"2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləri 9 272,54 mln. manat, gəlirləri 9 220,50 mln. manat, xərcin gəlirlərlə təmin edilməyən 52,04 mln. manatlıq hissəsinin isə fondun əvvəlki illərdə yaradılmış ehtiyat vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur..."
"AzPolitika" xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitələrində müzakirəsi zananı çıxışında bəyan edib.
Millət vəkili çıxışında daha sonra bildirib: "Növbəti ildə DSMF-in gəlirləri 2025-ci ilin faktiki gəliri ilə müqayisədə 14,0%, 2026-cı ilin gözlənilən gəlir göstəricisi ilə müqayisədə isə 6,6% artım tempinə malikdir. Gəlirlərin 7,6 mlrd. manatı və ya 82,3%-i məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin, 1,6 mlrd. manatı və ya 17,3%-i fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin, 34,0 mln. manatı və ya 0,4%-i isə fondun sair gəlirlərinin payına düşür.
Məlumdur ki, DSMF-in gəlirlərinin əsas hissəsi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşır və bu mənbə üzrə gəlirlər 2025-ci ilin faktiki icrasından 17,6%, 2026-cı ilin gözlənilən icrasından isə 9,7% yüksəkdir. Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin 32,5%-i (2,5 mlrd.manat) büdcədən maliyyələşən təşkilatların, 67,5%-i isə (5,1 mlrd.manat) qeyri-büdcə sektorunun payına düşməsi nəzərdə tutulur.
Qeyd edilməlidir ki, 2023-cü ildən etibarən ölkə başçısının müvafiq Fərmanı ilə təsdiqlənmiş “Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” çərçivəsində DSMF tərəfindən sərbəst vəsaitin bir hissəsinin investisiyaya yönəldilməsi həyata keçirilir. Eyni zamanda qeyd edilməlidir ki, investisiya fəaliyyəti üzrə investisiyaya yönəldilmiş vəsait, əldə edilən gəlir, eləcə də investisiya fəaliyyəti ilə bağlı xərc komponentləri DSMF-in büdcə qanunlarında öz əksini tapmır.
Ümumilikdə götürüldükdə, investisiya fəaliyyətinin həyata keçirilməsi DSMF-in maliyyə vəsaitlərinin genişlənməsinə xidmət edir. Eyni zamanda, investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına icra olunan xərclərin Fondun gəlir və xərc komponentləri kimi nəzərə alınması nəticə etibarı ilə dövlət maliyyəsinin idarə olunmasına, hesabatlığın güclənməsinə və sonda isə icmal büdcə üzrə müvafiq göstəricilərin təhrif olunmasının qarşısını alardı.
Növbəti ildə Fondun büdcə xərcləri 9272,54 mln.manat proqnozlaşdırılmışdır, bu 2025-ci ilin xərclərindən 23,3%, 2026-cı ilin sonuna gözlənilən xərclərdən isə 10,9% yüksəkdir.
DSMF-in xərclərinin 96,5%-i (8950,06 mln.manatı) əhaliyə ödənişlər üzrə xərclərdən ibarətdir. 2025-ci illə müqayisədə bu xərclər 22,9%, cari ilin sonuna gözlənilən xərclə müqayisədə isə 10,9% artımla proqnozlaşdırılıb. Nəzərə alınmalıdır ki, əhaliyə ödənişlər üzrə xərclər tərkib etibarilə əmək pensiyalarının ödənilməsi üzrə xərclər qismində hər il orta hesabla 1,1 mln.nəfər əmək pensiyaçısının, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər qismində isə orta hesabla 180,0 min nəfər aktiv sığortaolunan şəxsin sosial təminatını həyata keçirir. Sözügedən xərclər dövlət tərəfindən əhalinin sosial rifahının yüksəldilməsinin mühüm istiqamətlərindəndir.
Əhaliyə ödənişlərin tərkib elementləri kimiəmək pensiyaları və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə xərclərin davranış meyllərinin təməl təsiredici amili ölkə üzrə nominal orta aylıq əmək haqqının artım tempidir. Belə ki, “Büdcə zərfi”-nə əsasən bu göstərici 2026-cı il üzrə 1185,5 manat, 2027-ci il üzrə isə 1288,30 manat səviyyəsində proqnozlaşdırılmışdır. Göründüyü kimi, nominal orta aylıq əmək haqqının cari illə müqayisədə artım tempi 8,7% səviyyəsində nəzərdə tutulmuşdur.
2027-ci ilin proqnozuna görə, əhaliyə ödənişlər üzrə xərclərin tərkibində əmək pensiyalarının ödənilməsi xərcləri 96,9% (8669,43 mln.manat), məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə xərclər isə 3,1%-(280,63 mln.manat)dir. Əmək pensiyalarının ödənilməsi xərcləri 2025-ci illə müqayisədə 21,9%, cari ilin sonuna gözlənilən icradan isə 10,0% yüksəkdir. Belə ki, 2027-ci ildə əmək pensiyalarının ölkə üzrə nominal əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsi, öz növbəsində pensiya xərclərinin müvafiq həcmdə artımını şərtləndirəcəkdir.
2027-ci proqnoz ilində məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə xərclər 2025-ci ilin xərclərindən 61,8%, cari ilin sonuna gözlənilən xərclərdən isə 45,3% yüksəkdir. Belə ki, 2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərdən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclərə 47,38 mln.manat, hamiləliyə və doğuma görə xərclərə 77,34 mln.manat, uşağın anadan olmasına görə xərclərə 84,01 mln.manat, 3 yaşınadək uşağa qulluğa görə xərclərə 21,39 mln.manat, dəfn müavinəti üzrə xərclərə isə 50,51 mln.manat vəsaitin xərclənməsi nəzərdə tutulub.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı bir məqamı da qeyd etmək lazımdır. Belə ki, bir sıra müavinət növlərinin 2027-ci ildə artımla nəzərdə tutulması öz növbəsində cari illə müqayisədə uşağın anadan olmasına görə müavinətlər üzrə xərclərin 153,6%, 3 yaşınadək uşağa qulluğa görə müavinətlər üzrə xərclərin isə 170,0% artım tempinə malik olmasını təmin edəcəkdir. Hər iki müavinət növü üzrə aylıq və birdəfəlik müavinətlərin artırılması gənc ailələrə ölkə rəhbərinin davamlı dəstəyinin təzahürüdür. Ölkə başçısının yeni doğulan uşaqlara görə birdəfəlik müavinətin 600,0 manatdan 1500,0 manata, eyni zamanda 3 yaşınadək uşağa qulluğa görə analıq məzuniyyətində olan analara ödənilən aylıq müavinətin 100,0 manata çatdırılması (hazırda bu müavinətin aylıq ödənişi uşağın bir yaş yarımınadək 44,0 manat, yaş yarımdan 3 yaşadək isə 28,0 manat təşkil edir) əhali artırılmasının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".
"AzPolitika.info"


Şərhlər