Menu

"TÜRK BİRLİYİ XXI ƏSRİN GÜCÜDÜR..." - "Onların arzusu gözündə qalacaq"

21.10.2026, 15:07
"TÜRK BİRLİYİ XXI ƏSRİN GÜCÜDÜR..." - "Onların arzusu gözündə qalacaq"

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "musavat.com"-a müsahibəsində Azərbaycan-Türkiyə münasibətləri haqqında danışıb. 

"AzPolitika" müsahibəni təqdim edir:

- Asim müəllim, bu şəraitdə Türkiyə Ermənistanla quru sərhədlərini aça bilərmi?

- Mənə elə gəlir ki, ciddi problem olmayacaq. Çünki sərhədlərin açılması Azərbaycanın həyata keçirdiyi sülh strategiyasının tərkib hissəsidir. Üstəlik, tərəflər sülhü mətnini paraflayıb və Ermənistanın konstitusion dəyişikliklər etməsi qalıb. Bundan sonra sülh müqaviləsi imzalana bilər. Təbii ki, sərhədlərin həm Türkiyə, həm də Azərbaycan tərəfindən açılması gözləniləndir. Amma hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün çox iş görülməlidir. İlk növbədə infrastruktur tam hazır olmalıdır, texniki məsələlər başa çatmalıdır.

- Amma Bakı ilə Ankara arasında gərginlik fonunda qardaş dövlətin belə bir addım atacağını gözləyənlər var. Siz necə düşünürsünüz?

- Azərbaycanla Türkiyə arasında gərginlik yoxdur. Sadəcə, müəyyən qüvvələr siyasi oyunlara əl atıblar ki, münasibətlərdə problem yaratsınlar. Əminəm ki, bu cəhdlər uğursuz olacaq və iki qardaş dövlət bu məkrli oyunları da poza biləcək. Ümumiyyətlə, Azərbaycan rəsmi siyasətində Türkiyə və digər türkdilli dövlətlərlə birliyini davam etdirir, əməkdaşlığı genişləndirir. Biz rəsmi siyasətə baxmalıyıq və burada hər hansı problem yoxdur. Ona görə bəzi qüvvələrin addımları nəticə verməyəcək.

- Gərginliyin olmadığını bildirirsiniz, lakin hər iki tərəfin reaksiyaları var. Artıq 7 türkiyəli jurnalist beynəlxalq axtarışa verilib...

- Söhbət jurnalistlərdən getmir. Bu proseslərdə nifaq yaratmaq istəyən blogerlər, qüvvələr var. Onların arxasında həm Azərbaycana, həm Türkiyəyə qarşı olan düşmən qüvvələr dayanır. Amma o dairələr xain niyyətlərini reallaşdıra bilməyəcək. Çünki bizi Türkiyə ilə birləşdirən dəyərlər var. Ona görə əminəm ki, hər şey yaxşı olacaq. Heç kim münasibətləri poza bilməz. Sadəcə, aranı qarışdıran müəyyən dini qruplar, xarici qüvvələr var. Onların kimliyini isə hər iki tərəf tanıyır. Azərbaycanı və Türkiyəni zəiflətmək istəyənlərin arzusu gözündə qalacaq. Çünki türk birliyi XXI əsrin gücüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol