Menu

Oleşkidə "atəşkəs rejimi" başa çatdı - Melaniya Tramp bəyanat yaydı

02.11.2026, 13:13
Oleşkidə "atəşkəs rejimi" başa çatdı - Melaniya Tramp bəyanat yaydı

Xerson vilayətinin işğal altındakı Oleşki şəhərində dinc əhalinin təxliyyəsi üçün elan edilmiş "səssizlik rejimi" başa çatıb. Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitri Lubinets bildirib ki, oktyabrın 27-dən noyabrın 1-dək qüvvədə olan lokal atəşkəs dövründə tərəflər öhdəliklərə əməl ediblər. 

Xatırladaq ki, Dnepr çayının sol sahilində - Xersonun qarşısında yerləşən və müharibə şəraitində çətin əlçatan olan bu şəhər uzun müddətdir işğal altındadır. Yerli əhali ərzaq qıtlığı və aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Yaranmış böhranın geniş miqyas almasından sonra ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna humanitar əməliyyat həyata keçiriblər.

M.Tramp missiyanın nəticələri barədə bəyanat yayıb:“Missiya uğurla keçdi: bölgəyə həyati vacib yardım çatdırıldı, həmçinin təxminən 800 nəfər təxliyyə olundu. Amerikanın adından Rusiyaya və Ukraynaya Oleşkidəki barışıq zamanı göstərdikləri əməkdaşlığa görə təşəkkür edirəm. Ümid edirəm ki, Oleşki təcrübəsi iki ölkə arasında sülhün əsasına çevriləcək”. 

Dmitri Lubinets qeyd edib ki, o, Rusiya tərəfinin nümayəndəsi Yana Lantratova ilə birlikdə yeni humanitar təşəbbüslərin imkanlarını araşdırır. Lantratova da öz növbəsində bənzər bəyanatla çıxış edib.

Xatırladaq ki, Oleşkidən təxliyyə edilən dinc sakinlər şənbə günü Ukraynaya qayıdıblar. Əvvəlcə onları Anapaya, ordan təyyarələrlə Belarusa, daha sonra isə avtobuslarla Ukrayna ərazisinə çatdırıblar. 

Şəhər sakinlərinin bir qismi isə Rusiyaya getmək arzusunu ifadə edib. Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya hərbçiləri humanitar fasilədən mövqelərini gücləndirmək, bölmələri rotasiya etmək və sursat daşınması da daxil olmaqla logistikanı genişləndirmək üçün istifadə ediblər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol