Menu

DÜNYA ÖLKƏLƏRİ EHTİYAT TOPLAYIR, BƏS AZƏRBAYCAN? – Deputatdan mühüm AÇIQLAMA

05.11.2026, 13:59
DÜNYA ÖLKƏLƏRİ EHTİYAT TOPLAYIR, BƏS AZƏRBAYCAN? – Deputatdan mühüm AÇIQLAMA

Dünyada artan geosiyasi gərginliklər, hərbi münaqişələr və iqtisadi qeyri-sabitlik fonunda bir sıra ölkələr vətəndaşlarına ərzaq, su, dərman və digər zəruri məhsullardan ehtiyat toplamağı tövsiyə edir. Bu çağırışlar mümkün genişmiqyaslı böhranlar və fövqəladə vəziyyətlərlə bağlı narahatlıqları artırır. Bəs qlobal miqyasda ehtiyat toplamağa çağırışların arxasında hansı təhlükələr dayanır? Mövcud vəziyyət Azərbaycan üçün də risk yarada bilərmi?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən millət vəkili Elçin Mirzəbəyli bildirib ki, dünyanın müxtəlif ölkələrində əhaliyə ərzaq, su və dərman ehtiyatı saxlamaqla bağlı tövsiyələrin verilməsini Azərbaycan üçün hansısa konkret təhlükənin yaranması kimi qiymətləndirmək doğru deyil: "Hər bir dövlət özünün təhlükəsizlik mühitini, coğrafi mövqeyini, beynəlxalq münasibətlər sistemindəki yerini və qarşılaşa biləcəyi riskləri nəzərə alaraq müvafiq qərarlar qəbul edir. Bir ölkədə belə tövsiyələrin verilməsi heç də bütün digər dövlətlərin eyni addımları atmasını zəruri etmir. Təbii ki, Azərbaycan da qlobal və regional proseslərdən kənarda deyil. Xüsusilə, Yaxın Şərqdə baş verən hadisələr, ABŞ-İran münasibətlərindəki gərginlik, böyük güclər arasında artan geosiyasi rəqabət və beynəlxalq təhlükəsizlik sistemində müşahidə olunan qeyri-müəyyənlik ölkəmiz tərəfindən diqqətlə izlənilir. Çünki bu proseslərin müəyyən iqtisadi, siyasi və təhlükəsizlik nəticələrinin regionumuza da təsir göstərməsi mümkündür. Lakin mümkün təsirlərlə birbaşa təhlükəni eyniləşdirmək olmaz. Beynəlxalq münasibətlərdə gərginliyin artması avtomatik olaraq Azərbaycanın hansısa fövqəladə vəziyyətlə üzləşəcəyi anlamına gəlmir. Azərbaycan dövləti milli təhlükəsizliyin təmin olunması, mümkün risklərin qabaqlanması və ölkənin strateji maraqlarının qorunması istiqamətində müvafiq mexanizmlərə malikdir. Dövlət qurumları beynəlxalq və regional prosesləri təhlil edir, təhlükəsizlik mühitindəki dəyişiklikləri qiymətləndirir və zərurət yarandıqda müvafiq qərarlar verirlər. Bu, dövlət idarəçiliyinin və milli təhlükəsizlik sisteminin normal fəaliyyət prinsipidir. Burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Əgər Azərbaycanda vətəndaşların evlərində xüsusi ərzaq, su və dərman ehtiyatı yaratmasına, yaxud hər hansı təcili hazırlıq tədbiri görməsinə ehtiyac olsaydı, dövlət müvafiq qaydada özü müraciət edər, əhalini məlumatlandırar və zəruri tövsiyələrini verərdi. Belə məsələlər ayrı-ayrı şəxslərin ehtimalları, sosial şəbəkələrdə yayılan məlumatlar və ya digər ölkələrin təcrübəsi əsasında müəyyənləşdirilməməlidir. Bunun üçün məsuliyyət daşıyan konkret dövlət institutları var".


Millət vəkilinin sözlərinə görə, bu cür həssas mövzularda qeyri-dəqiq məlumatların yayılması, təhlükə ehtimallarının şişirdilməsi və insanlara fərdi qaydada ehtiyat toplamaqla bağlı çağırışların edilməsi bəzən real təhlükənin özündən daha böyük sosial narahatlıq yarada bilər:"Süni tələbatın formalaşması, ərzaq və digər gündəlik tələbat məhsullarının alınmasında ajiotajın yaranması cəmiyyət üçün əlavə problemlər doğurar. Bizim belə bir vəziyyətə yol verməməyimiz vacibdir. Azərbaycan cəmiyyəti beynəlxalq prosesləri dezinformasiyalara əsaslanan emosionallıqla deyil, soyuqqanlılıqla izləməli, dövlətin rəsmi məlumatlarına və müvafiq qurumların açıqlamalarına istinad etməlidir. Dövlətin məsuliyyəti mümkün təhlükələri qabaqcadan qiymətləndirmək və vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Vətəndaşların isə əsassız məlumatların təsiri altına düşməməsi, süni təşvişə yol verməməsi vacibdir. Bir daha qeyd edirəm ki, başqa ölkələrin vətəndaşlarına ünvanlanan tövsiyələri əsas götürərək Azərbaycanda da təhlükə gözlənildiyi qənaətinə gəlmək üçün əsas yoxdur. Əgər hər hansı xüsusi hazırlıq tədbirinə ehtiyac yaranarsa, dövlətimiz bununla bağlı vətəndaşlara vaxtında və rəsmi qaydada müraciət edəcək. Bu məsələdə fərdi ehtimallara deyil, dövlətin qiymətləndirməsinə və qərarlarına əsaslanmalıyıq".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol