Menu

BAL BAZARINDA GÖRÜNMƏYƏN TƏHLÜKƏ... - İstehlakçı necə aldadılır? + AÇIQLAMA

06.11.2026, 09:14
BAL BAZARINDA GÖRÜNMƏYƏN TƏHLÜKƏ... - İstehlakçı necə aldadılır? + AÇIQLAMA

Balın keyfiyyəti və təbiiliyi istehlakçıların diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bazarlarda və satış məntəqələrində müxtəlif qiymətlərə təklif olunan bal məhsullarının hamısının təbii olması ilə bağlı suallar yaranır. Xüsusilə saxta balın müəyyən edilməsi, məhsulların laborator müayinədən keçirilməsi və satışa nəzarət mexanizmləri aktuallığını qoruyur. 

İstehlakçı aldığı balın təbii və keyfiyyətli olduğunu necə müəyyən edə bilər? Azərbaycanda bal məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nə dərəcədə ciddi nəzarət olunur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında “Balçı” ailə biznesinin yaradıcısı, Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı bildirib ki, istehlakçının aldığı balın keyfiyyətini hər dəfə müstəqil şəkildə yoxlatdırması o qədər də asan deyil. Çünki bal gündəlik deyil, adətən ildə bir neçə dəfə alınan məhsuldur. 

Bununla belə, onun sözlərinə görə, balın keyfiyyətini müəyyən etməyin ən etibarlı yolu laborator müayinədən keçirməkdir: “İstehlakçı balı daim eyni istehsalçıdan alırsa, həmin məhsulu ən azı bir dəfə laboratoriyada yoxlatdırması məqsədəuyğun olar. Azərbaycanda balın keyfiyyətini yoxlayan həm dövlət, həm də özəl laboratoriyalar fəaliyyət göstərir. Lakin laborator müayinədən kənar verilən rəylərin obyektivliyinə etibar etmək çətindir. Müasir dövrdə saxta balın müəyyənləşdirilməsi laboratoriyalar üçün də mürəkkəb prosesə çevrilib. Çünki saxtakarlıq üsulları daim dəyişir, istehsalçılar isə təbii balın tərkibinə və xüsusiyyətlərinə bənzər süni məhsullar hazırlamağa çalışırlar. Xüsusilə inkişaf etmiş ölkələrdə saxta bal istehsalının daha mürəkkəb üsulları tətbiq olunur. Bir tərəfdən təbii bala mümkün qədər oxşar süni məhsullar hazırlanır, digər tərəfdən laboratoriyalar həmin məhsulların saxta olduğunu müəyyənləşdirmək üçün yeni analiz üsulları üzərində işləyirlər”.

Ekspert Azərbaycanda rast gəlinən saxtakarlıq üsullarından da danışıb. Bildirib ki, bəzi hallarda arılara təbii nektarla yanaşı, şəkər şərbəti də verilir: “Arılar bu şərbəti emal edərək suyun bir hissəsini buxarlandırır və nəticədə balabənzər məhsul əldə olunur. Belə məhsulun tərkibində təbii balın payı az, şəkər mənşəli komponentlərin miqdarı isə yüksək ola bilər. Burada əsas məsələ məhsulun tərkibinin istehlakçıdan gizlədilməsidir. Əgər istehsalçı məhsulun təbii bal olmadığını, yaxud tərkibində şəkər mənşəli əlavələrin olduğunu açıq şəkildə bildirirsə, bu, saxtakarlıq sayılmamalıdır. Saxtakarlıq məhsulun üzərində onun təbii bal kimi təqdim edilməsi, arı və bal təsvirləri ilə alıcının aldadılmasıdır. Məqsəd isə daha ucuz başa gələn məhsulu təbii bal adı ilə daha baha qiymətə satmaq və istehlakçını yanlış məlumatlandırmaqdır”.

Assosiasiya rəsmisi bu sahədə dövlət qurumlarının, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) üzərinə ciddi məsuliyyət düşdüyünü vurğulayıb. 

Onun fikrincə, istehlakçı hər dəfə aldığı balın keyfiyyətini özü yoxlatdırmaq məcburiyyətində qalmamalı, bazarda satılan məhsullar üzərində effektiv nəzarət təmin edilməlidir: “Laboratoriya rəylərinə və sertifikatlara ictimai etimadın artırılması vacibdir. Bəzən istehlakçılar təqdim olunan sənədlərə də şübhə ilə yanaşır, onların asanlıqla əldə oluna biləcəyini düşünürlər. Bu isə laboratoriyaların və nəzarət qurumlarının fəaliyyətinə ictimai etimad məsələsini gündəmə gətirir. İstər dövlət, istərsə də özəl laboratoriyalar apardıqları yoxlamaların nəticələrinin arxasında dayanmalı, verdikləri rəylərin etibarlılığını sübut etməlidirlər. AQTA və digər aidiyyəti qurumlar da həm yerli bazarda satılan, həm də idxal-ixrac əməliyyatlarında iştirak edən məhsulların yoxlanılmasına ciddi yanaşmalıdırlar”.

Elvin Bayramlı xüsusilə sosial şəbəkələrdə, o cümlədən “TikTok” platformasında reklam edilən ballara peşəkar arıçıların şübhə ilə yanaşdığını deyib: “Bal satışında müəyyən dövrlərdə endirim və kampaniyaların keçirilməsi normaldır. Məsələn, arıçı mövsüm ərzində əldə etdiyi məhsulun bir hissəsini sata bilmədikdə, anbarında qalan balı daha aşağı qiymətə təklif edə bilər. Ramazan və Novruz bayramları kimi xüsusi dövrlərdə də müştəri cəlb etmək, məhsul ehtiyatını azaltmaq və alıcılara güzəşt etmək məqsədilə endirimlər mümkündür. Ancaq ilboyu fasiləsiz şəkildə “bir alana biri hədiyyə”, “bir kilo alana əlavə məhsul verilir” kimi kampaniyaların keçirilməsi ciddi şübhələr yaradır. Çünki balın istehsalı, qablaşdırılması və çatdırılması müəyyən xərc tələb edir. Məhsulun qiyməti hesablanarkən qablaşdırma, daşınma və digər xərclər də nəzərə alınmalıdır. Buna görə də təbii balın maya dəyərindən xeyli aşağı qiymətə və davamlı kampaniyalarla satılması iqtisadi baxımdan suallar doğurur”.

Bayramqabağı və ya mövsüm sonu endirimlərini başadüşülən hesab edən ekspert bu cür kampaniyaların ilboyu davam etməsini normal qarşılamadığını qeyd edib: “Peşəkar arıçılar belə satış təkliflərinə ehtiyatla yanaşır və həmin məhsulların təbii bal olduğuna şübhə edirlər. Bazarda saxta balın yayılmasında yalnız məhsulun istehsalı deyil, satış mərhələsi də mühüm rol oynayır. Bəzi satıcılar ucuz və keyfiyyətsiz balı əldə edərək onu müxtəlif üsullarla təqdim edir, məhsulun tərkibi və mənşəyi barədə alıcılara yanlış məlumat verirlər. Belə hallarda istehlakçının aldadılması riski artır”.

E.Bayramlı peşəkar arıçılarla sosial şəbəkələrdə bal satan bəzi şəxslər arasında ünsiyyət qurmaq cəhdlərinin də nəticəsiz qaldığını bildirib. Onun sözlərinə görə, arıçılar bu cür satış üsullarının yanlış olduğunu izah etməyə, satıcılara məsləhət verməyə çalışsalar da, çox vaxt qarşı tərəf tənqidə açıq olmur: “Bal bazarında şəffaflığın təmin olunması, istehlakçıların aldadılmasının qarşısının alınması və keyfiyyətə ictimai etimadın artırılması üçün həm nəzarət mexanizmləri gücləndirilməli, həm də peşəkar arıçıların təcrübəsindən daha geniş istifadə edilməlidir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol