Helsinki Rayon Məhkəməsi "Fitburg" yük gəmisinin kapitanı Rusiya vətəndaşı Andrey Maksimenkonu və eyni gəminin botsmanı, Azərbaycan vətəndaşı Vüsal Məcidovu müvafiq olaraq 3,5 il və 2 il 10 ay müddətinə həbs cəzasına məhkum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə "Yle" qəzeti məlumat yayıb.
Məlumata görə, cinayət işi 31 dekabr 2025-ci ildə baş verən hadisə ilə bağlıdır. Belə ki, həmin hadisədə "Fitburg" gəmisi Finlandiya körfəzinin dibi boyunca çəkilmiş iki telekommunikasiya kabelinə zərər vurub.
Məhkəmə Maksimenko və Məcidovun hərəkətlərini qəsdən törədilmiş "ağırlaşdırıcı sabotaj" (Finlandiya Cinayət Məcəlləsinin 34-cü maddəsinin 3-cü bəndi) kimi dəyərləndirib.
Hər iki dənizçinin cəzası prokurorun əvvəlcə tələb etdiyi 2,5 illik həbs cəzasından daha ağır olub. "Fitburg" gəmisinin kapitanı və botsmanına həmçinin zərərçəkmiş tərəfə istintaq xərclərini və zədələnmiş infrastrukturun təmirini ödəmək tapşırılıb. Maksimenko və Məcidovun günahlarını inkar ediblər.
Sent Vinsent və Qrenadin adaları bayrağı altında üzən “Fitburq” gəmisi ötən qış Sankt-Peterburqdan İsrailin Hayfa şəhərinə konstruksiya poladı aparırmış. 31 dekabr 2025-ci il gecəsi gəmi Baltik dənizindəki körfəzin dibi boyunca təxminən 130 kilometr uzanan Finlandiya şirkətinə məxsus iki telekommunikasiya kabelinə zərər vurub. Finlandiya sərhədçiləri həmin gün göyərtəsində 14 heyət üzvü olan “Fitburq”u saxlayıb. Gəmi və dənizçilərin əksəriyyəti tezliklə azad edilib, lakin Maksimenko və Məcidov həbs ediliblər.
İstintaq zamanı Maksimenko və Məcidov onlara qarşı irəli sürülən bütün ittihamları dəfələrlə rədd ediblər.
Gəminin faktiki sahibinin iş adamı Raim Ələkbərov olduğu bildirilir və onun "kölgə donanması" ilə əlaqəli olduğu iddia edilir. Raim Ələkbərovun adı məlumatda “Türk iş adamı” kimi keçir.
Əslində, Raim Ələkbərov Türkiyədə qeydiyyatdan keçmiş “Albros Shipping & Trading Ltd”-nin əsas səhmdarıdır. Onun şirkətdəki payı 76 faiz təşkil edir. “Albros Shipping & Trading”-in onlarla quru yük gəmisi və tankeri var və bu gəmilər Rusiya, Azərbaycan və Türkiyə bazarlarında fəaliyyət göstərir.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər