Menu

Polşada siyasi böhran dərinləşir: Səfirlər istefa verdi

31.10.2026, 08:44
Polşada siyasi böhran dərinləşir: Səfirlər istefa verdi

Polşada Konstitusiya Məhkəməsi ətrafında yaşanan gərgin siyasi böhran diplomatik korpusa da sıçrayıb. Ölkənin Çindəki səfiri Yakub Kumox və Rumıniyadakı səfiri Pavel Solox vəzifələrindən istefa verdiklərini bəyan ediblər.

"AzPolitika" xəbər verir ki, bu barədə hər iki diplomat “X” sosial şəbəkəsində paylaşım edib. Onlar qərarlarını Konstitusiya Məhkəməsi ətrafında yaranmış mövcud böhranla əlaqələndiriblər.

Xatırladaq ki, gərginlik oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurekin Konstitusiya Məhkəməsinin sədr vəzifəsini icra edən Boqdan Sventçkovskinin toxunulmazlığının ləğvi və səlahiyyətlərinin dayandırılması ilə bağlı vəsatət qaldırmasından sonra pik həddə çatıb.

Hadisədən dərhal sonra məhkəmə binasının mühafizəsi gücləndirilib və əraziyə əlavə polis qüvvələri cəlb olunub. Binanın qarşısına toplanan etirazçılar hüquq-mühafizə orqanlarının qurduğu canlı çəpəri yararaq içəri daxil olmağa cəhd göstəriblər.

Ölkədə vəziyyətin kəskinləşməsi səbəbindən Polşa Prezidenti Karol Navrotski Seneqala rəsmi səfərini yarımçıq saxlayaraq təcili olaraq Varşavaya qayıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol