Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş vermiş güclü partlayışla bağlı acı xəbərlər gəlməkdə davam edir.
"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Valiliyi ölənlərin sayının artdığını bəyan edib.
Son rəsmi məlumatlara görə, axtarış-xilasetmə tədbirləri zamanı dağıntılar altından daha 3 işçinin cəsədi tapılıb və bununla da həyatını itirənlərin sayı 6 nəfərə yüksəlib.
Meydana gələn fəlakət nəticəsində 3-ünün vəziyyəti ağır olmaqla 13 fəhlə yaralanıb və onlar xəstəxanalarda ciddi nəzarət altında saxlanılır. Partlayış səbəbindən zavod konstruksiyasının çökməsi nəticəsində daha 8 işçinin hələ də dağıntılar altında qaldığı bildirilir.
Xatırladaq ki, ilkin araşdırmalara görə, hadisə maye polad tökmə prosesi zamanı yüksəklikdəki tavan kranının qoparaq elektrik-qövs sobasının içinə düşməsi nəticəsində baş verib.
Prokurorluq tərəfindən başladılan cinayət işi çərçivəsində araşdırmalar davam etdirilir.
"AzPolitika.info"


Şərhlər