Məqsəd ondan ibarətdir ki, o vaxt şübhəsiz, Azərbaycanın vəziyyətini, bu gününü, gələcəyini düşünən adamların əksəriyyəti məni bir ümid yeri kimi axtarıb tapırdı və mənə müraciət edirdi. Mən belə hesab edirəm. Müraciət edən adamların bəziləri bunu şifahi edirdilər, bəziləri gəlib edirdilər. Amma bir qrup, 91 adam rəsmi müraciətə imza atıb qəzetə vermişdi, heç bir təzyiqdən, təqibdən qorxmayaraq. Mənim sizə danışdıqlarım onu göstərir ki, təzyiqlər, təqiblər var idi. Güman edirəm ki, imza atan bu adamların bəziləri təqib olunmuşdular. Mən iki ildən artıqdır ki, Bakıdayam. Ola bilər, indi siz soruşasınız ki, biz o vaxt sizə müraciət etmişik, siz bizi indi yada salmısınız. Yox, siz həmişə mənim qəlbimdə olmusunuz, heç vaxt unutmamışam. Amma sadəcə olaraq, mən hesab edirdim ki, siz müraciət edəndə heç biriniz şəxsi bir məqsəd daşımırdınız, elədirmi? Siz Azərbaycanın dövlətçiliyi, müqəddəratı, Azərbaycanın taleyi haqqında düşünürdünüz. Bir halda tale belə gətirdi ki, mən Azərbaycana gələsi oldum və burada işlərə başlayası oldum, demək, mən birinci növbədə bu işlərlə məşğul olmalı idim. Ancaq inanın, mən elə o vaxtdan imkan axtarırdım ki, sizi dəvət edim, sizinlə görüşüm. Mümkün olmurdu. İndi nə edək, üzərimizə düşən məsuliyyət o qədərdir ki, sutkanın 24 saatını da işləsən çatdırmaq mümkün olmur. Ona görə də mən bu planları qururdum ki, gələn həftə, o, birisi həftə görüşəcəyəm. Ancaq, nəhayət, indi bu imkan əldə olunub. Ona görə mən xahiş etdim ki, bu 91 şəxsi dəvət etsinlər. Yenə də deyirəm, bəziləri ilə şəxsən tanışlığım yoxdur, yəni şəxsi görüşüm olmayıb. Mən hamınıza təşəkkür edirəm. Ona görə yox ki, mən buraya gəlmişəm. Ona görə ki, siz doğrudan da millətin, xalqın taleyi haqqında düşünən adamlar və cəsarətli adamlar olmusunuz, belə adamlar da varsınız. Bu müraciətlər olsa da, olmasa da proseslər gedirdi, nəsə olacaq idi. Ola bilərdi ki, mən gələydim, ola bilərdi mən gəlməyəydim, bunun fərqi yoxdur. Əsas məna ondan ibarətdir ki, siz öz vətəndaşlıq, vətənpərvərlik hissiyyatlarınızı açıq bildirmisiniz. İkinci də, şübhəsiz, mənə qarşı ədalətsizlik olan bir dövrdə və uzun müddət mənimlə bərabər işləyən adamların mənə qarşı nankor çıxdıqları, vəfasız olduqları bir dövrdə siz o daxili sədaqətinizi büruzə vermisiniz, açmısınız və hətta qəzetə vermisiniz. Ona görə təşəkkür edirəm”.

Heydər Əliyev görüşdə söylədiyi fikirlər çox mühüm mətləblərə toxunur. O, vaxtilə onu müdafiə etmiş ziyalıların şəxsi sədaqətini yüksək qiymətləndirsə də, məsələyə ictimai kontekstdə yanaşır. Eyni zamanada bu müraciətlər olsa da, olmasa da proseslər gedirdi, nəsə olacaq idi deməklə məsələyə ümumxalq mənafeyindən qiymət verir.
Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan yaratdı. Azərbaycan xalqının Heydər Əliyevə göstərdiyi yüksək etimad YAP-ın qısa zamanda təşkilatlanmasına, ölkənin bütün regionlarında dayaqlarının yaranmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Xalqın inamı və sevgisi nəticəsində partiyanın yaradılmasından 7 ay sonra Heydər Əliyev siyasi hakimiyyətə gəldi.

Yeni Azərbaycan Partiyası həm də siyasi varisliyin ən gözəl nümunəsidir. Layiqli varis İlham Əliyev bütün platformalarda olduğu kimi, partiya fəaliyyətində də Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini və partiyanın monolitliyini qoruyub saxladı. Bütün bunlar dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı idi. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev bu barədə deyib: "Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi".

1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə Ulu Öndər bildirmişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik".

Heydər Əliyevin siyasi mirasları arasında şübhəsiz ki YAP-da var. Möhkəm təməllər üzərində qurulmuş bu təsisatı yalnız böyük dövlət adamı İlham Əliyev irəli apara bilərdi. Uğurlu siyasi varis bütün parametrlər üzrə bu siyasi təşkilatı daha da inkişaf etdirdi. 44 günlük Zəfər müharibəsində, antiterror əməliyyatında digər taleyüklü məslələrdə partiya bütün gücünü səfərbər edərək dövlət başçısının yanında oldu. Sonuncu Qurultayda partiya sədri İlham Əliyevin çıxışı onun dünya siyasi liderləri içərisində böyük nüfuz sahibi olduğunu göstərdi.

YAP-nın sədri cənab İlham Əliyev sonuncu qurultayda çıxışında dedi: “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.

Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu.”

Bəli artıq Azərbaycan Respublikası orta güc dövlətinə çevrilib. Şübhəsiz ki, bu uğurun təməlini böyük dövlət adamı, ümumilli lider Heydər Əliyev qoyub və uğurlu siyasi varis, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün gücü ilə hədəfə çatdırıb. Yeni Azərbaycan Partiyası bütün hallarda dövlətimizin yanında olmaqla uğurlara öz tövhəsini verib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol