Menu

PENSİYAÇILAR ÜÇÜN ƏN YAXŞI ŞƏRAİT HANSI ÖLKƏLƏRDƏDİR? - İlk 25 ölkənin SİYAHISI

10.11.2026, 16:04
PENSİYAÇILAR ÜÇÜN ƏN YAXŞI ŞƏRAİT HANSI ÖLKƏLƏRDƏDİR? - İlk 25 ölkənin SİYAHISI

İnsanların pensiya yaşına çatdıqdan sonra necə yaşayacağı, hansı sosial təminat imkanlarından yararlanacağı və gündəlik ehtiyaclarını nə dərəcədə rahat qarşılayacağı ölkələrin iqtisadi və sosial inkişaf səviyyəsindən asılıdır. Bəzi dövlətlərdə yaşlı insanlar yüksək pensiya təminatı, əlçatan səhiyyə xidmətləri və sosial müdafiə mexanizmləri sayəsində daha rahat həyat sürürlər. Digər ölkələrdə isə inflyasiya, yaşayış xərclərinin artması, aşağı pensiyalar və səhiyyə xidmətlərinin bahalığı pensiya dövrünü çətinləşdirir.

Xüsusilə son illərdə dünya üzrə əhalinin yaşlanması, dövlət borclarının artması və inflyasiya pensiya sistemləri qarşısında yeni problemlər yaradıb. Bir çox ölkədə pensiya yaşına çatan insanların sayının artması dövlət büdcəsinə düşən yükü də artırır. Bu şəraitdə pensiya təminatının dayanıqlılığı və yaşlı əhalinin həyat səviyyəsi daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib.

“Natixis Investment Managers” şirkətinin “CoreData Research” ilə birgə hazırladığı 2026-cı il Qlobal Pensiya İndeksində (Global Retirement Index) dünyanın 44 ölkəsində pensiya dövründə təhlükəsizlik və rifah səviyyəsi qiymətləndirilib.

Araşdırma zamanı ölkələr dörd əsas istiqamət üzrə müqayisə edilib: səhiyyə xidmətlərinin əlçatanlığı və keyfiyyəti, pensiya dövründə maliyyə təminatı, maddi rifah və həyat keyfiyyəti. 

Ümumilikdə 18 göstərici əsasında hazırlanan indeksdə ölkələrin yekun nəticələri faizlə ifadə olunub. Reytinqin nəticələrinə görə, Norveç ardıcıl ikinci ildir ki, dünyanın pensiyaçılar üçün ən əlverişli ölkəsi seçilib. İlk beşlikdə İrlandiya, Niderland, İsveçrə və Danimarka da yer alıb. Ümumilikdə ilk onluğun 9-u Avropa ölkələridir. Avropa qitəsindən kənarda ilk onluğa daxil olan yeganə dövlət isə Avstraliyadır.

Bununla belə, yüksək pensiya təminatı olan ölkələrdə yaşayış xərcləri də kifayət qədər yüksəkdir. Məsələn, İsveçrə və İslandiyada bir nəfərin aylıq yaşayış xərcləri 3-4 min dolları ötür. Digər tərəfdən, Çexiya, Sloveniya və Polşa kimi ölkələrdə bu göstərici daha aşağıdır.

“Visual Capitalist” nəşrinin “Natixis” indeksinin nəticələri və “Numbeo”nun yaşayış xərcləri məlumatları əsasında hazırladığı müqayisədə bir nəfərin şəhər mərkəzində birotaqlı mənzil kirayələməsi də nəzərə alınıb. Şəxsi səhiyyə xərcləri və vergilər isə hesablamaya daxil edilməyib. 

Həmin araşdırmaya əsasən, 2026-cı ildə pensiya təminatı və yaşayış xərcləri baxımından ilk 25 ölkənin siyahısı belədir:

- Norveç – pensiya indeksi 83 faiz, aylıq yaşayış xərci 2 935 dollar;

- İrlandiya – 81 faiz, 2 942 dollar;

- Niderland – 79 faiz, 2 827 dollar;

- İsveçrə – 79 faiz, 3 717 dollar;

- Danimarka – 78 faiz, 2 369 dollar;

- Avstraliya – 77 faiz, 2 750 dollar;

- Almaniya – 75 faiz, 2 023 dollar;

- Lüksemburq – 75 faiz, 3 261 dollar;

- İslandiya – 75 faiz, 4 118 dollar;

- Çexiya – 75 faiz, 1 678 dollar;

- Sloveniya – 73 faiz, 1 668 dollar;

- Yeni Zelandiya – 73 faiz, 2 050 dollar;

- Sinqapur – 72 faiz, 4 232 dollar;

- Malta – 72 faiz, 2 085 dollar;

- Böyük Britaniya – 72 faiz, 2 465 dollar;

- Belçika – 71 faiz, 2 076 dollar;

- İsrail – 71 faiz, 2 910 dollar;

- Avstriya – 70 faiz, 2 187 dollar;

- Polşa – 70 faiz, 1 487 dollar;

- Cənubi Koreya – 69 faiz, 1 702 dollar;

- Kanada – 69 faiz, 2 333 dollar;

- İsveç – 69 faiz, 1 933 dollar;

- Kipr – 68 faiz, 1 989 dollar;

- ABŞ – 68 faiz, 2 845 dollar;

- Yaponiya – 67 faiz, 1 428 dollar.

Reytinqdə ən yüksək mövqedə qərarlaşan Norveçdə bir nəfərin aylıq yaşayış xərci təxminən 2 935 dollar təşkil edir. Bununla belə, ölkə səhiyyə, həyat keyfiyyəti və maddi rifah üzrə yüksək nəticələrinə görə ümumi sıralamada liderdir. Diqqət çəkən məqamlardan biri də İslandiya və Sinqapurda yaşayış xərclərinin yüksək olmasıdır. Belə ki, İslandiyada aylıq xərc 4 118 dollar, Sinqapurda isə 4 232 dollar səviyyəsində qiymətləndirilir. Bu göstəricilər həmin ölkələrin pensiya reytinqindəki yüksək mövqelərinə baxmayaraq, gündəlik həyatın kifayət qədər baha olduğunu göstərir.

Digər tərəfdən, Polşa 19-cu yerdə qərarlaşıb. Ölkədə bir nəfərin aylıq yaşayış xərci təxminən 1 487 dollar hesablanıb. Bu, ilk 25-likdəki dövlətlər arasında ən aşağı göstəricilərdən biridir. Çexiyada isə aylıq xərc 1 678 dollar təşkil edir. ABŞ reytinqdə 24-cü yerdə qərarlaşıb. Ölkənin pensiya indeksi 68 faizdir. ABŞ-da bir nəfərin aylıq yaşayış xərci isə 2 845 dollar səviyyəsində qiymətləndirilir. Ölkənin mövqeyinin zəifləməsinə pensiya dövründə maliyyə təminatı, dövlət borcu və inflyasiya ilə bağlı problemlər təsir edib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol