Son illər Bakıda tıxac elə səviyyəyə çatıb ki, hətta ara küçə və prospektlər, məhəllələr də keçilməz olub. Artıq tıxacdan can qurtarmaq istəyən sürücülər avtomobillərini ara məhəllələrə yönəldirlər ki, bu da həmin ərazilərdə böyük sıxlığın yaranmasına gətirib çıxarır. Nəticədə məhəllələrdə sakinlər, velosipedlər, skuterlər belə hərəkət edə bilmir. Bəs bu tıxaclardan xilas olmaq, ən azı dar küçə və məhəllələrdə sıxlığın qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, belə problemlərin qarşısını almaq üçün ilk növbədə şəhərsalma və tikinti sektorunda nizam-intizam yaratmaq lazımdır:

"Obyektlərin harda və necə gəldi tikilməsinin qarşısı alınmalıdır. Obyekt tikilməzdən öncə onun nəqliyyat infrastruktutu təşkil olunmalıdır. Həmin obyektin yolu, insanların ora daxil olma və tərketmə trayektoriyası, parklanma yerləri müəyyənləşdirilməlidir. Bəzən zərurət olmadan yolların bağlanmasını da müşahidə edirik. Bu cür halların qarşısının alınması yaxşı olardı. Bir də irimiqyaslı tədbirlərin Bakının mərkəzində yox, digər şəhərlərdə və ya ətraf qəsəbələrdə keçirilməsi daha məqsədəuyğundur. Belə olan halda yollar bağlanmaz və tıxac yaranmaz. Ümumilikdə isə bu tıxacların qarşısını almaq üçün dövlət proqramı artıq mövcuddur. Bu proqram 2025-2030-cu illəri əhatə edir. Bu proqram əsasında Bakı şəhəri və ətraf ərazilərdə yol infrastrukturunda müəyyən dəyişikliklər edilir ki, sıxlıq azaldılsın".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər