Menu

İran zənginləşdirilmiş uranla bağlı danışıqlara hazırdır, amma... - Əraqçi detalları açıqladı

21.11.2026, 10:06
İran zənginləşdirilmiş uranla bağlı danışıqlara hazırdır, amma... - Əraqçi detalları açıqladı

İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılıq verməyəcəyini bəyan edib.

"AzPolitika" xəbər verir ki, nazir bu fikirləri "İran" qəzetinə müsahibəsində səsləndirib.

A.Əraqçi bildirib ki, nüvə zənginləşdirilməsi ətrafında ədalətli bir formula tapmaq mümkündür. Lakin bu məsələ İranın milli maraqlarına tam cavab verən daha genişmiqyaslı razılaşma çərçivəsində öz həllini tapmalıdır. Nazir ölkəsinin rəsmi nüvə doktrinasının dəyişməz olaraq qaldığını da xüsusi vurğulayıb.

ABŞ ilə danışıqların perspektivlərinə toxunan XİN başçısı qeyd edib ki, Tehran mövcud "nə müharibə, nə də sülh" vəziyyətindən çıxmağa çalışır: "Məqsədimiz yeni müharibənin qarşısını alacaq yaxşı, ləyaqətli və davamlı bir razılaşma əldə etməkdir".

Bundan başqa, Abbas Əraqçi Tehran və Vaşinqton arasında Qətər və Pakistanın vasitəçiliyi ilə təkliflər mübadiləsinin davam etdirildiyini də təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol