Menu

MƏĞLUBİYYƏTİN HEYFİNİ KİMDƏN ÇXIMALI? - “Günah keçisi” İran və Ukrayna ola bilər

05.11.2026, 14:18
MƏĞLUBİYYƏTİN HEYFİNİ KİMDƏN ÇXIMALI? - “Günah keçisi” İran və Ukrayna ola bilər

"İlkin nəticələr çıxdıqdan cəmi bir saat sonra Tramp o qədər qəzəblənib ki, bir anlıq nitqini itirib və sonra köməkçisi Natali Harp və Ağ Evin aparat rəhbəri Suzi Uayls ilə öz kabinetinə çəkilib”. 

Britaniyanın "Daily Mail" qəzeti öz mənbələrinə istinadla belə birməlumat yayıb.

Bu xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu bilməsək də, Donald Trampın aralıq seçkisinin nəticələri məlum olandan sonra həqiqətən də qəzəblənmək və ciddi şəkildə narahat olmaq üçün xeyli əsasları var...

Nümayəndələr Palatasının və Senatın Respublikaçılar Partiyası tərəfindən sarsıdıcı məğlubiyyət nəticəsində itirilməsi Trampın qalan 2 il ərzindəki prezidentliyini xeyli çətinləşdirir və onun, eləcə də ətrafının fəaliyyətilə bağlı Konqres səviyyəsində araşdırmalar aparılmasına yol açır.

Artıq aralıq seçkilərdə qalib gələn Demokratlar Partiyasından olan bir neçə Konqres üzvü Tramp administrasiyasını parlament araşdırmaları və məhkəmə çağırışları ilə hədələyib. Onlardan biri - Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü Robert Qarsiya Tramp və ətrafına müraciət edərək, "Vəkillər tutun!", - deyə X-də yazıb.

Narsist xarakterə malik olan Trampın üzdə özünü heç nə olmamış kimi göstərməsinə rəğmən, bu məğlubiyyətin heyfini hansı yollasa çıxmağa, eləcə də “günah keçisi” tapmağa çalışacağı ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. ABŞ daxilində bu özünü hansısa yüksək ranqlı məmurun, yaxud məmurların “vurulması” formasında göstərə bilər. Artıq Qərb mediasında Trampın bir zaman özünün təkidilə təyin etdiyi müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyni “günah keçisi” təyin etdiyi barədə məlumatlar dərc edilir. Bu siyahı böyüyə də bilər.

Məğlubiyyətin səbəbi – İran

Xaricdə isə bu qəzəbin Ukrayna və İrana yönələ biləcəyi gözlənilir. Hələ seçkidən əvvəl Tramp administrasiyasının seçkidən dərhal sonra İrana qarşı iri miqyaslı hərbi hücum kampaniyası başladacağına dair məlumatlar dərc edilmişdi. Əslində, Respublikaçılar Partiyasının bu seçkidə uduzmasının əsas səbəblərindən biri də məhz İran müharibəsi oldu. Bunu vitse-prezident C.D.Vens də etiraf edib. Amerikalılar Trampın heç bir müharibəyə başlamayacağı barədə hələ prezident seçkisi öncəsi verdiyi vədləri unutmayıblar və anlayırlar ki, ABŞ-dəki hazırkı bahalşma, sosial vəziyyətin pisləşməsi və s. problemlərin əsas səbəblərindən biri İrana qarşı müharibədir. Ona görə də seçkidə Trampın partiyasının əleyhinə verilən səslər həm də İran müharibəsinin əleyhinə verilən səslərdir. Bəs Tramp və komandası ABŞ cəmiyyətinin seçkidə verdiyi bu mesajı qəbul edərək onunla hesablaşacaqmı, yoxsa əksinə, daha böyük eskalasiyaya gedəcək və məğlubiyyətin heyfini İrandan çıxmağa çalışacaq?

Məsələ ondadır ki, Amerikada xarici siyasətin müəyyənləşdirilməsi böyük ölçüdə Prezidentin səlahiyyətinə aiddir və Konqresin bu siyasətə təsir imkanları məhduddur. Bu sahədə Prezidentin səlahiyyətləri olduqca böyükdür və buna görə, Tramp Konqreslə məsləhətləşmədən belə bir çox radikal addımlara gedə bilər. Digər yandan, İran məsələsinin yarımçıq qalması, Hörmüz boğazındakı vəziyyət və s. ABŞ-nin daxili həyatında, xüsusilə benzin və dizel qiymətlərində mənfi mənada təsirini saxlamaqda davam edir. Bu məsələnin həll edilməməsi, yaxud yarımçıq həlli nəinki Trampın bundan sonrakı iki prezidentlik ili, həttta ondan sonra prezidentliyə namizəd olacaq digər Respublikaçı lider üçün də böyük problem və uğursuzluq mənbəyidir. Odur ki, “sözə baxmayan” İranın vurulması həm seçkidəki məğlubiyyətin acısını unutdurmaq, həm də bu məsələnin ABŞ-nin daxili siyasətindəki mənfi təsirini kəsmək üçün istifadə oluna bilər. Artıq İranın da bu ssenariyə hazırlaşdığının əlamətləri aydın görünür...

Ukraynanın “günahı” nədir?

Digər “günah keçisi” kimi bir çoxları Ukraynanı göstərirlər. Məlum olduğu kimi, Tramp seçkidən öncə dəfələrlə bəyan etmişdi ki, guya dünya bazarında və ABŞ-də benzinin, dizelin bahalaşmasının əsas səbəbi Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr olub. Hətta Rusiya ilə “dizel anlaşması”na gedən Tramp guya bununla bahalaşmanın qarşısını almğa çalışmışdı. Lakin nə bu anlaşma işlədi, nə də amerikalıların çoxu bahalşmanın Ukraynanın zərbələrilə bağlı olduğuna inandı. Nəticədə Trampın partiyası uduzdu və bu, onun Ukraynaya qarşı qəzəbini daha da artırır...

Əslində, ABŞ-dəki seçkinin nəticələri Ukraynanın maraqlarına uyğun kimi qiymətləndirilir. Baxmayaraq ki, Konqresin ABŞ-nin xarici siyasətinə birbaşa təsiri məhduddur, onun xüsusilə büdcə və pul məsələlərindəki böyük səlahiyyətləri Ağ Evin xarici siyasətinə dolayısı təsir imkanları yaradır. Məsələn, yanvardan işə başlayacaq yeni tərkibli Nümayəndələr Palatasındakı Demokrat çoxluq Ukryana üçün böyük məbləğli maddi yardım paketləri qəbul edə bilər. Doğrudur, sonradan Trampın buna veto qoymaq hüququ olacaq. Lakin məğlubiyyətdən sonra “Biz Demokratlarla işləyəcəyik - bilirsiniz, onlarla işləməyə ümid edirik. Düşünürəm ki, nəsə barədə razılığa gələ biləcəyik" deyən Trampın Konqreslə açıq savaşa getməsi onun özü üçün də risklidir. Çünki Tramp hökumətinin birbaşa əmək haqqından tutmuş onun bir çox layihələrinin maliyyələşdirilməsinə qədər bütün maliyyə ayırmalarına Nümayəndələr Palatasının razılığı olmalıdır. Odur ki, Trampın Konqresi görməzdən gəlməsi mümkün deyil. Çünki bu cür qarşıdurmalar daxili siyasi böhranlara, üstəlik inziabti və hətta iqtisasdi çətiniklərə yol aça bilır.

Digər yandan, artıq Tramp üçün Ukraynaya qarşı “Starlink”-i məhdudlaşdırmaq, pulu ödənmiş silahların çatdırılmasını gecikdirmək, kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq kimi təzyiq vasitələrindən istifadə çətinləşəcək. Çünki bu cür addımlar dərhal Konqres tərəfindən sorğuya alınacaq.

Odur ki, Demokratların qələbəsi Konqresdə Ukraynaya siyasi dəstəyi gücləndirir. Lakin bu, hələ heç də Kiyevə Co Baydenin prezidentliyi dövründə verilən yardım səviyyəsinə avtomatik olaraq qayıtmaq demək deyil. Buna baxmayaraq, artıq bəzi nüfuzlu Demokratlar Nümayəndələr Palatasında gələn il ABŞ müdafiə büdcəsinə Ukraynaya maliyyə və hərbi yardım üçün müddəaları daxil etməyi planlaşdırırlar. Lakin müvafiq müddəalar qəbul edildikdən sonra belə, onların həyata keçirilməsi əsasən Trampın siyasi iradəsindən asılı olacaq. Ona görə də Ukraynaya yalnız Demokratların siyasi dəstəyi kifayət deyil, Respublikaçıların da sıralarından dəstəyə ehtiyac var. Yeni Konqres 3 yanvarda işə başlayacaq. Ukrayna üçün əsas sual oradakı siyasi dəstəyin pula və silaha çevrilib-çevrilməyəcəyidir.

Bir sözlə, Konqresdəki məğlubiyyətin Trampın xarici siyasətinə necə təsir göstərəcəyini yaxın zamanda görəcəyik. Ancaq hər halda, Ağ Evin nə İran, nə də Ukrayna siyasətində radikal dəyişiklik baş verəcəyini gözləməyə dəymir. Lakin Trampın xarakterindəki məlum özəllikləri nəzərə alsaq, heç bir ssenarini, xüsusilə də mənfi ssenariləri istisna etmək qətiyyən olmaz…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol