Menu

DƏRMAN REKLAMI ADI İLƏ İNSANLARI ALDADIRLAR? – Professor ciddi təhlükədən danışdı

05.11.2026, 10:24
DƏRMAN REKLAMI ADI İLƏ İNSANLARI ALDADIRLAR? – Professor ciddi təhlükədən danışdı

Sosial şəbəkələrin geniş yayılması sağlamlıq və müalicə ilə bağlı məlumatların da sürətlə paylaşılmasına şərait yaradıb. Bir çox istifadəçi həkimə müraciət etmədən internetdə qarşılaşdığı tibbi məsləhətlərə əsasən dərman qəbul edir, müxtəlif müalicə üsullarını sınaqdan keçirir. Lakin bu məlumatların bir qismi elmi əsaslara söykənmir və yanlış istiqamətləndirməklə yanaşı, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bəs sosial şəbəkələrdə yayılan tibbi məlumatların nə qədəri etibarlıdır? İnsanlar yanlış müalicə tövsiyələrinin qurbanına çevrilməmək üçün nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, sosial şəbəkələrdə söz azadlığı adı altında yayılan bəzi məlumatlar artıq etik və hüquqi çərçivələri aşır.

Onun sözlərinə görə, xüsusilə tibbi mövzularda insanların yanlış istiqamətləndirilməsi, onlara əsassız tövsiyələrin verilməsi və həqiqətə uyğun olmayan məlumatların yayılması ciddi narahatlıq doğurur: “Sosial şəbəkələrdə dərman vasitələri və müalicə üsulları ilə bağlı yayılan məlumatlar hər zaman etibarlı mənbələrə əsaslanmır. Azərbaycanda qeydiyyatdan keçməyən, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının müvafiq reyestrində yer almayan dərman və tibbi vasitələrin təbliği insanları yanlış seçimlərə sövq edə bilər. Xüsusilə tibbi bilikləri kifayət qədər olmayan, müxtəlif təsirlərə və təlqinlərə daha tez inanan şəxslər belə paylaşımların təsiri altına düşürlər. Nəticədə insanlar həm maddi itkiyə məruz qalır, həm də sağlamlıqları üçün təhlükə yaradan vasitələrdən istifadə edə bilirlər”.

Adil Qeybulla qeyd edib ki, özü də bu cür hallarla qarşılaşıb və yanlış təbliğata inanaraq müxtəlif dərman vasitələrindən istifadə edən, lakin gözlədiyi nəticəni əldə etməyən, bəzi hallarda isə əks təsirlərlə üzləşən şəxsləri tanıyır. Onların bir qismi sonradan yanlış seçim etdiklərini etiraf ediblər: “Hər hansı dərman vasitəsinin xəstəyə təyin edilməsi tibbi bilik və məsuliyyət tələb edən prosesdir. Müalicə həkim tərəfindən, xəstənin vəziyyəti və klinik protokollar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bu səlahiyyətə yalnız müvafiq tibbi ixtisası və hüquqi kompetensiyası olan həkim malikdir. Sosial şəbəkələrdə özünü mütəxəssis kimi təqdim edən şəxslərin insanlara müayinə aparmadan, onların sağlamlıq vəziyyətini bilmədən müalicə təyin etməsi isə düzgün yanaşma deyil”.

Professorun fikrincə, məsafədən, xəstənin vəziyyəti lazımi qaydada qiymətləndirilmədən verilən müalicə tövsiyələri ciddi fəsadlara səbəb ola bilər:“Buna görə də sosial şəbəkələrdə dərman vasitələrinin əsassız təbliği və insanların yanlış müalicəyə yönləndirilməsi halları müvafiq qaydada nəzarətə götürülməli və qarşısı alınmalıdır.

Dərman vasitələrinin sosial şəbəkələrdə qeyri-peşəkar şəkildə təbliği və insanların onlardan istifadəyə təşviq edilməsi yolverilməzdir. Dərman seçimi və müalicə ilə bağlı qərarlar reklam və ya təsadüfi tövsiyələr əsasında deyil, həkim müayinəsi və tibbi göstərişlər əsasında verilməlidir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol