ABŞ-da keçirilən aralıq seçkilərində Donald Trampın siyasi mövqelərinin zəifləməsi Vaşinqtonun xarici siyasət kursuna, xüsusilə də İranla münasibətlərinə mümkün təsirləri yenidən gündəmə gətirib. Tehranda bu siyasi dəyişiklik ABŞ administrasiyasına təzyiq imkanlarının artması və regional manevr imkanlarının genişlənməsi kimi qiymətləndirilə bilər. Bəs Trampın seçki məğlubiyyəti İranın strateji maraqlarına nə dərəcədə uyğundur? Tehran yaranan vəziyyətdən hansı siyasi və hərbi dividendləri əldə etməyə çalışa bilər?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan politoloq Cavanşir Abbaslı bildirib ki, Trampın məğlubiyyəti daha çox İranla bağlı siyasətilə əlaqələndirilir və bu yanaşmada haqlı məqamlar kifayət qədərdir:
"Belə ki, Tramp fevralın 28-də İrana qarşı açıq hərbi əməliyyatlara başladıqdan sonra ilk günlərdə onun nüfuzunun müəyyən qədər yüksəldiyini müşahidə etdik. Lakin gözlənilən nəticələr əldə olunmadıqdan sonra Trampın reytinqində sürətli eniş başladı. Bunun aralıq seçkilərinə ciddi təsir göstərəcəyini də əvvəlcədən qeyd edirdik. Proseslər də məhz bu istiqamətə yönəlirdi. Çünki seçkilərdən əvvəl keçirilən sorğular amerikalıların 60 faizdən çoxunun Trampın İran siyasətini və bu ölkəyə qarşı müharibə aparmasını dəstəkləmədiyini göstərirdi. Bu narazılığın seçkilərin nəticələrinə təsir edəcəyi gözlənilən idi və belə də oldu. Hesab edirəm ki, İran bu prosesdən müəyyən mənada daha da güclənmiş çıxdı. Artıq beynəlxalq ictimaiyyətdə də Trampın məğlubiyyətinin əsas səbəblərindən biri kimi onun İran siyasəti və bu ölkə ilə münaqişəyə cəlb olunması göstərilir. Başqa sözlə, Tramp İran bataqlığına düşdü. Onun qarşısında hələ iki illik prezidentlik müddəti var. Bu müddətdə hansı addımları atacağını və vəziyyətdən necə çıxmağa çalışacağını zaman göstərəcək. Bununla belə hesab edirəm ki, ABŞ-ın 250 illik tarixində Respublikaçılar Partiyası bəlkə də heç vaxt bu qədər ağır məğlubiyyətlə üzləşməyib. Hətta elə ştatlar var ki, orada respublikaçılar 1932-ci ildən bəri ilk dəfədir məğlubiyyətə uğrayırlar".
Politoloqun sözlərinə görə, digər tərəfdən, demokratların hakimiyyətə gələcəyi təqdirdə İranla bağlı siyasətin dəyişib-dəyişməyəcəyini indidən söyləmək çətindir:

"Yaxın keçmişə, xüsusilə də Co Baydenin prezidentliyi dövrünə nəzər salsaq, Vaşinqtonun Tehranla münasibətlərinin kifayət qədər gərgin olduğunu görərik. Düzdür, Tramp bu mövqeyi açıq şəkildə nümayiş etdirərək hərbi əməliyyatlara başladı. Lakin Bayden administrasiyasının İran siyasəti də mahiyyət etibarilə Trampın yanaşmasından o qədər də fərqlənmirdi. Ona görə də gələcəkdə hansı dəyişikliklərin baş verəcəyini gözləmək lazımdır. İranın bu prosesdən hansı dividendləri əldə edəcəyinə gəlincə, düşünürəm ki, Tehran artıq istədiyinə nail olub. ABŞ isə institusional və sistemli dövlətdir. Buna görə də, onun əsas siyasi mexanizmləri öz prinsiplərinə uyğun fəaliyyət göstərir. İran da bunun fərqindədir. Bu baxımdan, Tehranın əldə etdiyi dividendləri daha da artırmağa çalışacağını və ya bunun üçün hansısa konkret addımlar atacağını indidən müzakirə etmək məqsədəuyğun deyil".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər