Azərbaycanda kartdan-karta (P2P) pul köçürmələrinə tətbiq olunan limitlər kiçik və orta sahibkarlar arasında narazılıq yaradıb. Xüsusilə bazarlarda və pərakəndə satış obyektlərində kartla ödənişlərin geniş yayılması fonunda bu məhdudiyyətlərin sahibkarların gündəlik fəaliyyətinə təsiri müzakirə olunur. Bəzi ekspertlər hesab edir ki, P2P limitləri nağdsız ödənişlərin inkişafına mane olmaqla yanaşı, nağd pul dövriyyəsinin artmasına səbəb ola bilər

Bəs tətbiq olunan limitlər sahibkarlar və istehlakçılar üçün hansı nəticələrə gətirib çıxara bilər? Bu məhdudiyyətlər nağdsız ödənişlərin azalmasına və nağd dövriyyənin artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirb ki, avqustun 1-dən qüvvəyə minən kartdan-karta köçürmələrlə bağlı yeni məhdudiyyətlər əsasən ödənişlərin daha şəffaf və izlənilə bilən kanallara yönəldilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, yeni qaydaya əsasən, hər bir ödəniş aləti üzrə gündə maksimum 5 kartdan-karta əməliyyat, aylıq isə ümumilikdə 20 min manatadək əməliyyat aparmaq mümkündür: “Burada gündəlik məbləğ limiti müəyyən edilməyib, məhdudiyyət əməliyyatların sayına və aylıq ümumi məbləğə aiddir. Şəxsin öz kartları arasında həyata keçirdiyi köçürmələr isə bu qaydanın əhatəsinə daxil edilmir. Bu dəyişiklik adi vətəndaş üçün ciddi problem yaratmaya bilər. Əksər şəxslər gündəlik həyatında bir kartdan digər şəxsin kartına beş dəfədən artıq köçürmə etmir. Lakin məsələ kartdan-karta ödənişdən faktiki satış və xidmət kanalı kimi istifadə edən kiçik sahibkarlar üçün tamamilə fərqli görünür. Xüsusilə sosial şəbəkələr üzərindən məhsul satan, evdən sifariş qəbul edən, onlayn xidmət göstərən, kuryerlə işləyən və bazarlarda fəaliyyət göstərən şəxslər üçün şəxsi kart uzun müddət ən sadə ödəniş vasitələrindən biri olub.

Məsələn, gün ərzində 10-15 müştəridən ayrı-ayrılıqda ödəniş qəbul edən kiçik satıcı üçün 5 əməliyyat limiti artıq texniki maneəyə çevrilə bilər. Müştərinin hesablaşması üçün satıcıdan başqa karta ödəniş istənilməsi isə həm alıcı, həm də satıcı üçün əlavə narahatlıq yaradır. Daha böyük dövriyyəsi olan sahibkar üçün isə 20 min manatlıq aylıq hədd daha ciddi məsələdir. Əgər həmin məbləğ ayın ilk günlərində və ya ortalarında formalaşırsa, sahibkarın növbəti satışlarını eyni şəxsi kart üzərindən qəbul etməsi mümkün olmur”.

Ekspert qeyd edib ki, burada əsas məsələ limitin özündən daha çox kiçik biznesin rəsmi ödəniş infrastrukturuna keçid sürətidir: “Əgər sahibkar POS-terminal, biznes hesabı və digər rəsmi ödəniş imkanlarından istifadə edirsə, kartdan-karta limitləri onun fəaliyyətini birbaşa məhdudlaşdırmır. Bu baxımdan yeni qaydanın arxasında məntiqli iqtisadi məqsəd də görünür: sahibkarlıq fəaliyyəti şəxsi kart üzərindən deyil, biznes hesabı və POS-terminal kimi kommersiya ödəniş alətləri vasitəsilə aparılmalıdır.

Ancaq keçid prosesinin özünün sahibkar üçün xərci var. POS-terminalın əldə edilməsi, bank komissiyaları, biznes hesabının aparılması, mühasibat uçotu, vergi öhdəlikləri və digər inzibati prosedurlar xüsusilə çox kiçik dövriyyəsi olan satıcı üçün əlavə yük yarada bilər. Böyük şirkət üçün bu xərclər ciddi problem olmaya bilər, amma gündə bir neçə məhsul satan və ya ailə gəlirini kiçik ticarətlə təmin edən şəxs üçün hər bir əlavə xərc əhəmiyyətlidir”.

A.Nəsirli vurğulayıb ki, bu səbəbdən məhdudiyyətlərin ən böyük riski nağd hesablaşmaya qayıdışdır: “Əgər kartdan-karta ödəniş asan və əlçatan olduğu halda məhdudlaşdırılır, amma POS-terminala keçid sahibkar üçün baha və mürəkkəbdirsə, satıcı və alıcı daha sadə alternativ kimi nağda üstünlük verə bilər. Bu isə rəqəmsallaşmanın sürətlənməsi əvəzinə müəyyən seqmentlərdə nağd dövriyyənin artmasına səbəb ola bilər. Belə bir nəticə vergi sistemi baxımından da arzuolunan deyil. Kartdan-karta ödənişlər ən azı bank sistemi üzərindən iz buraxır və pulun hərəkətini müəyyən qədər izləməyə imkan verir. Nağd hesablaşma isə xüsusilə kiçik pərakəndə ticarətdə dövriyyənin real həcminin müəyyənləşdirilməsini çətinləşdirə bilər. Nəticədə dövlətin məqsədi kölgə iqtisadiyyatını azaltmaqdırsa, tənzimləmə elə qurulmalıdır ki, sahibkar nağda qayıtmaqdansa rəsmi elektron ödəniş vasitəsinə keçməyi daha sərfəli hesab etsin.

Digər tərəfdən, bu dəyişiklik POS-terminal istifadəsinin genişlənməsinə də ciddi təkan verə bilər. Əgər sahibkar görsə ki, şəxsi kartla ödəniş qəbul etmək artıq əvvəlki qədər rahat deyil, biznes hesabı açmağa və POS-terminal quraşdırmağa üstünlük verə bilər. Bu isə uzunmüddətli perspektivdə həm nağdsız ödənişlərin, həm də biznesin rəsmiləşməsinin artmasına səbəb ola bilər. Yəni tədbirin nəticəsi avtomatik olaraq mənfi və ya müsbət deyil; nəticəni sahibkarın qarşısına qoyulan alternativlərin əlçatanlığı müəyyən edəcək”.

İqtisadçı hesab edir ki, əsas məsələ əsaslandırılmış əməliyyatlarla bağlı istisna mexanizminin necə işləyəcəyidir: “Əgər sahibkar real biznes fəaliyyətini sənədlərlə təsdiq edə bilirsə və limitin artırılması və ya məhdudiyyətin aradan qaldırılması prosesi sürətli həyata keçirilirsə, problem əhəmiyyətli dərəcədə azalacaq. Əksinə, sahibkar hər dəfə bankla uzun yazışmalar aparmalı, çoxsaylı sənədlər təqdim etməli və günlərlə cavab gözləməli olarsa, bu mexanizm gündəlik ticarət üçün effektiv həllə çevrilməyəcək.

Əslində burada daha mühüm məsələ kiçik biznesin “şəxsi kartdan kommersiya ödənişinə” keçidinin necə təşkil edilməsidir. Sahibkara sadəcə “şəxsi kartdan istifadə etmə” demək kifayət deyil. Ona rahat, ucuz və sürətli alternativ təqdim olunmalıdır. POS-terminalın əldə edilməsi asanlaşdırılmalı, kiçik sahibkar üçün bank komissiyaları mümkün qədər aşağı saxlanmalı, biznes hesablarının açılması və idarə edilməsi sadələşdirilməlidir”.

Ekspert sonda əlavə edib ki, xüsusilə sosial şəbəkələrdə fəaliyyət göstərən mikro-sahibkarlar üçün mobil POS, ödəniş linkləri və digər rəqəmsal ödəniş alətləri daha geniş tətbiq oluna bilər. Beləliklə, müştəri yenə telefondan və ya kartdan istifadə etməklə ödəniş edə bilər, sahibkar isə şəxsi kartdan istifadə etmək məcburiyyətində qalmaz: “Nəticədə yeni limitlərin iqtisadi effekti onların tətbiqindən çox, alternativ ödəniş sistemlərinin nə dərəcədə əlçatan olmasından asılı olacaq. Əgər məqsəd şəxsi kartlardan kommersiya məqsədilə istifadənin qarşısını almaq və biznesi rəsmiləşdirməkdirsə, bu, uzunmüddətli perspektivdə müsbət nəticə verə bilər. Amma sahibkar üçün rəsmi ödəniş kanalına keçid baha, mürəkkəb və vaxt aparan olarsa, eyni tədbir əks nəticə verərək nağd hesablaşmaları artıra bilər.

Ona görə ən düzgün yanaşma məhdudiyyətləri sadəcə sərtləşdirmək deyil, paralel şəkildə kiçik biznes üçün POS və digər elektron ödəniş imkanlarını ucuzlaşdırmaq və sadələşdirməkdir. Sahibkarın qarşısında seçim “kartla işləyə bilmərəm, nağda keçməliyəm” deyil, “rəsmi elektron ödənişlə işləmək mənim üçün daha rahat və sərfəlidir” formasında qurulmalıdır. Yalnız bu halda yeni qaydalar nağd dövriyyəni artıran məhdudiyyətə deyil, nağdsız iqtisadiyyatın və şəffaf biznesin genişlənməsinə xidmət edə bilər”.

Oğuz Ayvaz 

“AzPolitika.info”