Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri Bakı ilə Hanoy arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi baxımından diqqət çəkir. Səfər çərçivəsində siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, iqtisadiyyat, enerji, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərinin müzakirəsi də xüsusi əhəmiyyət daşıyır. Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnamla əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün yeni bazarlara çıxış və iqtisadi tərəfdaşlıqların şaxələndirilməsi imkanları yarada bilər.
Bəs İlham Əliyevin Vyetnam səfərinin pərdəarxasında hansı geosiyasi və iqtisadi hədəflər dayanır? Bu səfər Azərbaycanın regional və beynəlxalq mövqelərinə, eləcə də iqtisadi maraqlarına hansı üstünlükləri qazandıra bilər?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Prezident İlham Əliyevin 2014-cü ildən sonra Vyetnama həyata keçirdiyi səfərin əsas məqsədi tərəfdaşlığımızın daha məzmunlu şəkildə inkişaf etdirilməsidir:
"Səfər ikitərəfli münasibətlərdə yeni impuls yaratmaqla yanaşı, strateji tərəfdaşlığın inkişafına da töhfə verəcək. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən sonra bu səfərin baş tutması ortaq siyasi iradəni nümayiş etdirir. Bu baxımdan, səfəri yalnız siyasi və diplomatik əlaqələrin mühüm mərhələsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu, həm də iki ölkənin xalqlarını və biznes dairələrini bir-birinə yaxınlaşdırmaq, konkret əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır".
Politoloqun sözlərinə görə, Vyetnamla Azərbaycan arasında üç onillikdən artıq ənənəvi dostluq münasibətləri mövcuddur:
"Bu münasibətlərin inkişafının təməlində Ho Şi Minin və Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi dayanır. Hər iki ölkənin müxtəlif nəsillərdən olan rəhbərləri və xalqları münasibətlərimizin bugünkü səviyyəyə çatmasında mühüm rol oynayıblar. 1959-cu ildə Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri ikitərəfli əlaqələrin möhkəm təməlinin formalaşmasına xidmət edib. İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulub. Ötən dövr ərzində hər iki dövlətin və xalqın həyatında müxtəlif proseslər baş versə də, qeyd olunan möhkəm təməl sarsılmayıb. Səfər iki ölkə arasında siyasi etimadın gücləndirilməsi, münasibətlərin gələcək konturlarının müəyyənləşdirilməsi, həmçinin Strateji Tərəfdaşlığın konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsi baxımından mühüm fürsət kimi dəyərləndirilməlidir".
Şəbnəm Həsənova əlavə edib ki, energetika sahəsində Azərbaycan neft-qaz kəşfiyyatı və emalı üzrə böyük təcrübəyə malikdir:
"Vyetnam isə enerji sənayesini inkişafa aparmaq, enerji təhlükəsizliyini təmin etmək və enerji keçidini sürətləndirmək niyyətindədir. Bu baxımdan, SOCAR və PetroVietnam arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Vyetnamın kənd təsərrüfatı, dəniz məhsulları, elektronika və sənaye məhsulları sahəsində üstünlükləri mövcuddur. Azərbaycanın isə əlverişli coğrafi mövqeyi bu üstünlüklərin qarşılıqlı iqtisadi əlaqələrə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Vyetnam məhsullarının Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa bazarlarına çıxışı üçün potensial qapı rolunu oynaya bilər. Vyetnam isə Azərbaycan məhsulları və şirkətləri üçün Asiya bazarlarına çıxış platformasına çevrilə bilər. Buna görə də düşünürəm ki, hər iki ölkənin üstünlükləri bir-birini tamamlayır.
Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərində mühüm mövqeyə sahibdir. Vyetnam isə Cənub-Şərqi Asiyada strateji coğrafi mövqeyi və inkişaf edən liman infrastrukturu ilə seçilir. İki ölkənin potensialının imkan və fürsətlərə transformasiya edilməsi, şübhəsiz ki, hər iki ölkənin gücünə güc qatacaq. Vyetnam Azərbaycana Avropa və Mərkəzi Asiya bazarlarına çıxış baxımından strateji tərəfdaş kimi yanaşır. Baxmayaraq ki, iki ölkə fərqli regionlarda və bir-birindən uzaq məsafələrdə yerləşir, Azərbaycanın orta güc kimi çoxvektorlu xarici siyasəti və coğrafi mövqeyi geniş imkanlar yaradır. Bütün bu önəmli amilləri nəzərə alsaq, Vyetnamın Azərbaycana, Azərbaycanın da Vyetnama dərin marağı var".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər