Menu

“HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"

09.09.2026, 20:56
“HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"

Vahid Əhmədov: “Azərbaycanın 14 iqtisadi rayonunun hər birinin öz resurslarına və mühitinə uyğun xüsusi inkişaf proqramı hazırlanmalıdır”

"Paşinyanın sülh ritorikası ilə real addımları arasında ciddi ziddiyyət var, Ermənistandan Azərbaycana gətirilən mallar diqqətlə yoxlanılmalıdır”

Rusiya-Ukrayna cəbhəsində yeni diplomatik təmasların və pərdəarxası danışıqların baş verməsinə baxmayaraq, hərbi əməliyyatlar bütün intensivliyi ilə davam edir. Birləşmiş Ştatların vasitəçilik cəhdləri, Avropanın artan narahatlığı və Yaxın Şərqdə alovlanan yeni münaqişə ocaqları qlobal iqtisadiyyatı, xüsusilə də enerji və ərzaq bazarlarını ciddi sınaq qarşısında qoyub. Bəs, payız mövsümündə cəbhədə və geosiyasi müstəvidə hansı kritik proseslər gözlənilir? Regiondakı böyük güclərin toqquşan maraqları Azərbaycana, daxili bazara, qiymətlərə və regionun təhlükəsizliyinə necə təsir göstərəcək?

Sabiq millət vəkili, tanınmış iqtisadçı-alim Vahid Əhmədov "AzPolitika"ya geniş müsahibəsində bu barədə sualları ətraflı cavablandırıb.

– Vahid müəllim, ABŞ-nin vasitəçiliyi ilə Moskvada və Kiyevdə baş tutan danışıqlardan sonra Rusiya və Ukrayna liderlərinin iştirakı ilə yeni danışıqlar formatının hazırlanmasına dair bəyanatlar verilir. Lakin real mənzərə göstərir ki, cəbhədə qan tökülməyə davam edir. Ümumiyyətlə, bu payız mövsümündə müharibənin gələcək taleyi və tərəflərin hərbi-siyasi kursu ilə bağlı gözləntiləriniz necədir?

– Bilirsiniz, bu, tərəflər arasında ilk diplomatik təmas və ya danışıqlar cəhdi deyil. Müharibə başlayan gündən bu yana müxtəlif vasitəçilər meydana çıxıb. Lakin ən real, məqsədəuyğun və nəticəyə yaxın olan görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqlar idi. O zaman Türkiyə lideri çox böyük siyasi iradə nümayiş etdirdi və tərəfləri bir masa arxasına əyləşdirməyə müvəffəq oldu. Açıq demək lazımdır ki, həmin dövrdə müharibəni dayandırmaq üçün real imkanlar yaranmışdı. Əgər o zaman İstanbul razılaşmaları əldə olunsaydı, Ukrayna bu gün üzləşdiyi dəhşətli dağıntıları və insan itkilərini yaşamazdı, Rusiya da bu dərəcədə ağır canlı qüvvə və resurs itkisi ilə üz-üzə qalmazdı.

Lakin prosesi pərdəarxasından idarə edən qlobal güclər müharibənin o mərhələdə bitməsinə imkan vermədilər. Müharibəni başladanlar və onu alovlandıranlar prosesin davam etməsində maraqlı oldular. Rusiya müharibəni bitirmək istəyir, amma yalnız öz diktə etdiyi ağır şərtlər çərçivəsində. Kremlin irəli sürdüyü 6 əsas tələb var ki, bunlar faktiki olaraq Ukraynanın bir dövlət kimi süqutu və məhvi deməkdir. Krımın, Donbasın Rusiyaya veriliməsi, Ukraynanın NATO-ya daxil olmaması, ordusunun məhdudlaşdırılması kimi şərtləri Kiyevin qəbul etməsi imkansızdır. Prezident Volodimir Zelenski də bəyan etdi ki, nə Donbas, nə də NATO məsələsində heç bir güzəşt ola bilməz. Belə olan halda, danışıqlar yalnız formal xarakter daşıyır və yaxın zamanlarda hərbi əməliyyatların dayandırılacağına inanmıram.

– Bəzi ekspertlər payız-qış mövsümündə tərəflərin resurslarının tükənəcəyini və müharibənin dondurulacağını iddia edir. Bəzi analitiklər hətta 6 ay ərzində sülhün əldə olunacağını proqnozlaşdırırlar. Bu proqnozlar nə dərəcədə reallığı əks etdirir?

– Mən altı aya müharibənin bitəcəyi barədə səslənən fikirlərə inanmıram. Kaş ki, müharibə bir aydan sonra bitsin, qan tökülməsin. Amma reallıq başqadır. Hətta müharibə sabah dayansa belə, həm Rusiyada, həm də Ukraynada çox ciddi daxili siyasi və sosial-iqtisadi böhranlar baş qaldıracaq. Hal-hazırda hər iki ölkədə bütün daxili narazılıqlar, iqtisadi problemlər və idarəetmə nöqsanları müharibə amili ilə pərdələnir, "hər şey cəbhə üçün" şüarı altında saxlanılır. Amma silahlar susan kimi cəmiyyət rəhbərlərdən hesab soruşmağa başlayacaq: vəd olunmuş nəticələr haradadır, bu kadar itki nə üçün verildi? Ona görə də tərəflərin siyasi elitası üçün müharibəni dayandırmaq böyük risklər yaradır. Hər iki tərəfdən kifayət qədər böyük insan tələfatı var, hərbi-sənaye kompleksləri, strateji zavodlar vurulur. Lakin buna baxmayaraq, hərbi maşını dayanmayıb, insanları mextəlif vasitələrlə toplanıb cəbhəyə aparılır. Bütün bunlar göstərir ki, tərəflər hələ də güzəştsiz resurs savaşı aparırlar.

– Bu müharibədə qlobal güclərin, xüsusilə ABŞ və Avropanın iqtisadi-siyasi maraqları necə formalaşır? Silah sənayesinin bu prosesdəki rolu nə qədərdir?

– Müharibə, hər şeydən əvvəl, nəhəng silah bazarı və milyardlarla dollar deməkdir. Məsələnin mahiyyətinə baxsaq, Amerika Ukraynaya birbaşa öz hesabına silah vermir. ABŞ silahı Avropa dövlətlərinə satır, Avropa bunun pulunu ödəyir və sonra həmin hərbi texnikanı Ukraynaya ötürür. Yəni əsas maliyyə yükü Avropanın üzərinə düşür. Avropa da yaxşı anlayır ki, Ukrayna məğlub olarsa, Rusiya təhlükəsi birbaşa onun sərhədlərinə çatacaq.

Bəs ABŞ və xüsusilə Donald Tramp niyə bu müharibənin tezliklə bitməsində bu qədər fəallıq göstərir? Çünki Vaşinqtonun əsas strateji rəqibi Rusiya deyil, Çindir. ABŞ-nin əsas məqsədi Çinin getdikcə artan iqtisadi və hərbi qüdrətini neytrallaşdırmaqdır. Pekinə tətbiq edilən yüksək gömrük tarifləri gözlənilən effekti vermədi. Çünki Çin Rusiya, İran, Hindistan, Mərkəzi Asiya və digər inkişaf etməkdə olan ölkələrlə çox dərin iqtisadi zəncir qurub. Bu gün Çin Rusiyaya böyük iqtisadi dəstək verir, onun resurslarını alır və Rusiya bazarını öz məhsulları ilə təmin edir. ABŞ məhz bu zənciri qırmaq, Rusiyanı Çindən ayırmaq istəyir. Noyabr ayında Çin lideri Si Tszinpinin Birləşmiş Ştatlara gözlənilən səfəri və Vaşinqtonda keçiriləcək ali səviyyəli görüşlər qlobal cəbhədəki bir çox qaranlıq məqama aydınlıq gətirəcək. Çünki Rusiya-Ukrayna savaşı və Yaxın Şərqdə xammal qiymətlərinin, neftin barelinin 100 dollara yaxınlaşması Çinin də qlobal ticarət maraqlarına vurulan ağır zərbədir.

– Cənubi Qafqaz müstəvisinə nəzər salsaq, son zamanlar Bakı ilə Moskva arasında ali səviyyədə təmasların yenidən intensivləşdiyini görürük. Azərbaycan-Rusiya münasibətlərinin mövcud durumunu necə dəyərləndirirsiniz?

– Azərbaycanla Rusiya arasında iqtisadi və siyasi əlaqələr heç vaxt tamamilə kəsilməyib. Baş nazirin müavinləri - Şahin Mustafayev və onun rusiyalı həmkarı səviyyəsində Hökumətlərarası Komissiya mütəmadi olaraq toplanır, ticarət, logistika və nəqliyyat məsələlərini müzakirə edir. Əlbəttə, təyyarə qəzası hadisəsi və ya digər məsələlərdən sonra müəyyən gərginliklər yaşandı. Azərbaycan tərəfi haqlı olaraq öz prinsipial mövqeyini nümayiş etdirdi. Çünki biz müstəqil dövlətik və heç kimdən asılı deyilik.

Rusiyanı bölgədə ən çox qıcıqlandıran və narahat edən məsələ Qərbin, xüsusilə ABŞ-nin Cənubi Qafqaza nüfuz etməsidir. Zəngəzur dəhlizinin açılması strateji baxımdan bizim üçün həyati əhəmiyyət kəsb edir. Dövlət başçımız da qətiyyətlə bəyan etdi ki, bu yol istənilən halda açılacaq. Vaşinqtonun bu prosesdə fəallıq göstərməsi, Azərbaycan və Ermənistan rəhbərliyinin ABŞ-də sülh razılaşması imzalaması Moskvada müəyyən dairələrdə qısqanclıq yaradır. Rusiyada bəzi dairələrin ən böyük səhvi odur ki, hələ də imperialist təfəkkürlə, SSRİ xülyası ilə düşünmək istəyir. Lakin SSRİ artıq tarixin arxivinə gömülüb və bir daha bərpa olunmayacaq! Bəli, Rusiya bizim böyük qonşumuzdur. Qonşu ilə logistik və ticarət əlaqələrini saxlamaq lazımdır. Lakin Rusiyada da anlamalıdırlar ki, Azərbaycan bərabərhüquqlu, müstəqil daxili və xarici siyasət yürüdən suveren dövlətdir.

– Bəs Ermənistanın eyni vaxtda həm Qərbə inteqrasiya etmək, həm də Rusiya ilə iqtisadi bağı saxlamaq cəhdləri nə dərəcədə realdır? Moskva İrəvanın bu manevrlərinə nə vaxta qədər göz yumacaq? Artıq Paşinyanı Kremlə dəvət edib seçim tələb edirlər...

– Nikol Paşinyanın apardığı siyasət ikitərəfli və çox riskli bir oyundur. O, Avropaya inteqrasiya etmək istədiyini açıq bəyan edir. Lakin digər tərəfdən, Ermənistandakı strateji obyektlərin, energetika, nəqliyyat və sərhəd infrastrukturlarının böyük əksəriyyəti Rusiyanın birbaşa nəzarətindədir. Moskva ona artıq açıq şərt qoyur: ya KTMT və Avrasiya İqtisadi İttifaqı, ya da Avropa! İki stulda eyni vaxtda oturmaq mümkün olmayacaq.

Digər tərəfdən, Ermənistanın sülh ritorikası ilə real addımları arasında ciddi ziddiyyət var. Məsələn, bu gün Ermənistandan bizə mallar gələcəyi deyilir, oradan balıq və ya digər məhsullar alacaqğır, bizim üzərimizdən onlara taxıl və s. məhsullar re-eksport olunur, neft-yanacaq gedir... Şəxsən mən Ermənistanın səmimiyyətinə axıra qədər inanmıram! Bu proseslər, Ermənistandan gələn və ya oraya gedən bütün ticarət axınları, re-eksport əməliyyatları aidiyyəti dövlət qurumlarımız tərəfindən ən xırda detalına qədər ciddi şəkildə yoxlanılmalıdır.

Bundan əlavə, Paşinyanın sülh mesajları verməsinə baxmayaraq, Ermənistanın Hindistandan və Fransadan intensiv şəkildə müasir hücum silahları alması, hərbçilərin sərhədə toplanması çox ciddi suallar doğurur. Əgər sən həqiqətən sülh istəyirsənsə, bu qədər silahlanma nəyə lazımdır? Ona görə də biz heç vaxt arxayınlaşmamalıyıq. Sərhəd zonalarımızda hərbi bazalarımız, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin strukturları ən yüksək döyüş hazırlığı vəziyyətində olmalıdır.

– Vahid müəllim, gələk əhalini daha çox maraqlandıran daxili gündəmə və sosial-iqtisadi məsələlərə. Payızın gəlişi ilə adətən bazarlarda qiymət artımı müşahid olunur. Qlobal bazarlarda taxıl və yanacaq qiymətlərinin qalxması Azərbaycana necə təsir göstərəcək?

– Dünya bazarında buğdanın və yanacağın qiymətinin artması birbaşa Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklə bağlıdır. Rusiya və Ukrayna qlobal taxıl ixracının ən mühüm mərkəzləridir. Azərbaycan da ərzaq buğdasının əsas hissəsini məhz Rusiyadan idxal edir. Dünya bazarında logistika və yanacaq xərclərinin artması istər-istəməz daxili bazara da təsir edir. Yanacağın qiyməti qalxdıqda, o, bütün məhsulların maya dəyərində oturur. Bu da çörəyin və digər təməl ərzaq məhsullarının bahalaşmasına zəmin yaradır.

Təəssüf ki, bizdə daxili bazarda subyektiv amillər - inhisarçılıq və möhtəkillik meyilləri də az rol oynamır. Pensiya və ya əməkhaqqı artımı elan olunmamışdan bir ay əvvəl bəzi işbazlar süni şəkildə qiymətləri qaldırırlar. Lakin dövlət səviyyəsində də ciddi qabaqlayıcı addımlar atılır. Prezidentin aqrar sahə ilə bağlı keçirdiyi müşavirələr və 2025–2030-cu illəri əhatə edən yeni subsidiyalaşdırma proqramı daxili istehsalı qorumağa yönəlib. Məsələn, taxıl istehsalçılarına verilən subsidiya hər ton üçün 200 manatdan 400 manata qədər artırılıb. İşğaldan azad edilmiş Qarabağ torpaqlarında 100 min hektardan çox sahə əkin dövriyyəsinə cəlb edilib ki, bu da bizim ərzaq təhlükəsizliyimiz üçün böyük dəstəkdir.

– Bəs fermerlərin mövcud real problemləri nədən ibarətdir? Subsidiya qaydalarındakı 5 hektar torpaq və ya modern suvarma sistemi tələbi kiçik təsərrüfatları kənarda qoymurmu?

– Çox vacib məsələyə toxundunuz. Yeni subsidiya qaydaları daha çox iri aqroparklar və böyük fermer təsərrüfatları üçün əlçatandır. Amma ölkəmizdə yüz minlərlə kiçik kəndli təsərrüfatı, ailə təsərrüfatları var ki, onların maksimum 1-2 hektar torpağı var. Onların bahalı müasir suvarma sistemləri qurmağa maliyyə imkanı çatmır. Subsidiya mexanizmi elə çevik olmalıdır ki, bu kiçik fermerlər də dövlət dəstəyindən faydalana bilsinlər.

– Siz dəfələrlə parlamentdə və mətbuatda maliyyə amnistiyasının keçirilməsi təklifi ilə çıxış etmisiniz. Bu mexanizm ölkə iqtisadiyyatına real olaraq neçə təkan verə bilər və burada hansı şərtlər nəzərə alınmalıdır?

– Bəli, mən maliyyə amnistiyası məsələsini neçə dəfə ən yüksək səviyyədə qaldırmışam və bu gün də öz fikrimdə qalıram. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələr müəyyən mərhələdə maliyyə amnistiyası aktı qəbul ediblər. Sirr deyil ki, illər ərzində müxtəlif yollarla qazanılmış, lakin kölgə iqtisadiyyatında qalan, daxildə yastıq altında saxlanılan və ya xaricə çıxarılan milyardlarla vəsait var. Biz reallığı qəbul etməliyik: bu pullar qazanılıb və hazırda ölü vəziyyətdədir, iqtisadi dövriyyəyə cəlb olunmur.

Dövlət xüsusi qanun qəbul etməlidir. Şərtlər aydın və kəsərli olmalıdır: əgər bu vəsaitlər terrorizm, narkobiznes və ya birbaşa ağır cinayət əməlləri nəticəsində əldə olunmayıbsa, həmin kapitala amnistiya verilməlidir! Sahibkar və ya vətəndaş həmin vəsaiti ölkəyə gətirməli, leqallaşdırmalı və milli iqtisadiyyata – sənayeyə, kənd təsərrüfatına, yeni texnologiyalara, real sektora yatırmalıdır. Bu, ölkəyə milyardlarla manatlıq investisiya axını deməkdir.

Eyni yanaşma sənədsiz torpaqlara və evlərə də tətbiq olunmalıdır. İllərdir insanlar ev tikib yaşayırlar, dövlət həmin evlərdən işıq, qaz, su pulu, kommunal rüsumlar alır, amma adına gələndə deyir ki, "bu ev sənədsizdir". Bu yanaşma kökündən yanlışdır! İcra hakimiyyətlərinin və ya bələdiyyələrin vaxtilə verdiyi sənədlər əsasında tikilmiş yüz minlərlə sənədsiz ev var. İşıq pulunu aldığın evə niyə mülkiyyət hüququ verən çıxarış verməsən?

Bu gün fermerlərin və vətəndaşların ən böyük bəlası torpaqların və mənzillərin sənədsiz olmasıdır. Sənədi olmayan torpağa görə kəndli nə bankdan kredit ala bilir, ne subsidiyadan yararlanır, nə də müasir biznes qura bilir. Mülkiyyət çıxarışı olmayanda vətəndaş faktiki olaraq iqtisadi dövriyyədən təcrid olunur. Ona görə də kompleks şəkildə həm əmlak, həm də maliyyə amnistiyası verilməlidir. Cənab Prezident də dəfələrlə bu evlərin rəsmiləşdirilməsi ilə bağlı tapşırıqlar verib. Əlbəttə, yüksək gərginlikli elektrik xətlərinin, neft-qaz kəmərlərinin və ya dəmir yolunun düz üstündə tikilən təhlükəli evlər istisnadır – onlar sökülməli və sakinlərinə kompensasiya verilməlidir. Amma qalan bütün sənədsiz yaşayış sahələrinə və torpaqlara təcili amnistiya verilərək rəsmiləşdirilməlidir.

– Dövlət başçısı da çıxışlarında rayonlardan paytaxta əhali axınının qarşısının alınmasının vacibliyini xüsusi vurğulayıb. Rayonlarda iş yerləri və torpaq problemlərdən həll olunmadan Bakının yükünü azaltmaq mümkündürmü? Qanunverici və iqtisadi müstəvidə hansı konseptual təklifləriniz var?

– Regionlardan Bakıya axını inzibati yollarla dayandırmaq mümkün deyil. Yeganə yol kəndlərdə və rayonlarda insanlara real iş yerləri, sabit gəlir imkanı yaratmaqdır. Bunun üçün Azərbaycanın 14 iqtisadi rayonunun hər birinin öz resurslarına və mühitinə uyğun xüsusi inkişaf proqramı hazırlanmalıdır.

Məsələn, öz doğulduğum Qubanın Qonaqkənd ərazisini misal çəkim: orada 40-a yaxın kənd var və iş yeri olmadığı üçün həmin kəndlər günbəgün boşalır. İnsanlar dolanışıq üçün şəhərə üz tuturlar. Sovet dövründə Sumqayıtda, Bakıda olan iri zavodların rayonlarda 150-200 nəfərlik sexləri, filialları açılardı ki, əhali yerində işləsin. Bu gün Sumqayıtda böyük Sənaye Parkı yaratmışıq, orada minlərlə insan çalışır. Həmin istehsalat sahələrinin kiçik filiallarını Qubada, Qusarda, Xaçmazda, Lənkəranda, Qazaxda açmaq lazımdır. Industrial parklaşmanı və aqrar subsidiyaları bilavasitə kəndlərdəki kiçik təsərrüfatlara yönəltsək, kəndli biləcək ki, öz torpağında işi var, məhsuluna dövlət zəmanəti var. Yalnız bu halda biz paytaxtın yüklənməsinin və kəndlərin tənəzzülünün qarşısını kompleks şəkildə ala bilərik.

Elçin Rüstəmli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol