Azərbaycanda 2027-ci il üçün yaşayış minimumunun və ehtiyac meyarının həddi artırılır. Bu, növbəti ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrində öz əksini tapıb.
Belə ki, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il ölkə üzrə yaşayış minimumu cari illə müqayisədə 14 manat və ya təxminən 4.6 faiz artaraq 314 manat müəyyən edilib.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə proqnozlaşdırılan məbləğlər və illik müqayisə aşağıdakı kimidir:
-Ölkə üzrə yaşayış minimumu 2026-cı ildəki 300 manatdan 2027-ci ildə 314 manata yüksəlir (təxminən 4.6% artım);
-Əmək qabiliyyətli əhali üçün - 317 manatdan 334 manata çatdırılır (təxminən 5.3% artım);
-Pensiyaçılar üçün - 245 manatdan 258 manata qaldırılır (təxminən 5.3% artım);
-Uşaqlar üçün isə 260 manatdan 274 manata yüksəldilir (təxminən 5.4% artım).
Bundan əlavə, 2027-ci il üçün ehtiyac meyarının həddi də yaşayış minimumu ilə eyni səviyyəyə – 314 manat çatdırılması nəzərdə tutulur. Bu göstərici ölkədə ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsində əsas baza rolunu oynayır.
Maraqlıdır, hələn il gözlənilən 4.6%–5.4% intervalındakı artım templəri makroiqtisadi göstəricilər və real həyat bahalığı fonunda necə görünür?
Məlum olduğu kimi son illərdə istehlak bazarında, xüsusilə ərzaq məhsulları, dərman preparatları və gündəlik xidmət sektorunda qiymət artımları müşahidə olunur. Yaşayış minimumunun təxminən 4.6% səviyyəsində artırılması qiymət artımlarının təsirini yumşaltmağa və baza sosial müdafiəni qorumağa yönəlsə də, real istehlak səbətindəki xərclərin artım sürəti ilə müqayisədə həssas qrupların alıcılıq qabiliyyətinə ciddi bir əlavə dəyər qatmır. Başqa sözlə, bu artım inflyasiyanın yaratdığı təzyiqləri kompensasiya etmək xarakteri daşıyır.
Onu da vurğulayaq ki, makroiqtisadi proqnozlara görə, ölkədə orta aylıq nominal əməkhaqqının artım tempi adətən yaşayış minimumunun indeksasiya faizini üstələyir. Ümumi iqtisadiyyatda və orta gəlirli təbəqədə nominal artımlar daha yüksək olsa da, yaşayış minimumu daha çox ən aşağı gəlirli və həssas təbəqənin sosial təminatına hesablandığı üçün onun artım trayektoriyası ümumi iqtisadi böyümə templərindən geri qalır. Bu isə cəmiyyətdə gəlir bərabərliyi və sosial təminat standartlarının adekvatlığı ilə bağlı müzakirələri hər zaman aktual saxlayır.
Beləliklə, 2027-ci il üçün nəzərdə tutulan 14 manatlıq artım dövlətin sosial öhdəliklərini yerinə yetirdiyini göstərsə də, ekspertlər hesab edirlər ki, yaşayış minimumunun hesablanma metodologiyası və istehlak səbətinin real bazar qiymətlərinə uyğunlaşdırılması istiqamətində daha çevik mexanizmlərə ehtiyac var. Həssas qrupların sosial rifahının qorunması üçün bu cür artımların inflyasiya təzyiqlərini tam neytrallaşdırması qarşıdakı dövrdə də əsas müzakirə mövzularından biri olaraq qalacaq.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər