Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər həyata keçirilən reydlər nəticəsində 101 əcnəbinin ölkədən deportasiya olunduğunu açıqlayıb. Xaricilər arasında Rusiya vətəndaşları da yer alıb.
DİN-in məlumatına görə, Gürcüstandan çıxarılan şəxslər Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, Belarus, Özbəkistan, Türkmənistan, Çin, Hindistan, Misir, İordaniya, Əlcəzair, Keniya, Kuba, Kot-d'İvuar, Nigeriya, Nepal, Pakistan, Filippin və digər dövlətlərin vətəndaşlarıdır.
Deportasiya edilən bütün şəxslərin respublikaya girişinə qadağa qoyulub.
Qeyd olunub ki, son dövrlərdə Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək həm deportasiya prosedurlarını, həm də miqrantların yoxlanılması prosesini sadələşdirib.
DİN hər ay onlarla əcnəbinin ölkədən çıxarıldığını bildirir. Rəsmi statistikaya görə, cari ilin əvvəlindən bəri Gürcüstandan 3,6 mindən çox qeyri-qanuni miqrant deportasiya olunub.
“AzPolitika.info”


Şərhlər