Azərbaycanda 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik sistemlərinin elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur. Bu plan gələcəkdə mənzillərin istiliklə təminatında ciddi dəyişikliklərin baş verəcəyini göstərir. Lakin hazırda evlərində kombi sistemi quraşdırmış vətəndaşların vəziyyəti suallar doğurur. Onların mövcud istilik sistemlərindən istifadəsinə icazə veriləcəkmi, yoxsa kombilərin dəyişdirilməsi tələb olunacaq? Bəs bu keçidin maliyyə yükünü kim daşıyacaq?
Mövzunu "Azpolitika"ya şərh edən iqtisadçı ekspert Razi Abbasbəyli bildirib ki, dünyanın inkişaf etmiş ölkələri 2030-cu ilədək neftdən və digər ənənəvi enerji mənbələrindən asılılığı azaltmağı hədəfləyirlər. Bu, həm nəqliyyat vasitələrində, həm də mənzillərin istiliklə təmin olunmasında alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsini nəzərdə tutur. Avropa ölkələri də bu istiqamətdə müvafiq hazırlıq işləri aparırlar:
"Azərbaycanın da qlobal proseslərə uyğunlaşması, dünya standartlarından geri qalmaması üçün bu istiqamətdə addımlar atması vacibdir. Hesab edirəm ki, ölkəmizdə də zamanla mənzillərin qazla deyil, elektrik enerjisi və ya digər alternativ mənbələr hesabına isidilməsinə keçid edilməlidir. Lakin burada əsas məsələ mənzillərin fərdi qaydada deyil, mərkəzləşdirilmiş istilik sistemləri vasitəsilə qızdırılmasıdır. Mənzillərin istiliklə təminatında mərkəzləşdirilmiş sistemlərə üstünlük verilməsi qazdan asılılığın azaldılmasına imkan yarada bilər. Çünki fərdi istilik sistemlərindən istifadə zamanı, hətta elektrik enerjisi ilə işləyən cihazlardan yararlanıldıqda belə, elektrik enerjisinin istehsalında təbii qazdan və ya mazutdan istifadə mümkündür. Buna baxmayaraq, fərdi və kollektiv istilik sistemləri arasında mühüm fərqlər mövcuddur. Dünyanın əsas hədəflərindən biri də məhz bu istiqamətdə dəyişikliklərə nail olmaqdır. Bir sıra ölkələrdə belə təcrübə uzun illərdir tətbiq edilir. Avropanın bir çox dövlətlərində mənzillərdə fərdi kombi sistemlərindən istifadə olunmur. Hətta bəzi ölkələrdə yaşayış binalarına ümumiyyətlə qaz xətti çəkilmir. Mətbəxdə də qaz plitələri əvəzinə elektrik cihazlarından istifadə edilir. Mənzillərin istilik təminatı isə mərkəzləşdirilmiş sistemlər vasitəsilə həyata keçirilir".
Ekspertin sözlərinə görə, Azərbaycanda da bu prosesə mərhələli şəkildə keçilməlidir:
"Burada söhbət təkcə ekoloji problemlərin həllindən getmir. Eyni zamanda, insanların təhlükəsizliyinin təmin edilməsi də mühüm məsələdir. Statistik göstəricilərə nəzər salsaq, kifayət qədər narahatedici mənzərə ilə qarşılaşarıq. Hər il qazdan zəhərlənmə, qaz sızması nəticəsində baş verən yanğın və partlayışlar insanların həyatına son qoyur. Deməli, məsələ yalnız ekologiya ilə məhdudlaşmır. Vətəndaşların təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi də prioritet olmalıdır. Bu baxımdan hesab edirəm ki, belə bir qərar düzgün istiqamətdə atılmış addımdır. Lakin bu keçidin dərhal həyata keçirilməsi nəzərdə tutulmamalıdır. Çünki vətəndaşlar indiyədək mənzillərində fərdi istilik sistemləri qurub, kombi cihazları alıb, qaz xətləri çəkdirib və qazla işləyən digər avadanlıqlar quraşdırıblar. Bütün bunlar onların çəkdiyi ciddi maliyyə xərcləridir və həmin xərclər nəzərə alınmalıdır. Bu səbəbdən proses mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə, bundan sonra tikiləcək yaşayış binalarında qaz təminatından imtina edilməsi nəzərdə tutula bilər. Yəni yeni tikilən və istismara veriləcək binalara qaz xəttinin çəkilməməsi mərhələli şəkildə tətbiq olunar. Eyni zamanda indiyədək tikilmiş, lakin hələ qazla təmin edilməmiş yaşayış binalarının gələcək taleyi də aydınlaşdırılmalıdır. Əgər həmin binalara indiyədək qaz verilməyibsə, gələcəkdə də qaz təminatının həyata keçirilməyəcəyi nəzərdə tutulursa, bu, əvvəlcədən vətəndaşlara aydın şəkildə bildirilməlidir. Belə olan halda yeni yaşayış binalarında qazdan və fərdi kombi sistemlərindən istifadə edilmədən, elektrik enerjisi hesabına isitmə modelinə keçid mümkün ola bilər".
Razi Abbasbəyli əlavə edib ki, burada ciddi bir problem mövcuddur:
"Azərbaycanda elektrik enerjisinin tarifləri yüksəkdir. Belə bir sual yaranır: Vətəndaş mənzilini yalnız elektrik enerjisi ilə qızdırmalı olacaqsa, yemək bişirmək, suyu isitmək və digər məişət ehtiyaclarını qarşılamaq üçün də elektrik enerjisindən istifadə edəcəksə, bu, onun aylıq xərclərinə necə təsir göstərəcək? Mövcud problemlər həll edilmədən belə bir keçidin həyata keçirilməsi vətəndaşların üzərinə ciddi maliyyə yükü qoya bilər. Bu məqam mütləq nəzərə alınmalıdır. Ona görə də keçid mərhələli şəkildə aparılacaqsa, paralel olaraq elektrik enerjisinin tariflərinə də yenidən baxılmalıdır. Əhali üçün müxtəlif güzəştlər, güzəşt paketləri və xüsusi tariflər tətbiq olunmalıdır. Məqsəd bu dəyişikliklərin vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərməsinin, yaşayış xərclərinin kəskin artmasının qarşısını almaq olmalıdır. Ümumilikdə hesab edirəm ki, bu qərar doğru istiqamətdə atılmış addımdır. Azərbaycan da dünyanın bir parçasıdır və inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmalıdır".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər