ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoiff və Cared Kuşner Moskva və Kiyevə gözlənilən səfərləri zamanı tərəflərə yeni bir sülh planı təqdim edəcəklər.
“AzPolitika” xəbər verir ki, bunu Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərə deyib.
"Onlar özləri ilə müharibəyə son qoymaq üçün bir təklif aparırlar" – Tramp bildirib. Tramp əlavə edib ki, onun elçiləri "gözəl iş görüblər” və uğur qazanmaq üçün “yaxşı şans" görür.
ABŞ Preidentinə görə, nizamlanmaya əsas maneə yaradan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin münasibətləridir: "Onların arasında böyük nifrət var və bu, onlara mane olur. Bilirsiniz, təkcə ötən həftə onlar (döyüş meydanında) 32.000 adam itirdilər".
Qeyd edək ki, dünən Zelenski Uitkoff və Kuşnerin yaxın günlərdə Moskva və Kiyevə səfər edəcəklərini açıqlayıb. O bildirib ki, amerikalı danışıqçılar sentyabrın 6-da Ukrayna paytaxtında olacaqlar və bu, onların Ukraynaya ilk səfəri olacaq.
Zelenski həmçinin Trampın xüsusi elçilərinin səfəri zamanı Rusiya ilə hava hücumlarına qarşılıqlı fasilə verilməsini təklif edib.
"Bizim tərəfimizdən hava hücumları olmayacaq və Rusiya da qarşılıqlı sükutu təmin etməlidir", - deyə o qeyd edib.
Bu arada, "The New York Times" qəzeti yazıb ki, ABŞ Kiyev və Moskvadan Uitkoff və Kuşnerin səfəri zamanı qarşılıqlı hücumları dayandırmağı xahiş edib. Bu səfər üçün danışıqlar bir neçə həftədir davam edir, elçilər şənbə günü Putinlə, bazar günü isə Zelenski ilə görüşəcəklər.
Zelenski "mümkün olan ən konstruktiv və məzmunlu səfər" gözlədiyini vurğulayıb. "Bu müharibəyə son qoymaq üçün real variantlar axtarmalıyıq. Görək Stiv və Cared hansı təklifləri irəli sürür və Moskvada onlara nə deyiləcək", - deyə o əlavə edib.
Hələ avqustun 14-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, "Putin amerikalı danışıqçıları qəbul etməyə hazırdır, o başqa məsələdir ki, onlar nə gətirəcəklər”.
23 avqustda Zelenski Trampın elçiləri və Avropa rəsmiləri ilə yeni sülh təkliflərinin hazırlandığını elan edib. O bildirib ki, plan atəşkəs və qoşunların qarşılıqlı şəkildə çıxarılması, eləcə də Donbasda üçüncü tərəfin nəzarəti altında "azad iqtisadi zona"nın yaradılmasını nəzərdə tutur.
Hələlik detalları tam aydın olmayan bu plan Ukraynadakı qanlı savaşı bitirmək üçün növbəti cəhd olacaq. Öncəki cəhdlər gözlənilən nəticələri verməmişdi, bəs bu dəfə alınacaqmı?
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər