Menu

MƏCBURİ KÖÇKÜN STATUSU İLƏ BAĞLI QAYDALAR DƏYİŞDİ - Evlilik, övladlığa götürmə və yeni doğulanlar...

05.11.2026, 18:20
MƏCBURİ KÖÇKÜN STATUSU İLƏ BAĞLI QAYDALAR DƏYİŞDİ - Evlilik, övladlığa götürmə və yeni doğulanlar...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün statusu və vəsiqəsinin verilməsi qaydalarında ciddi dəyişikliklər edib. Komitənin qərarı ilə təsdiqlənən yeni qaydalar status alacaq şəxslərin dairəsini genişləndirib və indiyə qədər mövcud olan bəzi məhdudiyyətləri aradan qaldırıb.

"AzPolitika" xəbər verir ki, qəbul edilən yeni qərara əsasən, status və vəsiqə alacaq şəxslərin kateqoriyaları aşağıdakı kimi qruplaşdırılıb:

1. İşğaldan sonra doğulan uşaqlar

Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, rayonun işğalından sonra doğulmuş uşaqlara status və vəsiqə veriləcək.
(İstisna: Xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlara daimi qeydiyyata düşmüş valideynlərin uşaqları bu qaydadan kənardadır).

2. Evlilik zamanı qeydiyyat məsələsindəki fərqlər (Kişilərə şamil edilən yeni hüquqlar)

Əvvəlki qaydalarda yalnız qadınlara aid edilən bəzi bəndlər artıq kişilərə də şamil olunacaq:

  • Məcburi köçkünlə evlənən kişilər: Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra arvadının yaşayış yeri üzrə qeydiyyata düşmüş kişilər status ala biləcək. (Əvvəl bu hüquq yalnız ərinin yaşayış yeri üzrə qeydiyyata düşən qadınlara verilirdi).
  • İşğal olunmamış rayonun sakini ilə evlənən kişilər: Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan kişilərə də status və vəsiqə veriləcək. (İndiyədək bu qayda yalnız qadınlara və onların uşaqlarına tətbiq edilirdi).

3. Övladlığa götürülən şəxslər

Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən övladlığa götürülmüş "məcburi köçkün" şəxslərə də müvafiq status və onu təsdiq edən vəsiqənin verilməsi rəsmiləşib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol