Gəncə şəhərində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən I Aşıq Festivalının yekun konserti baş tutub.
Bu barədə “AzPolitika”ya “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyindən məlumat verilib.
Qeyd olunur ki, Festival çərçivəsində Aşıq müsabiqəsi, konsertlər, ustad aşıqlarla görüşlər, dəyirmi masa və elmi seminarlar keçirilib.
Təntənəli yekun konserti xüsusi olaraq festival üçün yazılmış himn (mus. Firudin Allahverdi, söz. Fəxrəddin Salim) ilə başlayıb.
Tədbirin əvvəlində Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri Cavid Qurbanov və Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə çıxış edərək festivalın aşıq sənətinin dirçəldilməsində, beynəlxalq müstəvidə təbliğində, gənc aşıqların yetişməsində müstəsna əhəmiyyətini vurğuladılar.
Tədbirdə I Aşıq Müsabiqəsi laureatlarının təltifetmə mərasimi də keçirilib. Münsiflər heyətinə Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə sədrlik edib. Münsiflər heyətində Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədov, ustad aşıq Cahangir Quliyev, Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim (Baxşəliyev), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Əliyev, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nemət Qasımlı, Konservatoriyanın Aşıq sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Hafiz Kərimov və Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ədalət Dəlidağlı yer alıb.
Festivalın yekun konsertində I Aşıq Müsabiqəsinin laureatları Tacir Alxanov, İbrahim Hüseynov, Vüsalə Bəylərova, Rəvan Rüstəmov və Nərmin Cəlalzadə çıxış ediblər. Konsert proqramında beynəlxalq müsabiqələr laureatı Aşıq Ramin Qarayev, Aşıq Gözəl Kəlbəcərli, Əməkdar mədəniyyət işçiləri Aşıq Ağamurad Şirvanlı, Aşıq Nemət Qasımlı və Aşıq Ədalət Dəlidağlı, tanınmış “Dalğa” qrupunun rəhbəri, ustad aşıq Çingiz Mehdipur, Aşıq Şöhrət Kərimov, Əməkdar artistlər Qoçaq Əsgərov və Şirzad Fətəliyev, VIII Muğam Televiziya Müsabiqəsinin laureatı Ülkər Abdullayeva, eləcə də Məzahir Allahverdiyev, bədii rəhbəri və baş dirijoru Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova olan Cahangir Cahangirov adına Xor kollektivi, Azərbaycan Milli Konservatoriyası və onun nəzdində Musiqi Kollecinin Birgə Saz Orkestri (bədii rəhbər: dosent Mübariz Əliyev, dirijor Aidə Məmmədtağıyeva) çıxış edib.
Dinləyicilərin diqqətinə təqdim edilən rəngarəng konsert proqramında ənənəvi aşıq havalarının klassik ifası ilə yanaşı, ilk dəfə olaraq xor üçün yeni orijinal işləmələr də səsləndirilib.
Konsertin son nömrələri də böyük marağa səbəb oldu. Belə ki, ilk dəfə yaradılmış və Azərbaycan Milli Konservatoriyası, habelə onun nəzdindəki Musiqi Kollecinin müəllim-tələbə heyətindən ibarət Birgə Saz Orkestri çıxış edib. Zəfər bayramı ərəfəsində baş tutan bu konsertin sonunda orkestrin ifasında səslənən Səid Rüstəmovun “Qaytağı” və Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri festivalın yekununa xüsusi bir bayram əhval-ruhiyyəsi qatıb.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər