"Avropa ölkələrinin təhlükəsizliklərinin qarantı Ukraynadır"
Hərbi və təhlükəsizlik məsələləri üzrə ekspert Azad İsadəzadə “AzPolitika”ya müsashibəsində Rusiya-Ukrayna cəbhəsindəki son vəziyyət, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarda gözlənilməz güzəştlərə getməsi, Prezident Volodimir Zelenskinin Böyük Britaniyaya qəfil səfəri, tərəflərin verdiyi dəhşətli itkilər, habelə Rusiyadakı daxili və iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb.
“AzPolitika” müsahibəni oxuculara təqdim edir:
- Azad bəy, ABŞ Prezidenti Donald Trampın yenidən Rusiyaya yönümlü mövqe sərgilədiyinin, hətta Maliyyə Nazirliyinə göstəriş verərək Rusiyanın neft-qaz alışını məhdudlaşdıran sanksiyaları aradan qaldırmasının şahidi olduq. Beynəlxalq aləmdə ciddi rezonans doğuran bu dəyişikliyin pərdəarxası məqamları nədən ibarət ola bilər?
- Bu, artıq azı üçüncü dəfədir ki, Ukrayna müharibədə real hərbi üstünlük qazandığı vaxtda Tramp Rusiyanın köməyinə gəlir. Məsələn, son olaraq Ukrayna ordusunun elit korpusları - üçüncü korpus və Azov korpusu general Biletskinin komandanlığı altında uğurlu əməliyyat keçirərək Kramatorsk və Slovansk üzərindəki təhlükəni faktiki olaraq ləğv etmiş, xeyli ərazini azad etmişdi. Məhz belə bir hərbi uğur fonunda Trampın enerji ticarətinə "yaşıl işıq" yandırması beynəlxalq aləmdə şok effekti yaratdı. Bunu təkcə Avropa liderləri deyil, ABŞ daxilində də - həm Respublikaçılar, həm də Demokratlar sırasında sərt tənqid edənlər az deyil. Keçmiş vitse-prezident Mayk Pens isə bunu açıq şəkildə "satqınlıq" və "xəyanət" adlandırdı.
- Bəs bu addım aralıq seçkiləri ərəfəsində olan ABŞ-nin daxili siyasi münasibətlərinə, eləcə də hakim partiyanın mövqeyinə necə təsir edəcək?
- Bəziləri bunu seçkiqabağı hansısa taktika kimi izah etməyə çalışır, lakin reallıq budur ki, Tramp bu qərarı ilə öz-özünə daha güclü zərbə vurdu. Nəticədə Konqresdə və hətta Senatda respublikaçıların mövqeyi zəifləyə bilər. Əgər qarşıdakı üç həftə ərzində keçiriləcək seçkilərdə demokratlar hər iki palatanı və ya heç olmasa bir palatanı nəzarətə götürsələr, Trampın prezidentlik müddətinin qalan hissəsi məhkəmələrdə və araşdırmalarda keçəcək. Çünki Konqresin qəbul etdiyi qanunlara zidd addımların sayı o qədər çoxdur ki, administrasiyanın əməkdaşları demək olar ki, fasiləsiz olaraq məhkəmə iclaslarında və sorğularda iştirak etməli olacaqlar.
- Azad bəy, siz həm də peşəkar psixiatrsınız. Dünyanın taleyini müəyyən edən bu cür qərarların arxasında liderlərin psixoloji vəziyyəti nə qədər önəm daşıyır? Trampın hərəkətlərini necə izah etmək olar?
- Bunun üçün psixiatr olmağa belə ehtiyac yoxdur, onun çıxışlarına baxmaq kifayətdir. İki misal gətirim: Biri odur ki, çıxışlarında xalqın ona "ən məşhur, ən dahi prezident" olduğunu söylədiyini iddia edir, Corc Vaşinqtonu, Reyqanı və ya Ruzvelti isə "ikinci dərəcəli prezidentlər" adlandırır. İkincisi, Nobel mükafatı almadığı günün səhərisi Rusiya ilə bağlı qəfil müqavilə bağlayıb, "mənə vermədilər, başqasına verdilər, heç tanımıram kimdir" deməsi... Belə fikirləri 5-10 yaşlı uşaq belə deyəndə ona "ayıbdır, balam, özünü belə aparma" deyərik. 80 yaşlı ağsaqqal, o boyda ölkənin prezidenti bu cür danışırsa, burada şərhə ehtiyac qalmır.
Əvvəlcədən də onda narsissizm var idi, indi isə yaşla bağlı demensiya (ağlın zəifləməsi) elementləri birmənalı olaraq görünür. Ən dəhşətlisi odur ki, Amerika xalqı kimi böyük bir xalq ikinci dəfədir bu cür namizədlər arasında seçim etmək məcburiyyətində qalır. Baydendən sonra Trampın yenidən seçilməsi göstərir ki, o boyda ölkədə sağlam, fərasətli prezidentliyə namizəd tapmaqda çətinlik çəkirlər. Bu adam öz-özünə ziyan vurur, amma nəticədə bütün dünya onun qərarlarının qurbanı olur.
- ABŞ-nin mövqeyinin növbəti dəfə dəyişdiyi bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyaya qəfil səfəri baş tutdu. Kralın dəvəti ilə keçirilən bu görüşün arxasında nə dayanır?
- Bəli, Zelenski Böyük Britaniya kralı III Çarlzın dəvəti ilə Londona səfər etdi. İngiltərənin Ukraynaya dəstəkdə birbaşa hərbi alətləri məhdud ola bilər, lakin onun qlobal siyasi nüfuzu və xüsusilə ABŞ daxilindəki proseslərə təsir imkanları olduqca güclüdür.
Eyni zamanda, Avropa ölkələri artıq başa düşüblər ki, öz təhlükəsizliklərini özləri təmin etməlidirlər və bu təhlükəsizliyin qarantı Ukraynadır. ABŞ kəşfiyyat məlumatlarının ötürülməsində fasilələr yaratsa da, Avropa ölkələri öz peyk kəşfiyyatı imkanlarını maksimum dərəcədə genişləndiriblər. Tam olmasa da, bu, həmin boşluğu doldurur. Həmçinin gələn il üçün Avropanın Ukraynaya təxminən 120 milyard avro hərbi büdcə ayırmağa hazırlaşdığı bildirilir. Pul sarıdan problem yoxdur, əsas məsələ hava hücumundan müdafiə sistemlərinin (məsələn, "Patriot" analoqlarının) və sursatların təminatıdır.
- Son günlər Ukrayna ordusunun Rusiyanın arxa cəbhəsinə, xüsusilə "Yandex" şirkətinin data mərkəzlərinə zərbələr endirdiyi və Rusiyada internetin çökdüyü bildirilir. Bu əməliyyatların miqyası və vurduğu zərbə deyildiyi qədər əhəmiyyətlidir?
- Bu, çox mühüm addımdır. Ukrayna "Yandex"in superkompüterlərinin və əsas məlumat bazalarının yerləşdiyi üç böyük və iki orta mərkəzdən üçünü darmadağın edə bilib. Nəticədə Rusiyada internet, bank və elektron xidmətlər praktiki olaraq dayanıb. Əgər gələcəkdə böyük bankların serverlərinə də birbaşa zərbələr endirilsə, rusiyalı vətəndaşlar öz bank hesablarındakı pullardan belə istifadə edə bilməyəcək vəziyyətə düşə bilərlər.
- Bəs cəbhədəki canlı qüvvə itkiləri hansı həddə çatıb?
- Rəqəmlər sadəcə fantastik və dəhşətlidir. NATO və digər hesabatlara görə, Rusiya ordusu gündəlik olaraq 1500–1600 nəfər canlı qüvvə (ölü və yaralı olaraq) itirir. Hücum edən tərəfin müdafiə olunandan 3 dəfə çox itki verməsi klassik hərbi qanundur, lakin bu müharibədə Rusiya bəzi uğurlu Ukrayna əməliyyatlarında 1-ə 40, hətta 1-ə 60 nisbətində itki verir.
Daha bir qorxunc statistika odur ki, son aylarda Rusiya ordusunda ölən əsgərlərin sayı yaralılardan çoxdur. Əvvəlki müharibələrdə hər 1 ölüyə qarşı 3-4 yaralı düşürdüsə, indi yaralanan əsgərlər döyüş meydanında tərk edilir, evakuasiya olunmur və qan itirməkdən ölürlər. Sovet İttifaqı Əfqanıstanda 10 il ərzində cəmi 15 min itki vermişdi və cəmiyyətdə buna qarşı böyük narazılıqlar yaranmışdı. İndi isə biz aylıq 50 min itkidən danışırıq. Amma Rusiya cəmiyyəti hələlik buna reaksiya vermir.
- Rusiyada yeni kütləvi səfərbərlik dalğasının olacağı ilə bağlı iddialar nə dərəcədə əsaslıdır? Əsgər çatışmazlığı necə aradan qaldırılır?
- 2022-ci ilin sentyabrında elan edilən səfərbərlik fərmanı hüquqi olaraq hələ də qüvvədədir, çünki onu ləğv edən yeni sənəd yoxdur. Səfərbərlik dayanmayıb, sadəcə forması dəyişib. İnsanları birbaşa məcburi şəkildə deyil, yüksək maaş vədləri ilə kontrakt bağlamağa vadar edirlər. Hər ay gizli şəkildə təxminən 20-30 min nəfər bu üsulla toplanır. Müxtəlif bəhanələrlə - məsələn, hava hücumundan müdafiə kursları və ya dron idarəetmə təlimləri adı altında toplayıb sonradan cəbhəyə göndərirlər.
Lakin ümumi dövlət mobilizasiyası elan etməkdən hələ də çəkinirlər. Çünki başda Moskva, Sankt-Peterburq və Yekaterinburq olmaqla böyük şəhərlərdə mənfi nəticələrə gətirib çıxara bilər. İşğal olunmuş Donetsk və Luqansk bölgələrində isə demək olar ki, yetkin kişi əhali qalmayıb, hamısını cəbhəyə aparıblar.
- Rusiyanın hərbi sənayesi və texnoloji təminatı hansı vəziyyətdədir?
- Rusiyanın hərbi sənaye kompleksi kifayət qədər güclüdür və silah istehsal edə bilir. Lakin texnoloji ehtiyacların, xüsusilə çiplərin, elektronikanın və mühüm komponentlərin təxminən 70-80 faizi Çindən gəlir. Çin bu məsələdə Rusiyaya açıq və gizli dəstək verir.
Buna baxmayaraq, Ukrayna da boş dayanmır. İrandan gələn "Şahid" dronlarının reaktiv versiyaları hər nə qədər çətin vurulsa da, Ukrayna xüsusi "dron-qıran" sistemlər sayəsində onları zərərsizləşdirməyi öyrənib. Eyni zamanda, Ukrayna öz istehsalı olan balistik raketlərin potensialını artırır və Rusiyanın “İsgəndər” raketlərinin buraxıcı qurğularını məhv etməkdə uğurlar qazanır. Əminəm ki, qarşıdakı qış aylarında Ukrayna tərəfi bu silahlardan Rusiyanın dərinliklərindəki hədəflərə qarşı daha geniş istifadə edəcək.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər