Fərhad Məmmədov: "Çin gücdən düşmüş Trampla və ya zəifləmiş Rusiya rəhbərliyi ilə hər hansı qlobal təsir dairələrini bölüşməkdə maraqlı deyil"
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədr müavini, tanınmış politoloq Fərhad Məmmədov "AzPolitika"ya müsahibəsində ABŞ-dəkı son seçkilərin nəticələri, qlobal güclərin rəqabəti, Cənubi Qafqazdakı sülh gündəliyi, eləcə də regiondakı digər aktual geosiyasi proseslərlə bağlı fikirlərini açıqlayıb.
Müsahibəni təqdim edirik:
- Fərhad müəllim, ABŞ-də aralıq seçkilər baş tutdu. Bu hadisəyə bütün dünyanın diqqəti yönəlib, çünki nəticələr təkcə daxili siyasətə deyil, həm də qlobal proseslərə birbaşa təsir göstərir. Seçkilərin yekunlarını necə qiymətləndirirsiniz?
- Əvvəla, qeyd etmək lazımdır ki, seçkilərin nəticələri Konqresin və Senatın Demokratik Partiyanın nəzarətinə keçdiyini göstərir. Bu, ən aydın və əsas yekundur. Yeni tərkibdə fəaliyyətə başlayacaq Konqres və Senat fonunda prezident Donald Trampın sərəncamında tamhüquqlu fəaliyyət üçün cəmi bir ay yarım vaxt qalır. Bundan sonra ABŞ-də Prezident Donald Trampın istənilən qərarları Konqresin filtrlərindən keçməli olacaq. Böyük ehtimalla, Trampın strateji qərarlarının həyata keçirilməsində ciddi tormozlanmaların şahidi olacağıq. Onun bütün komandası - Senatın rəhbəri olan vitse-prezidentdən tutmuş FTB rəhbərinə və bütün nazirlərə qədər - Konqresin komitələrinə mütəmadi olaraq çağırılacaqlar. Hətta istisna deyil ki, həm prezidentin özünün, həm də onun administrasiyasının fəaliyyəti ilə bağlı yoxlamalar və araşdırmalar başladılacaq. Demokratlar Tramp və onun komandasına qarşı maksimum təzyiq göstərəcəklər.
Demək olar ki, faktiki olaraq prezident seçki yarışına start verilir və qarşıdakı iki il ərzində amerikalı məmurlar vaxtlarının əksər hissəsini daxili siyasi məsələlərin həllinə sərf edəcəklər.
- Bəs xarici siyasət müstəvisində vəziyyət necə olacaq? Xüsusilə Çin və Ukrayna istiqamətində?
- Xarici perimetrdə ən aktual mövzu Çinlə münasibətlərdir. Mən hələ yayın əvvəlində qarşıdakı proseslərə aydınlıq gətirəcək hadisələr barədə məqalə yazmışdım. Sentyabrda sədr Si Cinpini qəbul edən Trampla, hazırkı Tramp artıq iki fərqli obrazdır. Müvafiq olaraq, Çin Xalq Respublikasının da zəifləmiş Trampın orta və ya uzunmüddətli perspektivlər üzrə vədlərinə və hərəkətlərinə yanaşması buna uyğun olacaq. Xüsusilə rusdilli seqmentdə tez-tez səsləndirilən "üçlük sammiti olacaq, dünyanı bölüşdürəcəklər" kimi iddialar reallığı əks etdirmir, sadəcə arzu edilənlərin reallıq kimi təqdim olunmasıdır. Bu üçlük içərisində hazırda ən güclü və sabit mövqeyə sədr Si Cinpin malikdir və o, gücdən düşmüş Trampla və ya zəifləmiş Rusiya rəhbərliyi ilə hər hansı qlobal təsir dairələrini bölüşməkdə maraqlı deyil.
- Ukraynadakı müharibə kontekstində proseslər hansı istiqamətə dəyişəcək?
- Rusiya güclü Tramp dövründə hansısa razılaşmalara nail olmaq üçün "qısa oyun" taktikasına üstünlük verməyə çalışırdı. Lakin seçki nəticələrindən sonra Ukrayna ətrafındakı danışıqların da ləngiyəcəyi və ya dalana dirənəcəyi gözləniləndir. Əgər Konqresdə və Senatda demokratların əksəriyyəti prezidentdən daha çox Ukraynaya dəstək siyasəti yürüdəcəksə, Kiyev nə üçün güzəştə getməlidir? Buna görə də, Trampın şərtləri əsasında Ukrayna böhranının nizamlanmasının reallaşmayacağını artıq əminliklə söyləmək olar.
- İranla bağlı vəziyyət və Hörmüz boğazı ətrafındakı gərginliklər barədə nə deyə bilərsiniz?
- İran bu çətin dövrü müəyyən mənada dözümlə keçirdi və nail oldu ki, Tramp administrasiyası yaxın gələcəkdə daxili mövzulara daha çox diqqət ayırsın. Lakin qarşıdakı 45 gün ərzində – demokratlar Senatı tam nəzarətə götənə qədər – Trampın hərbi zərbələr endirmək səlahiyyətləri hələ də qüvvədədir. Əsas qeyri-müəyənlik də məhz bu dövrdə İrana qarşı hərbi addımların atılıb-atılmayacağı ilə bağlıdır.
İrandan (məsələn, parlament sədri Qalibafdan) tez-tez amerikalıların müharibə istəmədiyi və Hörmüz boğazının İranın qaydaları ilə işləyəcəyi barədə bəyanatlar səslənir. Lakin bu, absurddur. Hörmüz boğazında tətbiq olunacaq hər hansı birtərəfli qaydalar digər ölkələrin də İrana gedən və ya İrandan gələn gəmilərə münasibətdə eyni addımı atmasına səbəb ola bilər. Beynəlxalq dəniz hüququna görə naviqasiya azadlığı hamı üçün eynidir. Bu cür maksimumist yanaşmalar reallıqdan uzaqdır və İran tərəfi də dərk edir ki, hər hansı məhdudiyyət ilk növbədə onların öz ticarət gəmilərinə zərbə vuracaq.
- Cənubi Qafqaza, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesinə və Zəngəzur dəhlizi (TRİPP layihəsi) layihəsinin reallaşmasına ABŞ seçkilərinin necə təsir edəcəyini düşünürsünüz?
- Azərbaycan-Ermənistan sülh prosesi Trampın diqqət mərkəzində olan mövzulardandır. Biz bu müddət ərzində "TRİPP" layihəsinin müəyyən konturlar qazanmasına nail ola bilmişik. Respublikaçılar da, demokratlar da bu məsələdə müəyyən maraqdadırlar.
Lakin ABŞ daxilində, xüsusilə Konqresdə erməni diasporu və kilsəsi sülh prosesinə qarşı ən dağıdıcı qüvvə kimi çıxış edir. Onlar ABŞ-nin Azərbaycanla əlaqələrini müxtəlif şərtlərə – o cümlədən erməni məhbusların azad edilməsinə, sərhədlərin delimitasiyasına bağlı tələblərə bağlamağa çalışırlar. Qarşıdakı iki ildə Tramp administrasiyası dövründə sülh gündəliyinin genişlənməsini gözləmək olar, lakin ABŞ Konqresindəki ermənipərəst lobbi tərəfindən ciddi maneələr törədiləcək.
- Ermənistan Baş naziri Paşinyanın bu dəyişən geosiyasi ab-havada - xüsusilə ABŞ-də demokratların mövqeyinin güclənməsi fonunda - sülh müqaviləsinin bağlanmasını uzatmaq ehtimalı varmı?
- Bu gün sülh gündəliyi ikitərəfli əsasda müzakirə olunur və heç bir üçüncü tərəf bu ikitərəfli prosesə birbaşa müdaxilə etməməlidir. 907-ci düzəliş məsələsinə gəldikdə, bu, hər zaman Azərbaycana qarşı ədalətsiz addım olub. Məhz buna görədir ki, Ermənistan rəhbərliyi də "TRİPP" layihəsinin reallaşmasını qaçılmaz etmək üçün addımlar atır ki, ABŞ-dəki hansısa qüvvələr sonradan bu layihəni maliyyələşdirmə adıyla şərtlər və qadağalar məngənəsinə salmasınlar.
Biz artıq maksimum plandan (məsələn, 907-ci düzəlişin ləğvi kimi) minimum plana keçməliyik. Əsas məqsəd ABŞ-la strateji tərəfdaşlığı müxtəlif sahələrdə o qədər dərinləşdirmək və elə bir dönməz nöqtəyə çatdırmaqdır ki, Konqresdəki hansısa radikal qüvvələr Azərbaycana qarşı əsassız tələblər irəli sürə bilməsinlər.
- Son vaxtlar mətbuatda Azərbaycan ilə Hindistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atıldığı, eyni zamanda bəzi dairələrin bunu yanlış formada təqdim etdiyi müzakirə olunur. Bu barədə nə deyərdiniz?
- Hindistanla münasibətlərə həddindən artıq və ya qeyri-adekvat diqqət yetirilir. Hindistan şirkətləri həmişə Azərbaycanda fəal olublar, neft alıblar, əczaçılıq sahəsində çalışıblar və turist kimi gəliblər. Lakin sonradan iki əsas faktor - Pakistanla strateji müttəfiqliyimiz və 2020-ci ildən sonra yaranan erməni amili münasibətlərdə müəyyən gərginlik yaratdı. Hətta ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) və BRICS çərçivəsində Hindistanın Azərbaycanın iştirakına müəyyən məhdudiyyətlər qoyduğu da müşahidə olundu.
Amma bəzi ekspertlərin "Pakistanla dostsansa, Hindistanla salamlaşmamısan" yanaşması yanlışdır. Necə ki Ermənistan Pakistanla münasibətləri normallaşdırmağa çalışır, Azərbaycan da regional təşkilatlarda və beynəlxalq platformalarda iştirak etmək üçün Hindistanla münasibətləri müəyyən çərçivədə nizama salmalıdır. Bəzi KİV-lərdə "Azərbaycanın Türkiyə və Pakistan əleyhinə hansısa koalisiyaya qoşulması" barədə yayılan iddialar tamamilə səhvdir və cəfəngiyyatdır. Biz milli maraqlarımız çərçivəsində lazımi bütün istiqamətlərdə iş aparırıq.
- Sonda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda qəbul edilməsi təklifi barədə fikirləriniz necədir?
- Biz Omskdə Prezident Tokayevin prezident Putinlə görüşünün şahidi olduq. Qazaxıstan lideri açıq şəkildə bildirmişdi ki, Qərb ölkələrinin liderləri Ukraynadakı müharibənin dayandırılması üçün vasitəçilik xahişi ilə məhz ona müraciət edirlər. Çox güman ki, Rusiya tərəfi də oxşar xahişlə Qazaxıstana müraciət edərək TDT-də müşahidəçi statusu almaq istədiklərini bildirib. Rusiya adətən birbaşa müraciət etmək əvəzində bunu öz yaxın müttəfiqi vasitəsilə gündəmə gətirir.
Türkiyə tərəfinin rəsmi nümayəndəsinin də qeyd etdiyi kimi, TDT-yə üzvlük və ya müşahidəçilik üçün müəyyən meyarlar mövcuddur. Hər halda, bu cür diplomatik gedişlər böyük siyasətin tərkib hissəsidir və hər bir ölkə öz maraqlarından çıxış edərək addım atır.
E.Rüstəmli
"AzPolitika.info"


Şərhlər