Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Laos Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.
"AzPolitika" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı səfirin etimadnaməsini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu deyib. Bildirib ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini deyib. Dövlətimizin başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğulayıb, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirib, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirib.
Dövlətimizin başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş edib.
Səfir, həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırıb.
Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını deyib.
Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şərhlər