Oktyabrın 31-də dünyanın bir çox ölkəsində Hellouin (Halloween) bayramı qeyd olunur. Bu gün insanlar qorxulu geyimlər geyinir, evlərini balqabaq və müxtəlif mistik atributlarla bəzəyir, əyləncə tədbirləri təşkil edirlər. Qədim Kelt ənənələrindən qaynaqlandığı bildirilən Hellouin zamanla geniş yayılaraq dünyəvi əyləncə xarakteri alıb. Lakin bayramın tarixi kökləri və dini inanclarla əlaqəsi onun İslam baxımından qəbul olunması məsələsini də gündəmə gətirir.
Bəs Hellouin bayramının əsl mənşəyi və mahiyyəti nədir? İslam dini müsəlmanların bu bayramı qeyd etməsinə və tədbirlərində iştirakına necə yanaşır?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, bu bayramın islam dini və bizim ümumi tarixi mədəniyyətimizlə heç bir əlaqəsi və bağlılığı yoxdur:
"Bildiyimiz kimi Hellouin hər il oktyabrın 31-də qeyd olunur və tarixi kökləri qədim Kelt mədəniyyətinə gedib çıxır. Onun mənşəyi əsasən Samhain adlanan qədim Kelt bayramı ilə əlaqələndirilir. Həmin dövrdə insanlar oktyabrın sonunu məhsul yığımının başa çatması və qış fəslinin başlanması kimi qəbul edirdilər. Qədim Kelt inanclarına görə, bu gecə ölülər aləmi ilə yaşayanlar arasındakı sərhədin zəiflədiyinə, ruhların və fövqəltəbii varlıqların insanlar arasına gəldiyinə inanılırdı. Bu səbəbdən tonqallar yandırılır, insanlar müxtəlif qorxulu geyimlər geyinir, maskalardan istifadə edir və müəyyən mərasimlər keçirirdilər. Bizdə isə belə yanlış inanclar olmadığı üçün uzaq qalmağımız daha məqsədəuyğun olar. Qeyd edim ki, Kelt mədəniyyətindən sonrakı əsrlərdə bu ənənə xristianlığın bəzi mərasimləri ilə qarışıb. Müasir dövrdə isə bu mərasim daha çox əyləncə xarakteri alıb, xüsusilə ABŞ və Avropada uşaqların müxtəlif obrazlarda geyinməsi, evlərdən şirniyyat toplaması, qorxulu dekorasiyalar və əyləncə tədbirləri ilə geniş yayılıb. Lakin onun müasir əyləncə formasına çevrilməsi tarixi və dini mənşəyini tamamilə aradan qaldırmır".
"İslamın bu məsələyə münasibətinə gəldikdə isə, ilk növbədə qeyd etmək lazımdır ki, dinimiz başqa xalqların mədəniyyətinə, adət-ənənələrinə və insanlarla münasibətlərinə düşmən münasibət bəsləmir. Qurani-Kərimdə Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq". Bu ayə müxtəlif xalqların və mədəniyyətlərin mövcudluğunun Allahın yaratdığı ictimai müxtəlifliyin bir hissəsi olduğunu göstərir. Deməli, başqa mədəniyyətləri tanımaq, onların tarixini öyrənmək və nümayəndələrinə hörmətlə yanaşmaq ayrı məsələdir, həmin mədəniyyətin dini mərasimlərini mənimsəmək isə tamam başqa mövzudur. Quranda həmçinin belə buyurulur: "Yaxşılıq və təqva işlərində bir-birinizə yardım edin, günah və düşmənçilik işlərində isə yardımlaşmayın". Bu prinsip müsəlmanın öz davranışında dini etiqadını və mənəvi məsuliyyətini qorumasını tələb edir. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyurub: "Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır". Hədis İslam alimləri tərəfindən başqa xalqlara məxsus dini ayinlərin və fərqləndirici mərasimlərin təqlid edilməməsi məsələsində əsas dəlillərdən biri kimi qəbul olunub. İbn Teymiyyə özünün «İqtida əs-Sirat əl-Müstəqim» əsərində də müsəlmanların başqa dinlərə məxsus bayram və mərasimlərdə iştirakını dini kimliyin qorunması baxımından təhlil edirb. Müasir dövrdə də bir sıra İslam alimləri, o cümlədən Şeyx Məhəmməd Saleh əl-Münəccid Hellouin mərasimində iştirakı uyğun saymırlar. Hətta o dərəcəyə gətiriblər ki, bəzən bunu kafirlərin bayramı kimi qələmə verərək müsəlmanları haram mərasimlərdən çəkindirməyə qədər gediblər. Buna baxmayaraq müasir İslam hüququnda məsələyə daha fərqli yanaşan alimlər də mövcuddur. Məsələn, Misir Dar əl-İftası Hellouin və Valentin günü kimi tədbirlərin bəzi cəmiyyətlərdə sosial xarakter aldığını əsas gətirərək, İslam etiqadına zidd hərəkətlərə yol verilmədiyi halda iştirak məsələsinə daha yumşaq yanaşır.
Bu fərqli mövqelər onu göstərir ki, müasir dövrdə alimlər mərasimin tarixi mənşəyi ilə yanaşı, konkret cəmiyyətdə daşıdığı məna və iştirakın xarakterini də nəzərə alırlar. Fikrimcə, Hellouin mərasimində iştirak etmək Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərləri və dini kimliyi baxımından məqsədəuyğun deyil. Bizim xalqın özünəməxsus mədəniyyəti, adət-ənənələri, bayramları və mənəvi dəyərləri var. Uşaqlarımızı qorxulu obrazlara salmaq, ölüm, ruhlar, cadugərlik və fövqəltəbii varlıqlarla bağlı təsəvvürləri əyləncə predmetinə çevirmək əvəzinə, onlara öz mədəniyyətimizi, tariximizi, Novruz kimi milli bayramlarımızın mahiyyətini və mənəvi dəyərlərimizi öyrətməliyik.
Burada məqsəd başqa xalqları və onların mədəniyyətini aşağılamaq deyil. Hər bir xalqın öz seçimlərinə hörmətlə yanaşmaq lazımdır. Ancaq hörmət hər şeyi təqlid etmək anlamına gəlmir. Müasirlik də başqa xalqların bütün adətlərini mənimsəməklə ölçülmür. Əsl müasirlik insanın öz kimliyini tanıması, dünyada baş verən prosesləri anlaması və nəyin faydalı, nəyin isə öz mənəvi dəyərlərinə uyğun olmadığını ayırd edə bilməsidir. Düşünürəm ki, valideynlər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Uşaqlara nəyisə qadağa qoymaq əvəzinə, onun tarixini, mahiyyətini və niyə öz dəyərlərimizə uyğun olmadığını izah etməlidirlər. Çünki şüurlu seçim qorxu və qadağadan deyil, bilik və anlayışdan yaranır. Biz uşaqlarımıza başqa mədəniyyətləri tanımağı öyrətməliyik, lakin eyni zamanda öz milli və dini kimliyimizi qorumağın əhəmiyyətini də anlatmalıyıq. Təssüf ki, artıq bu bayramı bütün dünyanın insanları qeyd edirlər və bizdə də heç nə olmaz deyərək uşaqları sevindirmək məqsədi ilə sözügedən mərasimləri aşılayır. Ancaq mən bunu doğru hesab etmirəm", - ilahiyyatçı vurğulayıb.
Müşviq Tofiqoğlu,
Azpolitika.info


Şərhlər