Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə onlayn seçkilər keçirilə biləcəyinin anonsunu verib. Zelenski bunu mümkün saydığını bəyan edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna başçısı ZDF-ə verdiyi müsahibədə Kiyevin seçki ilə bağlı konkret addımlar atmağa hazır olduğunu deyib.
"Onlayn seçkilərin keçirilməsini nəzərdən keçirə bilərik. Bu mümkündür, amma parlament bir həll yolu tapmalı olacaq", - deyə Zelenski bildirib.
Eyni zamanda, Ukrayna Prezidenti qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri səs verə bilmədikləri üçün seçkilərin keçirilməsinə qarşıdırlar.
"Milyonlarla insan səngərlərdədir və texniki olaraq biz onlar üçün səsvermə təşkil edə bilmərik. Əsgərlərin səs verə bilmədiyi zaman seçkilərin keçirilməsi ədalətsizdir. Bu, 100% ədalətsizdir", - deyə Zelenski əlavə edib.
Ukrayna lideri bəyan edib ki, Vaşinqton Moskva ilə atəşkəs barədə razılığa gələ bilsə, qışda seçkilər keçirməyə hazırdır: "Mən amerikalılara dedim: ruslarla qışda atəşkəs barədə razılığa gələ bilərsiniz. O zaman insanların işığı və suyu olacaq. Həmin müddətdə seçki də keçirə bilərik - əgər ABŞ-də hamı mənim dəyişdirilməyimi istəyirsə. Mümkündür ki, indi vəziyyət dəyişəcək. O zaman bu, mümkündür. Yəni ki, şans var”.
Əlavə edək ki, daha əvvəl Zelenski seçki üçün ən azı 60 günlük atəşkəsə ehtiyac olduğunu bəyan etmişdi. Bu dəfə isə konkret vaxt tələbi qoymur.
Qeyd edək ki, xüsusilə də Rusiyada bir çoxları Ukraynadakı müharibəyə son qoyulmasının əsas şərtlərindən biri kimi Zelenskinin devrilməsini göstərirlər. Lakin buna nail olmaq üçün seçkidən başqa yol yoxdur. Çünki indiyə qədər istifadə edilən digər vasitələr, o cümlədən sui-qəsdlər heç bir nəticə verməyib. Seçki keçirmək üçünsə atəşkəsə ehtiyac var, lakin Rusiya buna razılıq vermir. Üstəlik, Zelenskinin reytinqi, idarəçilikdəki bütün çatışmazlıqlara baxmayaraq, hələ də yüksək olaraq qalır. Bu isə o deməkdir ki, seçki keçirilsə belə, Zelenskinin qalib gəlməsi və hakimiyyətdə qalması ehtimalı var. Odur ki, seçki keçiriləcəyi təqdirdə Zelenskinin kənarlaşdırılması yualnız o zaman tam təmin olunar ki, o özü seçkidə iştirakdan imtina etsin. Lakin Zelenski bundan öncə dəfələrlə deyib ki, müharibə tam başa çatmayınca qətiyyən postundan getmək, yaxud mümkün seçkidə iştirak etməmək fikrində deyil.
ABŞ administrasiyasının mövqeyinə gəlincə, orada bu məsələyə münasibət birmənalı deyil. Donald Tramp, C.D.Vens və digərlərinin Zelenskinin getməsinin tərəfdarı olduğu və müharibənin bitməsinin buna bağlı olduğu barədə ABŞ mediasında vaxtaşırı məlumatlar və iddialar dərc edilib. Tramp özü də açıq şəkildə “Zelenski getməlidir” mahiyyətli mesajlar verib.
Lakin administrasiyanın ən nüfuzlu fiqurlarından olan Dövlət katibi Marko Rubio fərqli mövqedədir. O, mediaya açıqlamalarında Ukraynadakı seçki məsələsinin vacib olduğunu, lakin bunun müharibənin davam etməsinin əsas səbəbi olmadığını bildirmişdi: "Baxın, seçki məsələsi qaldırılır və mən onun əhəmiyyətsiz olduğunu demirəm. Amma müharibənin hələ də davam etməsinin əsas səbəbi bu deyil".
Beləliklə, Zelenskinin qışda seçki keçirməyin mümkün olduğu barədə son bəyanatı bir tərəfdən seçki və Zelenskinin legitimliyi məsələsini önə çəkən Kremlə və Trampa cavabdır, digər tərəfdən isə sərt qış aylarında Ukraynanı işıqsız, istiliksiz, susuz qalmasının qarşısını almaq, yəni, atəşkəsə nail olmaq cəhdidir.
Lakin buna nail olunması çətin görünür. Çünki cəbhədə önəmli uğur qazana bilməyən Rusiyanın əlindəki əsas “silah” Ukraynanın dinc şəhərlərini, mülki infrastrukturunu bombalamaq, əhalini qışın soyuğunda adi kommunal xidmətlərdən məhrum qoymaq və bu yolla Kiyevə təzyiqi artırmaqdır. Rusiyanın bu “silah”dan asanlıqla imtina edəcəyi isə inandırıcı görünmür...
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər