Menu

“YANVARA QƏDƏR ZELENSKİ SÜLHƏ MƏCBUR EDİLƏ BİLƏR” - Tramp tələsir, Putin isə...

21.11.2026, 10:46
“YANVARA QƏDƏR ZELENSKİ SÜLHƏ MƏCBUR EDİLƏ BİLƏR” - Tramp tələsir, Putin isə...

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna və Avropa ölkələri rəhbərliyinə 2027-ci ilin əvvəlinə qədər Moskva ilə Kiyev arasında "sülh sazişi" əldə etmək istədiyinə dair siqnal verib. 

“AzPolitika” xəbər verir ki, bunu “Financial Times” qəzeti diplomatik mənbələrə istinadla bildirib.

Məlumatda deyilir ki, Trampın komandası buna Demokrat Partiyası ABŞ Konqresinin hər iki palatasına nəzarəti ələ keçirməzdən əvvəl nail olmağa çalışır. Məlum olduğu kimi, yanvarın 3-dən Demokratların üstünlük təşkil edəcəyi Senat və Nümayəndələr Palatası işə başlayacaq.

Məlumatda iddia olunur ki, Tramp administrasiyası Kreml üçün məqbul şərtlərlə razılaşma əldə ediləcəyini güman edir. Qəzet Kiyevdəki diplomatik mənbəyə istinadla yazır: "Tramp Putini sevir və o, bütün bu işi yanvar ayına qədər başa çatdırmaq istəyir”.

“Amerikalılar çox təzyiq göstərirlər; hər hansı bir razılaşmaya çatmaq üçün əhəmiyyətli güzəştlərə getməli olacağımıza dair narahatlıqlar var", - deyə yüksək vəzifəli Avropa rəsmisi Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşdən sonra bildirib.


Bu təzyiqə nümunə olaraq, Ukrayna Silahlı Qüvvələrinin payızda yaşadığı “Starlink/Starshield” peyk rabitə sistemindəki fasilələri və “Patriot” hava hücumundan müdafiə sistemi üçün Amerika raketlərinin təchizatındakı fasilələri göstərirlər. Bu baxımdan, nəşrin mənbələri Ukrayna Prezidenti Volodimir Zelenskinin 2027-ci ilin yanvar ayına qədər Rusiyanın şərtləri ilə sülh bağlamağa məcbur olacağı fikrini irəli sürürlər.

Məlumatda deyildiyi kimi, Demokratların Konqresi ələ keçirməsi Tramp administrasiyasının xarici siyasət səlahiyyətlərini itirməsi demək deyil. Lakin Demokrat Partiyası Ukraynaya hərbi və maliyyə yardımını artırmaq və Prezident komandasının Kremllə əlaqələrini nəzarətdə saxlamaq niyyətindədir. Bu, Rusiya tərəfi üçün məqbul olan kompromis axtarışını çətinləşdirə və müharibəni uzada bilər.


Lakin Moskvanın son rəsmi açıqlamaları Vladimir Putinin və yaxın ətrafının fundamental güzəştlərə getmək istəmədiyini göstərir. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov vurğulayıb ki, hətta Ukraynanın Donbasdan tamamilə çıxması şərti ilə belə Rusiya Kiyevin NATO-ya qoşulmasını və ya Şimali Atlantika Müqaviləsi çərçivəsində Kiyev üçün təhlükəsizlik zəmanətlərini rədd edir. Ryabkov bununla Kuşnerin ABŞ-nin guya Kremli müharibədən sonra Ukrayna üçün NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan zəmanətlərə ehtiyac olduğuna inandırdığı iddialarını təkzib edir.

Bundan əlavə, noyabr ayında Moskva Ukrayna ilə yanaşı, başqa Avropa ölkələrinə qarşı da bir sıra tələblər irəli sürüb. Buraya NATO-nun 1997-ci il sərhədlərinə qayıtması və Fransa ilə Böyük Britaniyanın digər Avropa ölkələrini “nüvə çətiri" altına almasından imtina etməsi kimi tələblərin daxil olduğu iddia olunur. Bu, Trampın ciddi cəhdlə istədiyi kimi, Moskvanın 2026-cı ilin sonuna qədər sülhə razılaşması ehtimalını daha da azaldır. "Amerikalılar tələsir, amma Putin tələsmir", - deyə qəzetin mənbələrindən biri bildirib.


Əlbəttə, Ukraynada mümkün qədər tez sülhə nail olunması bütün bəşəriyyət üçün önəmlidir. Lakin buna ultimatumlar və Ukraynanın az qala zorla kapitulyasiyaya məcbur edilməsi, eləcə də beynəlxalq hüququn təməl prinsipləri olan ölkələrin ərazi bütövlüyü və suverenliyinin pozulması hesabına nail olunması qəbuledilməzdir. Ukraynanın da bütün əzablara, təhdidlərə rəğmən buna gedəcəyi o qədər də inandırıcı görünmür…

C.Məmmədli

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol