Menu

VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?

31.10.2026, 09:19
VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?

Vəzifəli şəxslərin sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmasına, eləcə də əlavə ödənişli vəzifə tutmasına məhdudiyyət qoyulması təklif edilir.

"AzPolitika" xəbər verir ki, bu müddəalar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs birbaşa və ya başqa şəxslər vasitəsilə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, əlavə vəzifə tutmaq və ya kənar fəaliyyətlə məşğul olmaq üçün səlahiyyətli qurumun rəyi tələb olunacaq. Əlavə fəaliyyətə yalnız onun əsas vəzifənin icrasına mane olmadığı və maraqlar toqquşmasına səbəb olmadığı halda icazə veriləcək. Layihədə depozitlərdən, qiymətli kağızlardan, icarədən və royaltilərdən qanunvericiliyə uyğun olaraq gəlir əldə edilməsinə isə imkan yaradılır.

Məlum olduğu kimi, hazırda bir sıra məmurlar həm özləri, həm də yaxın qohumları vasitəsilə müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bəs maraqlıdır, yeni qanunun qəbulu onların sahibkarlıq fəaliyyətinə necə təsir edəcək?

Bu barədə hüquqşünas Əkrəm Həsənov “AzPolitika”ya açıqlamasında bildirib ki, vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına mövcud qanunvericiliklə də məhdudiyyət qoyulub: "Lakin praktikada bəzi məmurların bu fəaliyyəti öz yaxınları və digər şəxslər vasitəsilə həyata keçirməsi halları mövcuddur. Təklif olunan yeni məhdudiyyətlərin nə dərəcədə effektiv olacağını söyləmək çətindir. Sabah necə müəyyən edəcəyik ki, həmin yaxınlarının bu fəaliyyətə aidiyyəti var, yoxsa yoxdur? Buna görə də yeni məhdudiyyətlərin effektiv tətbiq edilməsi lazımdır".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov

"Bundan əlavə, belə hallarla mübarizə aparmaq üçün ilk növbədə məmurlar gəlir bəyannaməsi təqdim etməlidirlər. Parlament hələ 2005-ci ildə vəzifəli şəxslərin gəlir bəyannaməsi ilə bağlı qanun qəbul edib. Bundan sonra, 21 il əvvəl Nazirlər Kabinetinə bəyannamənin formasının hazırlanması tapşırılıb. Lakin Nazirlər Kabineti 21 ildir ki, həmin formanı təsdiqləmir", – deyə hüquqşünas qeyd edib.

Ə. Həsənovun sözlərinə görə, məmurlar gəlirlərini bəyan etsələr, onların hansı mənbələrdən qazanc əldə etdiyini müəyyənləşdirmək mümkün olar: "Eyni zamanda, həmin şəxslərin və yaxınlarının sahibkarlıq fəaliyyəti də daha asan araşdırıla bilər. Tutaq ki, məmur gəlirlərini bəyan edib, lakin onun xərcləri göstərdiyi gəlirlərlə uyğun gəlmir. Bu zaman sual yaranmalıdır: artıq vəsait haradandır? Beləliklə, məmurun özü və ya yaxınları vasitəsilə əldə etdiyi gəlirləri də müəyyənləşdirmək mümkün olar. Ümumiyyətlə, korrupsiya ilə mübarizə və maraqlar toqquşmasının qarşısının alınması sistemli şəkildə həyata keçirilməlidir. Bunun üçün müvafiq mexanizmlər olmalıdır.".

Deputat Ceyhun Məmmədov isə “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda vəzifəli şəxslərin sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olması qanunla artıq qadağandır. Onun sözlərinə görə, bu baxımdan məsələyə yenidən yanaşarkən əsas diqqət mövcud qanunların icrasına və bu prosesə nəzarət mexanizmlərinə yönəldilməlidir.

Deputat qeyd edib ki, hazırda qanunvericilik vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olmasına icazə vermir. Lakin əsas problem bu qadağaların praktikada nə dərəcədə təmin olunmasıdır: “Düşünürəm ki, biz məsələyə yenidən baxmalı və bir məqamı xüsusilə nəzərə almalıyıq. Bu gün Azərbaycanda rəsmi şəxslərin bizneslə məşğul olması qanunla qadağan edilib. Yəni, vəzifəli şəxslərin sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmasına qanun icazə vermir. Bu baxımdan, mövcud qanunvericilikdə də müvafiq qadağalar var. Amma məsələnin digər tərəfi bu prosesə nəzarətlə bağlıdır. Belə halların praktikada qarşısının alınması üçün ciddi və güclü nəzarətin həyata keçirilməsinə ehtiyac var. Bu gün problem qanunvericilikdə deyil, daha çox həmin qanunların tətbiqindədir. Biz bu barədə düşünməliyik ki, necə edək, bu məsələ praktik baxımdan da öz həllini tapsın. Heç kim belə bir əmələ, belə bir addıma yol verməsin və mövcud vəziyyətdən sui-istifadə etməsin. Əsas və ən vacib məsələ, məncə, məhz budur”.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol