Bir valideyn övladını məktəbdən sonra riyaziyyat müəlliminin yanına göndərir ki, uşaq kəsrləri yaxşı başa düşsün. Başqa bir valideyn də övladını həmin müəllimin yanına göndərir. Onun uşağı kəsrləri də bilir, tənlikləri də həll edir, məktəbdə qiymətləri də yaxşıdır. Sadəcə, oxumaq istədiyi ixtisasın keçid balı yüksəkdir. Bu iki uşaq dərsdən çıxanda müəllimin jurnalında yanaşı görünəcək. Qeyri-rəsmi təhsil statistikasında da hər ikisi haqqında eyni qeyd aparılır – repetitor yanına gedir. Halbuki birinin hekayəsi məktəbdə, digərinin hekayəsi isə qəbul müsabiqəsində başlayır. Ən maraqlısı isə odur ki, həmin müəllimlər də məhz məktəbin müəllimləridir.
Repetitorluq haqqında mübahisələrimizdə bu iki uşağı tez-tez qarışdırırıq. Bir tərəf hazırlığa gedən hər şagirdi məktəbin uğursuzluğuna dəlil sayır. Digər tərəf bunu valideynin öz övladına daha yaxşı gələcək qurmaq istəyi ilə izah edir. Məncə, hər iki tərəfin haqlı olduğu məqamlar var. Ancaq əvvəlcə valideynin pulunu nəyə verdiyini anlamaq lazımdır.
Övladının məktəbdə almalı olduğu təhsiləmi? Müəllimin ona ayıra bilmədiyi vaxtamı? Yoxsa eyni yerə iddia edən başqa bir şagirddən bir neçə bal artıq toplamaq imkanınamı?
Məktəblərlə paralel böyüyən “kölgə təhsili”
Beynəlxalq təhsil tədqiqatçısı Mark Bray məktəbdənkənar ödənişli akademik hazırlığı “kölgə təhsili” anlayışı ilə izah edir. Sözsüz ki, bu bənzətmənin öz məntiqi var. Məktəbdə riyaziyyatın proqramı dəyişəndə hazırlıq müəlliminin dərsi də dəyişir. Qəbul imtahanında hansı bacarıq daha çox bal gətirirsə, hazırlıq bazarı da vaxtını ora yönəldir. UNESCO-nun istinad etdiyi qiymətləndirməyə görə, 2023-cü ildə dünyada özəl əlavə hazırlıq bazarının həcmi təxminən 159 milyard ABŞ dollarına çatıb. Sözsüz ki, bu, tam rəsmi rəqəm deyil, çünki repetitorluq əksər ölkələrdə qeyri-rəsmi fəaliyyətdir və onun statistikası dəqiq aparılmır. Mənə görə, bu rəqəm real həcmi ən azı 2-3 dəfə az göstərir. Vaxtilə məhəllədə bir müəllimin evində bir neçə şagirdlə keçdiyi dərs bu gün bir çox ölkədə ailə büdcəsinə və uşağın gündəlik həyatına təsir edən bütöv bir təhsil sahəsidir.
Bu sahənin miqyasını görmək üçün inkişaf etmiş ölkələrə baxmaq kifayətdir. Cənubi Koreyada 2025-ci ildə məktəblilərin 56,5 faizi akademik fənlər üzrə özəl əlavə təhsil alıb. Təkcə riyaziyyat üzrə göstərici 47,4 faiz, ingilis dili üzrə isə 46,8 faiz olub. Yaponiya ilə bağlı OECD-nin təqdim etdiyi məlumatda isə 2018-ci ildə ibtidai sinif şagirdlərinin təxminən üçdəbirinin, orta məktəbin aşağı pilləsində oxuyanların isə yarısının “juku” adlanan özəl hazırlıq mərkəzlərinə getdiyi göstərilir. Bu mərkəzlərin bir qismi uşağa məktəb proqramını mənimsəməkdə kömək edir, bir qismi isə onu növbəti təhsil pilləsinin qəbul imtahanına hazırlayır. www.nypi.re.kr

Avropanın təcrübəsi də maraqlıdır. İngiltərə və Uelsdə 2025-ci ildə sorğuya qatılan 11–16 yaşlıların 29 faizi məktəb həyatı ərzində nə vaxtsa özəl hazırlıq aldığını bildirib. İyirmi il əvvəl bu göstərici 18 faiz idi. Amma həmin uşaqlardan məhz cari tədris ilində hazırlığa gedib-getmədikləri soruşulanda rəqəm 11 faizə enir.
İrlandiyada isə 2016-cı ildə dərc olunmuş tədqiqatda buraxılış imtahanı ilində olan 17–18 yaşlıların 49 faizi artıq ödənişli əlavə dərs alırdı. Rəqəmləri yanaşı oxuyanda uşağın hansı yaşda olduğunu və qarşıda hansı imtahanın dayandığını bilmək ölkənin adını bilmək qədər vacibdir.
Valideyn nə vaxt eyni dərsin pulunu ikinci dəfə ödəyir?
Dövlət məktəb saxlayır, müəllimə əməkhaqqı verir, dərslik hazırladır, binalar tikir. Valideynin “Bəs mən niyə axşam həmin fənnə bir də pul verməliyəm?” sualında ciddi ictimai məna var. Xüsusilə də övladı əlavə dərsə məktəb proqramının adi tələblərini yerinə yetirmək üçün gedirsə.
Avstriyada 2026-cı ildə keçirilmiş sorğunun bir nəticəsi bu sualı daha yaxşı izah edir. Valideynlər ödənişli hazırlıq hallarının 28 faizini mövzunun məktəbdə kifayət qədər öyrədilməməsi və ya dərsin baş tutmaması ilə əlaqələndiriblər. Avstriya Əmək Palatasının hesablamasına görə, ailələrin il ərzində əlavə dərslərə xərclədiyi 144 milyon avronun təxminən 40 milyonu valideynlərin məhz bu səbəblərlə izah etdiyi hazırlığın payına düşüb. Bu, valideynlərin öz qiymətləndirməsidir. Hər bir halda, bunu müəllimin işinə dair ayrıca verilmiş ekspert rəyi hesab etmək olmaz. Bununla belə, ailələrin öz xərclərinə necə yanaşdığını kifayət qədər aydın göstərir.
Bizim müəllimlərin yaxşı bildiyi bir vəziyyət var. Uşaq kəsrləri tam mənimsəməyib, sinif isə artıq tənliklərə keçib. Müəllim tənliyi lövhədə nə qədər aydın izah etsə də, şagird həllin ortasında ilişib qalır. Onun çətinliyi bugünkü dərsdən bir neçə həftə əvvəl başlayıb. Repetitor uşağın yanında oturub “Buraya qədər necə gəldin?” deyə soruşanda səhvin yerini tapa bilir. Bəzən valideynin satın aldığı ən qiymətli şey elə bu suala ayrılmış on beş dəqiqədir.

“Dərsi dərsdə öyrətmək” fikrinin mənim üçün mənası burada açılır. Müəllim mövzunu izah edib proqram üzrə irəliləyir. Məktəbin isə daha bir məsuliyyəti qalır – hansı uşağın həmin mövzunu öyrənə bilmədiyini vaxtında görmək və ona geriyə qayıtmaq imkanı yaratmaq. Əgər bu iş bütövlükdə axşama, evə və ailənin pul kisəsinə qalırsa, valideynin iradı əsaslıdır.
Yaxşı oxuyan uşağın repetitorla nə işi var?
Cənubi Koreyanın bir göstəricisi repetitorluğu yalnız məktəbdəki boşluqlarla izah etməyin çətinliyini göstərir. 2025-ci ildə yuxarı siniflərdə nəticəsinə görə ən yaxşı 10 faizə daxil olan şagirdlərin 73,8 faizi özəl əlavə təhsil alıb. Ən aşağı nəticə göstərən 20 faizlik qrupda isə bu göstərici 50,1 faiz olub. Bu məlumatdan yüksək balı repetitorun qazandırdığı nəticəsini çıxara bilmərik. Amma bir fakt aydındır – ən yaxşı oxuyanların da əlavə hazırlığa böyük tələbi var.
Tutaq ki, bir liseyin yüz boş yeri, həmin yerlərdə oxumağa hazır beş yüz namizədi var. Məktəblər beş yüz uşağın hamısına yaxşı təhsil verə bilər. Bununla belə, qəbul günü dörd yüz uşaq kənarda qalacaq. Çünki məktəbin qarşısında duran məsələ hər bir şagirdə öyrətməkdir, müsabiqənin qarşısında duran məsələ isə yerlərin sayı qədər namizəd seçməkdir.
Məktəb “Bu uşaq nə bilir?” sualına cavab axtarır. Valideyni isə imtahan ərəfəsində başqa bir sual da düşündürür – “Bildikləri onu ilk yüzlüyə salacaqmı?”

Elə buna görə də məktəbindən və müəllimindən razı olan valideyn də repetitor axtarır. Övladının mövzunu bilməsi ilə imtahan vaxtını düzgün bölməsi, sualın şərtini dəqiq oxuması və həyəcan içində səhvə yol verməməsi arasında məsafə var. İngiltərə və Uelsdə özəl hazırlıq almış şagirdlər arasında aparılan sorğuda 37 faiz konkret buraxılış imtahanında yaxşı nəticə göstərməyi, 35 faiz məktəb dərslərində ümumi kömək almağı, 24 faiz isə məktəbə qəbul imtahanına hazırlaşmağı hazırlığa getmək səbəbləri sırasında göstərib. Bir şagirdin bir neçə səbəb seçmək imkanı da olub. Deməli, bəzən hər iki ehtiyac elə eyni uşağın həyatında birləşir. dera.ioe.ac.uk
“Hamı gedirsə, mənim uşağım necə?”
Valideyn qərarını həmişə uşağın dəftərinə baxıb vermir. Bəzən başqa bir valideynlə beş dəqiqəlik söhbət kifayət edir. Dünənədək övladının nəticəsindən razı olan adam bu gün sinif yoldaşlarının bir neçəsinin hazırlığa başladığını eşidir və tərəddüd edir. Qarşıda vacib imtahan varsa, sonradan “Kaş mən də müəllim tutaydım” demək ehtimalı ona bu gün ödəyəcəyi puldan daha ağır görünə bilər. Mark Bray bu davranışın arxasında sosial rəqabəti görür. Hazırlığa gedənlərin sayı çoxaldıqca başqalarının da onlara qoşulmaq üçün səbəbi artır.

Sözsüz ki, bu yarışda bütün ailələrin imkanı eyni deyil. İrlandiya tədqiqatında eyni buraxılış imtahanına hazırlaşan şagirdlər arasında ən yüksək gəlirli ailələrin övladlarının 63 faizi, ən aşağı gəlirli ailələrin övladlarının isə 33 faizi pullu dərs alırdı. İki uşaq eyni gün eyni imtahan zalına daxil olur, eyni sualları cavablandırır, eyni meyarla qiymətləndirilir. Lakin onlardan birinin son bir ildə neçə saat fərdi izah aldığı, digərinin isə anlamadığı sualla neçə axşam tək qaldığı cavab vərəqində görünmür.
Məktəbin görməli olduğu uşaq
Bütün bunları deyərkən fərdi hazırlığın pedaqoji dəyərini də nəzərə almaq lazımdır. Böyük Britaniyanın Education Endowment Foundation təşkilatının araşdırmalar icmalına görə, məqsədyönlü fərdi tədris alan şagirdlər oxşar müqayisə qrupundakı yaşıdlarına nisbətən orta hesabla təxminən beş aylıq əlavə öyrənmə irəliləyişi göstəriblər. Bu nəticə araşdırılmış fərdi tədris proqramlarına aiddir. Gündəlik həyatda isə nəticə müəllimin bacarığından, uşağın konkret ehtiyacından və görülən işin keyfiyyətindən asılıdır. Eyni mövzunu səhər məktəbdə, axşam kursda bir də dinləmək uşağın çətinliyini öz-özünə həll etmir.

Maraqlıdır ki, əlavə dəstəyi məktəbin özü təşkil edəndə mənzərə dəyişə bilir. İngiltərə və Uelsdə Sutton Trust-ın sorğusuna əsasən, məktəb daxilində fərdi və ya kiçik qruplarla dəstək alanların payı dərslərində geri qalan şagirdlər arasında 27 faiz, yaxşı oxuyanlar arasında isə 18 faiz olub. Məktəbin əlində mühüm bir imkan var – o, əlavə dərsə ehtiyacı olan uşağı valideyn müəllim axtarmağa başlamamışdan əvvəl görə bilər.
Məncə, Azərbaycanda da bu mövzunu araşdıranda ilk sualımız “Neçə uşaq repetitora gedir?” olmalıdır, amma söhbəti orada bitirmək olmaz. Məktəb proqramını mənimsəmək üçün əlavə dərs alanlarla yüksək bal uğrunda hazırlaşanları ayrıca görməliyik. Sonra isə statistikada ən asan gözdən qaçan uşağı axtarmalıyıq – köməyə ehtiyacı olduğu halda ailəsinin imkanı çatmadığı üçün heç bir müəllimin qapısını döyə bilməyən uşağı.
Bir valideyn övladının daha irəli getməsi üçün əlavə müəllim seçə bilər. Başqa bir valideynin isə belə seçim etmək imkanı olmaya bilər. Dövlətin məktəbə ayırdığı vəsaitin mənası ən aydın şəkildə ikinci uşağın taleyində görünür. O, dərsdə anlamadığı məsələni sabah məktəbə gətirəndə qarşısında ona vaxt ayıracaq bir müəllim tapacaqmı? Mənim üçün məktəbin gücünü göstərən ən dürüst sual budur.
Kölgə təhsili böyüyürsə, məktəbi necə bir gələcək gözləyir?
Biz Azərbaycanda repetitorluqdan danışanda bəzən elə düşünürük ki, uşaq səhər məktəbə, günortadan sonra hazırlığa yalnız bizdə gedir. Halbuki Tokioda övladını hazırlıq mərkəzinə yazdıran, Londonda riyaziyyat müəllimi axtaran, Vyanada isə məktəbdə başa düşmədiyi mövzu üçün yenidən pul ödəyən valideynin qayğısı Bakıdakı valideynə çox tanış gələr. Ölkələrin təhsil ənənələri, imtahanları, hətta valideynin müəllimdən gözləntisi də fərqlidir. Bununla belə, kölgə təhsili dünya miqyasında genişlənməkdə davam edir. Deməli, məsələni təkcə Azərbaycan məktəbinin nöqsanları ilə izah etmək bizi yanlış qənaətə gətirər.
Mənim qənaətim budur ki, orta məktəbin bu gün tanıdığımız forması öz dövrünü başa vuracaq. Eyni yaşda uşaqları bir sinfə toplayır, onlara eyni mövzunu öyrənmək üçün eyni vaxtı veririk, sonra da hamısını eyni gündə yoxlayırıq. Halbuki bir şagirdə mövzunu qavramaq üçün daha bir izah, digərinə isə artıq qavradığı mövzuda daha çətin bir məsələ lazımdır. Hər ikisi özünə lazım olan dərsi məktəbdən sonra axtarırsa, məktəbin quruluşuna kökündən baxmağın vaxtıdır. Axı uşağın gününü iki yerə bölən bu qaydanı nə qədər davam etdirə bilərik? Səhər məktəbin cədvəli ilə oxusun, axşam isə öz ehtiyacına uyğun öyrənməyə başlasın?
İvan İlliçin hələ 1971-ci ildə yazdığı “Məktəbsiz cəmiyyət” əsərində qaldırdığı sual bu mənzərə qarşısında yenidən aktuallaşır. İlliç insanın dərsdə iştirak etməsi ilə öyrənməsini, sinifdən-sinfə keçməsi ilə təhsil almasını, diplomu ilə bacarığını eyniləşdirməyimizi tənqid edirdi. O, öyrənmək istəyən insanın ehtiyac duyduğu biliyə, həmin biliyi bölüşə bilən adama və onunla birlikdə öyrənmək istəyən başqalarına sərbəst çıxışını nəzərdə tuturdu. Burada qəribə bir ziddiyyət də var. Uşaq məktəbdən çıxıb axşam eyni proqramı, eyni imtahan naminə başqa bir otaqda təkrar edirsə, məktəbin qaydaları onun ardınca ora da gedib. İlliçin düşüncəsi bizi daha dərindən baxmağa çağırır. Uşağa harada, kimdən və hansı yolla daha yaxşı öyrəndiyini müəyyənləşdirmək üçün nə qədər imkan veririk? learning.media.mit.edu
Mən məktəbin gələcəyini düşünəndə ilk növbədə onun vaxt bölgüsünü dəyişərdim. Müəllimin həftəlik işində mövzunu çatdırmaqla yanaşı, uşağın harada çətinlik çəkdiyini müəyyənləşdirmək və onunla ayrıca işləmək üçün də vaxt olmalıdır. Şagird günün bir hissəsində sinif yoldaşları ilə, başqa bir hissəsində isə ehtiyacına uyğun kiçik qrupda çalışa bilməlidir. Mövzunu tez qavrayan uşağın da növbəti dərsi gözləmədən irəliləmək imkanı olmalıdır. Bir də qəbul sisteminə baxmalıyıq. İmtahanın tələb etdiyi hazırlıqla məktəbin verdiyi təhsil arasındakı məsafə böyüdükcə ailələr o məsafəni öz hesablarına qət edəcəklər.
Məktəbdənkənar təhsil uşağın gələcəyində bu qədər mühüm yer tutursa, qarşımızda ciddi qərarlar var. Onlardan ən vacibi fərdi öyrənmə imkanını ailənin gəlirindən nə dərəcədə asılı saxlayacağımızdır. Mən müəllim kimi istəyirəm ki, dərsin sonunda “Başa düşmədim” deyən uşaq da, “Bunu öyrəndim, bəs sonra?” deyə soruşan uşaq da cavabını elə məktəbdə tapa bilsin. Orta məktəbin indiki formasından sonrakı gələcək modelini qurmağa bu iki uşağı dinləməklə başlamaq olar.

Şəmil Sadiq
Filologiya üzrə fəlsəfə doktoru, dosent


Şərhlər