Menu

ŞƏHƏRDƏ QANUNSUZ ZƏBT... - Səkilər niyə obyektlərin ərazisinə çevrilir?

07.11.2026, 10:24
ŞƏHƏRDƏ QANUNSUZ ZƏBT... - Səkilər niyə obyektlərin ərazisinə çevrilir?

Şəhər ərazilərində bəzi mağaza və obyektlərin qarşısındakı səkilərin özbaşına genişləndirilməsi, piyadaların hərəkət zolağının müxtəlif əşyalar və qurğularla zəbt edilməsi halları müşahidə olunur. 

Bu cür müdaxilələr insanların sərbəst hərəkətinə mane olmaqla yanaşı, xüsusilə yaşlıların, uşaqların və hərəkət məhdudiyyətli şəxslərin təhlükəsizliyi üçün də risk yaradır. Bəzi obyekt sahibləri səkiləri faktiki olaraq öz istifadələrinə keçirərək ictimai məkanın təyinatını dəyişirlər. Halbuki səkilər bütün piyadaların sərbəst və maneəsiz hərəkəti üçün nəzərdə tutulub. 

Mağaza və digər obyekt sahiblərinin səkiləri özbaşına genişləndirməsi və piyadaların hərəkət zolağını zəbt etməsi qanunvericiliklə hansı məsuliyyəti yaradır? Belə qanunsuz müdaxilələrin qarşısının alınmasına hansı qurumlar nəzarət etməli və zəbt olunmuş səkilərin əvvəlki vəziyyətinə qaytarılması necə təmin edilməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafazadə bildirib ki, son vaxtlar şəhərdə fəaliyyət göstərən bəzi mağaza, dükan, market, xüsusilə də kafe və restoranların yerləşdikləri ərazilərin qarşısındakı səkiləri və boş sahələri müxtəlif üsullarla zəbt etməsi halları müşahidə olunur.

Onun sözlərinə görə, bəzi obyektlər həmin əraziləri hasara almaqla, digərləri isə müxtəlif qurğular yerləşdirməklə öz fəaliyyət sahələrini genişləndirirlər: "Bu cür hallar vətəndaşların sərbəst hərəkətinə ciddi maneələr yaradır, piyadaların gediş-gəlişini çətinləşdirir, bəzi hallarda isə nəqliyyat vasitələrinin hərəkət imkanlarını da məhdudlaşdırır. Araşdırmalar zamanı belə zəbt hallarının bir çoxunun müvafiq rəsmi sənədlər və icazələr olmadan həyata keçirildiyi üzə çıxa bilər".

R.Mustafazadə qeyd edib ki, bu məsələdə əsas problemlərdən biri də aidiyyəti qurumların məsuliyyət bölgüsü ilə bağlı qeyri-müəyyənliyin olmasıdır: "Belə ki, sözügedən torpaq sahələrinin bir hissəsi bələdiyyələrin mülkiyyətində olsa da, həmin ərazilərdən səki və yol keçdiyi təqdirdə, yolun və səkinin qorunması, zəbt hallarının qarşısının alınması istiqamətində müvafiq icra qurumlarının da səlahiyyətləri və öhdəlikləri yaranır".

Hüquqşünasın fikrincə, bu cür qanunsuz halların qarşısının alınması üçün həm yerli bələdiyyələr, həm də icra hakimiyyəti orqanları əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər: "Lakin bəzi kafe və restoranların uzun müddət ərzində zəbt etdikləri ərazilərdə fəaliyyətlərini davam etdirməsi, hətta müvafiq sənədlərin mövcudluğu təsdiqlənmədiyi hallarda belə, aidiyyəti qurumların bu məsələlərə lazımi diqqət yetirmədiyi və ciddi tədbirlər görmədiyi barədə suallar yaradır".

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol