Menu

İŞ YERLƏRİ AZALACAQ, YENİ PEŞƏLƏR YARANACAQ - Azərbaycan buna hazırdırmı? + ŞƏRH

04.11.2026, 09:07
İŞ YERLƏRİ AZALACAQ, YENİ PEŞƏLƏR YARANACAQ - Azərbaycan buna hazırdırmı? + ŞƏRH

Süni intellekt texnologiyalarının biznes və istehsalat sahələrində tətbiqi bir sıra iş proseslərinin avtomatlaşdırılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə imkan yaradır. Bu texnologiyalar şirkətlərin xərclərini azalda və işçilərin daha mürəkkəb tapşırıqlara yönəlməsinə şərait yarada bilər. Bununla yanaşı, bəzi peşələrə tələbatın azalması və əmək bazarında yeni bacarıqlara ehtiyacın yaranması işçilərin məşğulluğu və gəlirləri ilə bağlı suallar doğurur. 

Süni intellektdən istifadənin genişlənməsi iqtisadi səmərəliliklə yanaşı, işçilərin əməkhaqqına və məşğulluq imkanlarına necə təsir göstərəcək?

Süni intellektin tətbiqi əmək məhsuldarlığını artırdığı halda, bu artımın işçilərin əməkhaqqında əks olunması hansı amillərdən asılıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı-ekspert Məmməd Talıblı bildirib ki, süni intellektin əmək bazarında gərginlik yaratması və müəyyən peşələrə tələbatı azaltması qaçılmaz prosesdir.

Bununla belə, onun sözlərinə görə, hər bir ölkənin həyata keçirdiyi məşğulluq siyasəti bu təsirlərin miqyasını və mümkün mənfi nəticələrini əhəmiyyətli dərəcədə azalda bilər: “Süni intellekt yalnız mövcud iş yerlərinin ixtisarına səbəb olmayacaq, eyni zamanda, indiyədək mövcudluğu geniş ictimaiyyətə məlum olmayan yeni peşə və məşğulluq istiqamətlərinin yaranmasına da şərait yaradacaq. İnkişaf etmiş ölkələrdə, xüsusilə süni intellekt texnologiyaları üzrə ixtisaslaşmış dövlətlərdə bu istiqamətdə yeni iş imkanlarının formalaşması gözlənilir. Bunu Oksford Universitetinin tədqiqatçıları meydana çıxardı”.

İqtisadçı hesab edir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri təhsil sistemi ilə əmək bazarı arasındakı əlaqələri yenidən nəzərdən keçirməkdir: “Çünki texnoloji dəyişikliklər fonunda əmək bazarının tələbləri sürətlə yenilənir və təhsil müəssisələrinin bu dəyişikliklərə uyğun kadr hazırlaması xüsusi əhəmiyyət daşıyır. Gənclərin gələcək əmək bazarına hazırlanması, yeni texnologiyalara uyğun bacarıqların formalaşdırılması və peşə təhsilinin gücləndirilməsi məşğulluq siyasətinin əsas istiqamətlərindən olmalıdır”.

M.Talıblı vurğulayıb ki, məşğulluq siyasəti dövlətin ümumi iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin səmərəli həyata keçirilməsi üçün isə investisiya mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın müxtəlif sahələrinə kapital axınının təmin edilməsi vacibdir: “Azərbaycana yönələn xarici investisiyaların təxminən 76 faizi neft-qaz sektorunun payına düşür. Bu sahədə investisiya imkanlarının müəyyən doyma həddinə çatdığını nəzərə alaraq, qeyri-neft sektoruna, xüsusilə informasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya təşviqləri artırılmalıdır. İqtisadiyyatın şaxələndirilməsi yalnız yeni gəlir mənbələrinin yaradılması baxımından deyil, gələcəkdə əmək bazarında yarana biləcək problemlərin qarşısının alınması baxımından da vacibdir. İKT sektoruna yatırımların artması texnoloji yeniliklərin tətbiqini sürətləndirə, yeni ixtisaslara tələbat yarada və əmək bazarında fərqli məşğulluq imkanları formalaşdıra bilər”.


Ekspert kənd təsərrüfatında məşğulluq məsələsinə də xüsusi diqqət çəkib. Dövlət Statistika Komitəsinin məlumatlarında məşğul əhalinin təxminən 38 faizinin kənd təsərrüfatı sektorunda çalışdığı göstərilir: “Bu baxımdan, həmin işçi qüvvəsinin digər sahələrə keçidini təmin etməklə yanaşı, kənd təsərrüfatında da davamlı məşğulluq imkanlarının qorunması vacibdir. Texnoloji yeniliklər kənd təsərrüfatında məhsuldarlığı artırsa da, bəzi ənənəvi iş yerlərinə tələbatı azalda bilər. Dron texnologiyaları, GPS sistemləri, avtomatlaşdırılmış nəzarət və monitorinq cihazları kimi yeniliklərin kənd təsərrüfatında geniş tətbiqi bir sıra iş proseslərini insan əməyindən asılılığı azaldaraq həyata keçirməyə imkan verəcək. Bu isə xüsusilə ənənəvi fəaliyyət növlərində çalışan insanlar üçün yeni çağırışlar yarada bilər. Belə şəraitdə kənd təsərrüfatı işçilərinin yeni texnologiyalarla işləmək bacarıqlarına yiyələnməsi, ixtisasartırma və yenidən hazırlıq proqramlarına cəlb olunması mühüm əhəmiyyət daşıyır”.

İqtisadçının qənaətinə görə, süni intellekt və digər ağıllı texnologiyalar zamanla bütün sektorlara ayaq açacaq: “Bu prosesin qarşısını almaq mümkün olmasa da, onun əmək bazarına təsirlərini düzgün idarə etmək mümkündür. Dövlətin əsas vəzifəsi texnoloji dəyişikliklər nəticəsində işini itirə biləcək şəxslər üçün alternativ məşğulluq imkanları yaratmaq, yeni peşələrə yiyələnməyi təşviq etmək və iqtisadiyyatın müxtəlif sahələrində iş yerlərinin formalaşmasına şərait yaratmaqdır. Bunun üçün dövlət çevik və çoxşaxəli iqtisadi siyasət həyata keçirməli, məşğulluğun təmin olunmasını texnoloji inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirməlidir”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol