Menu

"Rafael Ağayevə heykəl qoymaq olmaz, çünki..." - Onunla bağlı fərqli təklif

11.11.2026, 13:39
"Rafael Ağayevə heykəl qoymaq olmaz, çünki..." - Onunla bağlı fərqli təklif

Azərbaycanın adını dünyada tanıdan, beynəlxalq idman arenalarında üçrəngli bayrağımızı dəfələrlə yüksəklərə qaldıran idmançılarımız az deyil. Onların arasında karate üzrə dünya şöhrətli idmançı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rafael Ağayevin xüsusi yeri var. İdman ictimaiyyətində "Qara Brilliant" ləqəbi ilə tanınan Rafael Ağayev təkcə Azərbaycanda deyil, dünya karate tarixində də özünəməxsus iz qoyub. Onun idman uğurları ölkəmizin beynəlxalq nüfuzuna mühüm töhfə verib. Maraqlıdır ki, bəzi iddialara görə, Yaponiyada Rafael Ağayevin şərəfinə heykəl ucaldılması məsələsi də müzakirə olunur. Bu məlumat onun beynəlxalq idman aləmində qazandığı nüfuzun göstəricisi kimi təqdim edilir. Ancaq ortaya bir sual çıxır: Görəsən, dünya səviyyəsində əfsanə hesab edilən idmançımızın adı niyə öz ölkəsində də eyni səviyyədə əbədiləşdirilmir? 

Qəbələdə dünya şöhrətli aktyor və döyüş sənətləri ustası Jan Klod Vandama heykəl qoyulması ilə bağlı müzakirələr fonunda bu məsələ daha da diqqət çəkir. Bəs Azərbaycanın öz yetirməsi, beynəlxalq arenada ölkəmizin simasına çevrilmiş Rafael Ağayevin xidmətləri niyə daha geniş şəkildə təbliğ olunmasın? Onun adının küçəyə, idman kompleksinə verilməsi, heykəlinin ucaldılması və ya adına xüsusi idman akademiyasının yaradılması nə dərəcədə məqsədəuyğun olardı?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycan indiyə qədər həm pəhləvanlıq ənənələri, həm də peşəkar Avropa və dünya miqyasında qəbul edilən idman növləri üzrə adını tarixə qızıl hərflərlə yazan bir çox idmançıları ilə tanınır:

"Milli, mənəvi və dini dəyərlərimizə görə insan sağlığında ona heykəl qoyulmaz. Bu, hər nə qədər bəzən mübahisəli görünsə də, artıq cəmiyyətdə qəbul edilən faktdır. Hətta xatırlayıram ki, tanınmış ictimai-siyasi dövlət xadimlərimizə belə sağ olanda heç bir abidə ucaldılmayıb. Kiminsə hansısa bölgədə bu qaydanı pozaraq heykəl qoydurması şəxsi təşəbbüsdən irəli gəlir və bunun üçün aidiyyəti dövlət qurumlarından icazə alınıb-alınmadığı ayrı mövzudur. Lakin məşhur idmançılara, o cümlədən dəfələrlə Azərbaycan bayrağını dünyanın ən nüfuzlu idman paytaxtlarında dalğalandıran Rafael Ağayevə gəldikdə, onun ölkəmizin idman və kreativ səfiri kimi xüsusi rolu var. O, həm də Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına töhfə verib. Sağlığında ona heykəl qoyulması məsələsi mübahisəli olsa da, Rafael Ağayevin adı ilə bağlı görkəmli və faydalı işlər çox görülə bilər. Məsələn, niyə Rafael Ağayevin xüsusi məktəbi və ya akademiyası olmasın? Bilirəm ki, o, bir çox idmançıların yetişməsində yaxından iştirak edir. Lakin onun adını daşıyan "Rafael Akademiyası"nın yaradılması və ya ölkə miqyasında uşaqlar, yeniyetmələr və gənclər arasında respublika əhəmiyyətli turnirlərin keçirilməsi böyük fayda verərdi. Eyni zamanda, o, sosial şəbəkələrdə və televiziya kanallarında ustad dərsləri və verilişlərlə gənclərə idman dərsləri keçə bilər. Çünki buna indi həmişəkindən daha çox ehtiyacımız var. Heykəl — ölü daş parçasıdır. İnsan yanından keçərkən ya görə, ya da unuda bilər. Amma Rafael Ağayevin və digər əfsanəvi idmançılarımızın rəqəmsal platformalarını, saytlarını yaratmalı, onları sosial mediada fəal şəkildə təbliğ etməliyik. Onların adını daşıyan müxtəlif turnirlər təşkil etməklə yeni nəsli internetin, sosial şəbəkələrin və süni intellektin əsirliyindən, asossiallaşmadan qurtarıb sosiallaşmağa, mərhəmətə, birliyə yönəldə bilərik. Fövqəladə hallar zamanı kollektiv şüura sahib olub tapşırıqları normal yerinə yetirmək üçün məhz bu cür kütləvi idman yarışlarının əhəmiyyətini gənclərə aşılamaq lazımdır".


Ekspertin sözlərinə görə, bəzən kimsəni kopyalamağı xoşlayırıq, halbuki sadaladığım bu formatlar dünyada müxtəlif tanınmış şəxslərlə bağlı uğurla tətbiq olunur:

"Lakin bu məsələ Azərbaycanda hələ ki az istifadə edilir. Məsələn, şahmat sahəsində Naxçıvanda, Şuşada və Bakıda beynəlxalq yarışların təşkili gözəl ənənəyə çevrilib. Həmin yarışlarda gənclər həm özlərini sınayır, dostlaşır, tanınır, güclü rəqib tapır, idman rəqabətinin nə olduğunu anlayır, həm də gələcək qələbələr üçün böyük motivasiya və təcrübə qazanırlar. İndi federasiyaların birincilik keçirməsini gözləmək əvəzinə, fərdi adlar altında müxtəlif idman yarışları təşkil etməliyik. Bu, həm həmin şəxsin həyat və yaradıcılığını, idman uğurlarını daha da məşhurlaşdırıb tarixə yazar, gənc nəslə tanıdar, həm də idmanın kütləviləşməsinə və insanların sağlam həyat tərzinə yönəlməsinə kömək edər. Düşünürəm ki, bu istiqamətdə çoxlu innovativ və kreativ təkliflər tətbiq oluna bilər. Məsələn, gənclərimiz niyə süni intellektin imkanlarından istifadə edərək karateə və ya digər idman növlərinə həsr olunmuş kompüter və mobil oyunlar yaratmasınlar? Bu cür layihələr həm gənclərimizə qazanc gətirər, həm Azərbaycanı tanıdar, həm də oyun sənayesində yenilik olar. Yaxud Rafael Ağayevin qazandığı dünya çempionatları və qələbələr əsasında, milli atributlarımızı da daxil etməklə trend olacaq, mem səviyyəsinə yüksələcək videoçarxlar hazırlaya və gəncləri idmana həvəsləndirə bilərik. Belə geniş imkanlar olduğu halda, sovet dövründən qalma "heykəlbazlığın" tərəfdarı deyiləm. Çünki ölkənin hər yerində mövcud olan abidələrin qorunması, saxlanılması, onların üzərinə quşların qonmasının qarşısının alınması və vandalizmdən mühafizəsi külli miqdarda vəsait tələb edir. Amma təklif etdiyimiz minimalist xərcli rəqəmsal həllər həm Azərbaycanı dünyada tanıdar, həm Rafael Ağayev kimi ustad idmançıların irsini virtual arxivə köçürərək əbədiləşdirər, həm də yeni nəsli həm fiziki cəhətdən idmana, rəqəmsal aləmdə çevikliyə həvəsləndirər".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol