Azərbaycanda aliment məbləğinin artırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Təşəbbüs uşaqların maddi təminatının yaxşılaşdırılması baxımından zəruri hesab olunsa da, bəzi mütəxəssislər bunun boşanma qərarlarına və ailə münasibətlərinə mümkün təsirlərini gündəmə gətirirlər. Xüsusilə, boşanmaların sayının artdığı indiki şəraitdə aliment ödənişlərinin yüksəldilməsinin hansı nəticələrə səbəb ola biləcəyi maraq doğurur. Bəs alimentin artırılması boşanmaların sayına təsir göstərə bilərmi? Uşaqların sosial müdafiəsi ilə aliment ödəyən valideynlərin maddi imkanları arasında balans necə qorunmalıdır?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, aliment məbləğinin artırılması boşanmaların sayının çoxalması və ya azalması ilə əlaqədar deyil:
"Əgər yaşam xərcləri artırsa, deməli uşaq üçün nəzərdə tutulan xərclər də yüksəlir. Bu əsasla da gəlirlərin yüksəlməsi fonunda aliment məbləği də artırılır. Əksər vaxtlar tərəflər, xüsusilə də aliment ödəyən valideyn məbləğin artırılmasını onun birbaşa maliyə yükünün yüksəlməsi kimi qiymətləndirsə də, bu, doğru yanaşma deyil. Nəzərə almaq lazımdır ki, bu məbləğ ildə 1 dəfə artırılır .Lakin bazar və vitrindəki qiymətlər isə mütəmadi olaraq dəyişə bilər. Başqa sözlə, uşağın gündəlik ehtiyaclarının dəyəri mütəmadi yüksəldiyi halda, aliment məbləğinin dəyişməsi daha məhdud dövrdə baş verir. Bu isə bəzi hallarda uşağın real yaşayış xərcləri ilə ona ödənilən vəsait arasında fərqin yaranmasına gətirib çıxara bilər".

İqtisadçının sözlərinə görə, aliment məsələsində tərəflər arasında yaranan narazılıqların azaldılması üçün alternativ maliyyə mexanizmlərinin tətbiqi də müzakirə oluna bilər:
"Məsələn, aliment vəsaitinin xüsusi bank hesabına köçürülməsi və həmin hesaba dövlət tərəfindən illik 20 faiz həcmində əlavə dəstəyin göstərilməsinin daha məqsədəuyğun model kimi təqdim edilməsi mümkündür. Belə bir mexanizm uşağın gələcək ehtiyacları üçün əlavə vəsaitin formalaşmasına, eyni zamanda aliment ödəyən valideynin üzərinə düşən maliyyə yükünün müəyyən qədər balanslaşdırılmasına imkan yarada bilər. Mütəxəssisin qənaətinə görə, aliment siyasətində əsas diqqət valideynlər arasındakı münasibətlərdən daha çox uşağın mənafeyinə yönəlməlidir. Belə ki, həm uşağın layiqli yaşayışı təmin edilməli, həm də valideynlərin real maddi imkanları nəzərə alınmalıdır".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər