Azərbaycanda gündəlik xərclərin artması vətəndaşın pulunun real alıcılıq qabiliyyətini də dəyişib. 10 il əvvəl 100 manata alınan ərzaq və gündəlik tələbat məhsullarından ibarət səbətə bu gün nə qədər pul lazım olduğu maraq doğurur. Eyni məhsullar üzrə 2016-cı il və 2026-cı ilin qiymətlərini müqayisə etməklə əhalinin real alıcılıq qabiliyyətindəki dəyişiklik ortaya çıxa bilər.
Bəs bu müddətdə maaş artımları bahalaşmanı kompensasiya edə bilibmi? Azərbaycanda vətəndaşın 10 il əvvəlki 100 manatı bu gün real olaraq nə qədər dəyər itirib?
Mövzu ilə bağlı “AzPolitika”-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, ildən-ilə qiymətlərin qalxması və buna müvafiq olaraq da milli valyutanın alıcılıq qabiliyyətinin enməsi əslində, təbii haldır və bu, bütün ölkələrə xasdır.

Onun sözlərinə görə, dünyanın ən güclü valyutası olan ABŞ dollarının dəyəri və alıcılıq qabiliyyəti nəyinki 5-0 il əvvəlki səviyyədə deyil, ildən-ilə də eyni deyil, fərqlidir. Yəni, alıcılıq qabiliyyəti aşağı düşməkdədir: m“Demək istədiyim odur ki, Azərbaycan manatının da dəyəri və alıcılıq qabiliyyəti 10 il əvvəlki səviyyədə deyil, əhəmiyyətli şəkildə aşağı düşmüşdür. Çünki istehlak qiymətləri səviyyəsi bu müddət ərzində yerində donub qalmayıb, hər il dəyişib və ancaq və ancaq, yüksələn xətt üzrə dinamika nümayiş etdirib. Bu həm, daxili tələbatın artması ilə əlaqədar baş verib, həm qlobal bazarlarda ortaya çıxan bahalaşma ilə bağlı, həm də logistika və o cümlədən, digər dəyişiklik, cərəyan və tendensiyalar ilə əlaqəli olaraq”.
Ekspert qeyd edib ki, sözügedən müddətdə əhalinin dolanışıq vəziyyəti ötən 10 il ərzində əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə yüksəyə doğru dəyişiklər, yəni artımlar olmaya bilməz və bu göstərici üzrə də əhəmiyyətli dəyişikliklər baş vermişdir, gəlirlər artmışdır: “Məsələn, 2016-cı ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 105 manat həddində idisə, hazırda 400 manatdır. Yəni ki, 3,8 dəfə artım baş verib, təxminən 281% səviyyəsində. Minimum pensiya məbləğisə 110 manatdan 320 manata çatıb, 2,9 dəfə (190,9%) artım baş verib. Və yaxud, orta aylıq maaş 494,3 manatdan 1174,4 manatadək yüksəlmişdir. Yəni, 2,4 dəfə artmışdır. Bütün bu artımlar əsasən, 2019-2025-ci illər ərzində həyata keçirilən beş sosial islahat paketi sayəsində mümkün olub. Müavinət və təqaüdlərə son 10 ildə ayrılan illik vəsait ümumilikdə 5 dəfə artıb. Bundan əlavə, vahid indeksasiya metodu ilə hər ilin əvvəlində bütün növ pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq avtomatik artırılır”.
P.Heydərov əlavə edib ki, bununla belə, bütün qeyd olunanlar ümumi göstəricilər olduğundan əhalinin dolanışıq səviyyəsini onun bütün təbəqələri üzrə tam əks etdirmir: “Belə ki, yuxarı əməkhaqqı alanlar ilə aşağı, məsələn, minimum əməkhaqqı alanlar arasında fərq böyükdür. Əmək pensiyaları üzrə də vəziyyət eynidir. Ümumiyyətlə, bir var ki, nominal gəlirlər, bir də var orta aylıq maaş... Nominal gəlirlər, ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pulların - gəlirlərin cəmi hesab olunur ki, bu göstərici demək olar, hamını əhatə edir. Yalnız, rəsmi əmək müqaviləsi ilə muzd olaraq çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsiylə tapılan göstərici isə, orta aylıq nominal əməkhaqqı göstəricisidir. Nominal gəlirlərin tərkib hissələrindən biri olan orta aylıq nominal əməkhaqqı göstəricisi özü də vəziyyəti mütləq şəkildə əks etdirmir”.
İqtisadçı sonda bildirib ki, 2016-cı il də daxil olmaqla, ötən illərdə qeydə alınan rəsmi inflyasiya göstəricilərini əsas götürdükdə, manatın daha çox dəyərdən düşdüyü qənaətinə gəlirik: “Başqa sözlə, 100 manatın alıcılıq qabiliyyətinin zəiflədiyi qədər artımlar tam olaraq kompensasiya rolu oynamamışdır. Xüsusən də, ərzaq və gündəlik tələbat məhsullarından ibarət malların bahalaşması səviyyəsinə uyğun olaraq. Bu isə, gəlirlərinin böyük hissəsini yalnız qidaya xərcləyən aztəminatlı təbəqə üçün dolanışıq vəziyyətini əslində, çətinləşdirmişdir”.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər