Rusiya Ukraynaya qarşı artıq beş ilə yaxındır ki, tammiqyaslı müharibə aparır və bu müddət ərzində Rusiya ordusunun təkcə ölü sayı yarım milyon nəfərə yaxınlaşdığı iddia olunur.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynapərəst “Silent Crow” və “Cyber Partisans” haker qruplarının Rusiya Federal Dövlət Statistika Xidmətinin (“Rosstat”) bazasını sındıraraq əldə etdikləri məlumatların təhlilində deyilir.
Hakerlərin dərc etdiyi məlumatlar müharibənin demək olar ki, bütün dövrünü – 2022-ci ilin fevralından 2026-cı ilin avqustuna qədər olan müddəti əhatə edir. Vurğulanır ki, itkin düşənlər və əcnəbi muzdlular “Rosstat”ın reyestrinə daxil edilmədiyindən, faktiki döyüş itkiləri bundan xeyli çoxdur.
Reyestrdə Beynəlxalq Xəstəliklər Təsnifatının hərbi əməliyyatlar və onların nəticələri ilə bağlı ölüm hallarını (Y36 və Y89.1 kodları) əks etdirən bölmələr üzrə ən minimal qiymətləndirmə 394 min nəfərdir. “Silent Crow” hakerlərinin digər əlaqəli kateqoriyaları da daxil etməklə apardığı hesablamalar isə 450 min ölü rəqəmini ortaya qoyur. Reyestrə yeni qeydlərin daxilolma sürətini (ayda təxminən 18 min nəfər) nəzərə alan mütəxəssislər bildirirlər ki, 2026-cı ilin avqustuna qədər Rusiya ordusunun real ölü sayı artıq yarım milyonu ötüb.
Məlumatların həqiqiliyi bir neçə nüfuzlu ekspert və media qurumu tərəfindən dolayısı ilə təsdiqlənib:
“Bloomberg” agentliyinin texniki təhlili göstərib ki, faylların metaməlumatları rəsmi bazadan orijinal ixrac xüsusiyyətlərinə tam uyğundur və heç bir saxtakarlıq əlaməti yoxdur.
İqtisadçı Yanis Kluge Moskva vilayəti üzrə “Rosstat” rəqəmlərini həlak olan hərbçilərin ailələrinə ödənilən regional büdcə kompensasiyaları ilə müqayisə edərək göstəricilərin üst-üstə düşdüyünü bildirib.
Statistik Ariel Karlinski isə Rusiya hökuməti demoqrafik statistikanı dövlət sirri elan etməzdən əvvəlki rəsmi rəqəmlərlə hakerlərin bazasını tutuşduraraq onların tam eyni olduğunu təsdiqləyib.
2022–2024-cü illər üzrə “Rosstat” sızması, “Mediazona”/BBC və “Meduza” məlumatları arasında 0,98 səviyyəsində (demək olar ki, tam) korrelyasiya müşahidə olunur. Bu isə bütün mənbələrin eyni real mənzərəni əks etdirdiyini sübut edir:
2022-ci ildə - işğalın başlanğıcında və Ukraynanın şimalından geri çəkilmə zamanı Rusiya ordusu ayda 1-2 min hərbçisini ölü olaraq itirirdi.
2023-cü ildə baş verən qış-yaz aylarında Baxmut hücumları zamanı aylıq ölü sayı 3-5 minə, ilin sonunda Avdeyevka əməliyyatı başlayanda isə 6 minə yüksəlib.
2024-cü ildə - Donetsk vilayətində fasiləsiz hücumlar fonunda ilin sonuna doğru Rusiyanın aylıq ölü itkiləri 10 min nəfər həddini keçib.
2025-ci ilin yazında Kursk vilayətindəki ağır döyüşlər və ilin ikinci yarısında Pokrovsk hücumları itkiləri pik həddə çatdırıb. “Rosstat” və “Meduza”nın hesablamalarına görə, 2025-ci ilin əvvəlində aylıq ölü sayı 18 minə qədər qalxıb, ilin sonunda isə 10-12 min aralığında stabilləşib.
2026-cı ildə Ukrayna ordusunun pilotsuz uçuş aparatlarından (PUA) kütləvi istifadəsi və cəbhədə “ölüm zonalarının” genişlənməsi nəticəsində Rusiya ordusunun ümumi itkiləri içərisində ölənlərin payı kəskin artıb. Müharibənin əvvəlində ölənlər ümumi itkilərin dörddə birindən az idisə, hazırda bu nisbət üçdə biri ötüb. USQ Baş Qərargahının məlumatına görə, 2026-cı ilin son aylarında Rusiyanın ölən və yaralananlar daxil ümumi aylıq itkiləri 40 mini, oktyabr ayında isə 50 mini keçib.
2026-cı ilin sonuna olan proqnozlar Kremlin hərbi maşını üçün daha ağır mənzərə vəd edir. Yalnız iki rəsmi ölüm kodu üzrə qeydiyyat tempi (ayda 16 min) davam edərsə, ilin sonuna kimi təsdiqlənmiş ölü sayı 458 minə çatacaq. Gecikmələr və bütün kateqoriyalar nəzərə alınmaqla “Silent Crow” 2026-cı ilin sonuna 563–597 min rusiyalı hərbçinin həlak olacağını proqnozlaşdırır.
“Financial Times” ilin sonuna qədər Rusiyanın ölü sayının 650 minə çata biləcəyini istisna etmir. Qəzet vurğulayır ki, Baxmut, Avdeyevka və Pokrovsk uğrunda gedən döyüşlərin hər biri ayrı-ayrılıqda SSRİ-nin Əfqanıstan müharibəsindəki bütün itkilərindən (rəsmi 15 min nəfər) daha çox can alıb.
Qeyd edək ki, Ukrayna Rusiyanın müharibədə ümumi itkilərinin 1.5 milyon nəfərdən çox olduğunu iddia edir, təqdim olunan rəqəmlər isə bundan 3 dəfəyədək az olduğunu göstərir. Eyni zamanda Ukrayna hərbi itkilərini açıqlamır, müxtəlif hərbi mənbələr bu rəqəmin 155-650 min nəfər aralığında olduğuna dair məlumatlar yayırlar.
Dəhşətli insan itkilərinə baxmayaraq, 2026-cı ilin ikinci yarısında Rusiya qoşunlarının hücum tempi minimuma enib, hətta bəzi istiqamətlərdə ruslar mövqelərini itirirlər. Buna baxmayaraq, Prezident Vladimir Putinin əsas hədəfi olan Donetsk vilayətini tam ələ keçirmək cəhdləri dayanmır. Pokrovsku ələ keçirdikdən sonra Rusiya ordusu vilayətin şimalındakı möhkəmləndirilmiş şəhərlər zəncirinə cənub-qərbdən – Dobropolye istiqamətindən yaxınlaşmağa çalışır və bu istiqamətə böyük ehtiyat qüvvələr ataraq itkilərini daha da artırır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər