Menu

"Rosneft" yanacaq satışına məhdudiyyət toyur - Bölgələrdə limitlər tətbiq olunur

09.11.2026, 15:09
"Rosneft" yanacaq satışına məhdudiyyət toyur - Bölgələrdə limitlər tətbiq olunur

Rusiyanın neft nəhəngi "Rosneft" yanacaqdoldurma məntəqələrində (YDM) benzin və dizel yanacağının satışına yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Yerli medianınməlumatına görə, hazırda bu məhdudiyyətlər Kareliya, Buryatiya, Zabaykal diyarı və Novosibirsk vilayətini əhatə edib.

Mövcud qaydalara əsasən, həmin regionların əksəriyyətində şəhər daxilindəki "Rosneft" yanacaqdoldurma məntəqələrində bir sürücüyə 30 litrədək, magistral yollarda isə 50 litrədək benzin buraxılır. Bəzi vilayətlərdə həmçinin dizel yanacağının satışına da müəyyən limitlər qoyulub.

"Kommersant" qəzeti xəbər verir ki, analoji məhdudiyyətlər Krasnoyarsk diyarında da tətbiq olunub. Belə ki, bir aliciyə 30 litr Aİ-95, 50 litr Aİ-92 benzini satılır, dizel yanacağının limiti isə 100 litr müəyyənləşdirilib. Zabaykal diyarının İqtisadi İnkişaf Nazirliyi "Maks" mesencerindəki açıqlamasında "Rosneft"in yanacaq satışına dair məhdudiyyətləri "ölkənin bütün regionlarında" tətbiq etdiyini bildirib.

Yanacaq bazarındakı bu gərginlik fonunda Rusiya neft emalı müəssisələri pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalmağa davam edir. Son hücumlardan biri nəticəsində "Kirişinefteorgsintez" zavodunda yanğın baş verib.

"Agentlik" nəşrinin hesablamalarına görə, oktyabrın 30-dan etibarən "Rosneft"ə məxsus dörd neft emalı zavodu Ukrayna PUA-larının hücumuna məruz qalıb:

-Samara vilayətindəki Novokuybışevsk NEMZ

-Ufadakı "Başneft-Novoyl"

-Ryazan NEMZ

-"Rosneft" və "Qazpromneft"in birgə müəssisəsi olan Yaroslavldakı "Slavneft-YANOŞ"

Oktyabrın sonunda "Bloomberg" agentliyi mənbələrə istinadən yazmışdı ki, "Rosneft" rəhbərliyi müharibənin şirkətin biznesinə ciddi ziyan vurduğundan narahatlığını ifadə edib.

Qeyd edək ki, Rusiyada dizel yanacağının ixracına 30 yanvar 2027-ci ilə qədər rəsmi qadağa qüvvədədir. Lakin Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Trampın bağladıqları "dizel sazişi" çərçivəsində bəzi istisnalar edilib. Bu razılaşmaya əsasən, Moskva Amerika və dünya bazarlarına dizel yanacağı tədarük edəcək. Bunun üçün Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaları yumşaldaraq, Rusiya mənşəli dizel yanacağı ilə əməliyyatlara 7 aprel 2027-ci il tarixinədək icazə verən baş lisenziya verib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol