Azərbaycanda xüsusilə köhnə yaşayış binalarının elektrik təchizatı sistemlərinin vəziyyəti yanğın təhlükəsizliyi baxımından diqqət tələb edən məsələlərdəndir. Uzun müddət istismar olunan elektrik xətləri, köhnəlmiş naqillər, həddindən artıq yüklənmə və texniki nasazlıqlar yaşayış binalarında yanğın riskini artıra bilər.
Digər tərəfdən, bəzi binalarda yanğınsöndürmə vasitələrinin və təhlükəsizlik sistemlərinin vəziyyəti də narahatlıq doğurur. Azərbaycanda köhnə yaşayış binalarının elektrik infrastrukturu mövcud təhlükəsizlik tələblərinə cavab verirmi? Yanğın risklərinin azaldılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?
Bu barədə "AzPolitika"ya açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, köhnə yaşayış binalarının elektrik sistemlərinin təhlükəsizlik tələblərinə uyğunluğu hər bina üzrə texniki müayinə və ölçmələrlə müəyyənləşdirilməlidir.
Onun sözlərinə görə, bütün köhnə binalar haqqında eyni hökm vermək əsaslı olmaz: "İzolyasiyası zədələnmiş naqillər, etibarsız birləşmələr və xətlərin imkanını aşan elektrik yükü yanğın təhlükəsi yaradır. FHN də elektrik şəbəkəsinin həddindən artıq yüklənməsini yanğına səbəb ola bilən amillər sırasında göstərir.
İlk növbədə, binanın giriş kabeli, mərtəbələrarası xətlər, elektrik lövhələri və mənzildaxili şəbəkə ixtisaslı mütəxəssislər tərəfindən yoxlanılmalıdır".

Ekspert qeyd edib ki, zədələnmiş və faktiki yükə uyğun olmayan xətlər yenilənməli, qısaqapanma və artıq yüklənmədən qoruyan avtomatik açarlar kabelin imkanlarına uyğun seçilməlidir: "Mənzildə naqillərin dəyişdirilməsi ümumi bina xətlərindəki nasazlığı aradan qaldırmır; buna görə yenilənmə binanın elektrik sistemini bütövlükdə əhatə etməlidir. Eyni zamanda, pilləkənlər və təxliyə yolları maneələrdən təmiz saxlanılmalı, binada nəzərdə tutulan yanğınsöndürmə vasitələri və xəbərdarlıq sistemləri işlək olmalıdır".
S.Nəbiyev sonda vurğulayıb ki, binanı idarə edən qurumlar müntəzəm texniki xidməti təşkil etməli, sakinlər elektrik xətlərini həddindən artıq yükləməməli və nasazlıqların aradan qaldırılmasını mütəxəssisə həvalə etməlidirlər: "Tövsiyəm budur ki, hər bina üzrə aşkarlanan nöqsanlar sənədləşdirilsin, onların aradan qaldırılması üçün konkret məsul şəxslər və icra müddətləri müəyyən olunsun".
Oğuz Ayvaz
"AzPolitika.info"


Şərhlər