Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşaya səfəri və Prezident İlham Əliyevlə görüşü regionun siyasi gündəmində diqqətçəkən hadisələrdən biri oldu. Son dövrlər Bakı-Ankara münasibətlərində müəyyən gərginlik yarandığına dair müzakirələr fonunda bu görüş iki ölkənin strateji müttəfiqliyinin davam etməsinin mühüm mesajı kimi qiymətləndirilir. Eyni zamanda, liderlərin açıqlamalarında gələcək əməkdaşlığın prioritet istiqamətləri də diqqət çəkib. Bəs Ərdoğanın Şuşa səfəri hansı siyasi dairələrə və regional aktorlara mesaj verdi? Bu görüş Bakı-Ankara münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilərmi?
Mövzunu "Azpolitika"ya şərh edən politoloq Züriyyə Qarayeva bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın məhz 8 Noyabr "Zəfər Günü"ndə Şuşaya səfər etməsi və Prezident İlham Əliyevlə görüşü həm siyasi, həm də rəmzi baxımdan mühüm əhəmiyyət daşıyır:
"İlk növbədə, bu səfər son dövrlərdə Bakı ilə Ankara arasında müəyyən məsələlər ətrafında yaranan fikir ayrılıqlarının iki ölkənin strateji müttəfiqliyinə xələl gətirməyəcəyini nümayiş etdirdi. Burada əsas mesaj həm Azərbaycan və Türkiyə daxilində münasibətləri gərginləşdirməyə çalışan dairələrə, həm də regionda iki ölkə arasında ziddiyyətlərin dərinləşməsində maraqlı olan xarici qüvvələrə ünvanlanıb. Şuşanın seçilməsi də təsadüfi deyil. Çünki Şuşa yalnız Azərbaycanın tarixi qələbəsinin rəmzi deyil, eyni zamanda 2021-ci ildə imzalanan "Şuşa Bəyannaməsi" ilə rəsmiləşən Azərbaycan–Türkiyə müttəfiqliyinin siyasi simvoludur. Prezidentlərin birlik və qardaşlığın sarsılmazlığı barədə bəyanatları göstərdi ki, Bakı–Ankara münasibətləri ayrı-ayrı siyasi fikir ayrılıqlarından daha geniş strateji maraqlara əsaslanır. Bununla belə, görüşü bütün fikir ayrılıqlarının tam aradan qalxması kimi deyil, onların dövlətlərarası münasibətlərin ümumi istiqamətini müəyyənləşdirməsinə imkan verilməyəcəyi barədə güclü siyasi iradənin nümayişi kimi qiymətləndirmək daha doğru olardı".

Politoloqun sözlərinə görə, görüşün ikinci mühüm tərəfi regional və beynəlxalq aktorlara verilən geosiyasi mesajlarla bağlıdır:
"Xüsusilə, Ermənistan üçün əsas mesaj ondan ibarətdir ki, Cənubi Qafqazda formalaşan yeni reallıqların əsas təminatçılarından biri olan Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı dəyişməz qalır. Rusiya və İran üçün isə bu səfər regionun təhlükəsizlik arxitekturasında Türkiyənin iştirakının müvəqqəti deyil, uzunmüddətli xarakter daşıdığını bir daha nümayiş etdirdi. Eyni zamanda, görüşün iki əsas prioritetini fərqləndirmək mümkündür. Birincisi, Azərbaycan–Türkiyə siyasi və təhlükəsizlik müttəfiqliyinin qorunması, ikincisi isə Cənubi Qafqazda davamlı sülhün, regional kommunikasiyaların və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi. Ərdoğanın Azərbaycanın sülh səylərinə açıq dəstək verməsi də göstərir ki, Ankara regionda yeni mərhələnin formalaşmasında Bakı ilə koordinasiyalı siyasət yürütmək niyyətindədir. Bu səfər həm də Qərb dövlətlərinə Azərbaycan və Türkiyənin regional proseslərdə müstəqil qərarvermə imkanlarına malik, bir-birini tamamlayan iki mühüm siyasi aktor olduğu mesajını verdi. Nəticə etibarilə, Şuşa görüşünün əsas siyasi mahiyyəti ondan ibarətdir ki, Bakı ilə Ankara arasında taktiki fikir ayrılıqları mümkün olsa da, strateji müttəfiqlik hər iki dövlətin uzunmüddətli milli maraqlarının ayrılmaz hissəsidir".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər