Azərbaycanda icra hakimiyyəti başçılarının vəzifədə qalma müddəti zaman-zaman müzakirə olunan məsələlərdəndir. Prezident sərəncamları ilə illər ərzində rayon və şəhərlərin rəhbərləri dəyişsə də, bəzi icra başçıları uzun illərdir tutduqları vəzifəni qoruyub saxlayırlar.
Onların arasında hətta 1990-cı illərdən etibarən icra başçısı kimi fəaliyyət göstərən şəxslər də var. Belə ki, bəzi məmurlar bir neçə prezidentlik dövrünü geridə qoyaraq hələ də rayon və şəhərlərə rəhbərlik edirlər.
Bəs Azərbaycanda ən uzun müddət icra başçısı işləyənlər kimlərdir və onların hər biri neçə ildir bu vəzifədədir?
“AzPolitika” hazırda vəzifədə olan icra başçıları arasında ən uzun staja malik 20 şəxsi araşdırıb:
Eyvaz Hüseynov — Xocavənd

Eyvaz Hüseynov siyahının lideridir. O, 2 iyul 1992-ci ildə sabiq ölkə başçısı Əbülfəz Elçibəy tərəfindən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2026-cı ilin iyulunda onun Xocavəndə rəhbərliyinin 34 ili tamam olub. Hazırda da Xocavənd RİH-in başçısıdır.
Adil Məmmədov — Qobustan

Adil Məmmədovun stajı yalnız Qobustanla məhdudlaşmır. O, 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonlarının icra başçısı olub. 26 aprel 2011-ci ildə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun ümumi icra başçılığı stajı 32 ildən çoxdur. Hazırda onun 74 yaşı var və pensiya alır.
Novruz Novruzov — Siyəzən

Novruz Novruzov da müxtəlif rayonlarda uzunmüddətli rəhbərlik edib. 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə Şabran rayonlarının icra başçısı olub. 5 aprel 2019-cu ildə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 31 ildən çoxdur ki, icra başçısı olan 72 yaşlı N.Novruzov da pensiya alan başçılar arasındadır.
Taleh Qaraşov — Lənkəran

Taleh Qaraşov 1996-cı ildə Kürdəmirin icra başçısı təyin olunub. Daha sonra Cəlilabad, Neftçala və Astara rayonlarına rəhbərlik edib. 14 aprel 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. Beləliklə, 2026-cı ildə onun icra başçısı kimi stajı 30 ili ötüb. T. Qaraşovun 67 yaşı var və o da digər həmkarları kimi, pensiya alır.
Eldar Əzizov — Bakı

Eldar Əzizov 2000-ci ildə Bakının Nizami rayonunun icra başçısı təyin olunub. Daha sonra Gəncə (2003-2011), Sumqayıt (2011-2015), Səbail (2015-2018) rayon və şəhərlərinə rəhbərlik edib. 15 noyabr 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Bakı merinin ümumi icra başçılığı stajı 26 ildən çoxdur.Eldar Əzizovun 69 yaşı var və o da yaşa görə pensiya məvacibi alır.
Şahmar Usubov — Xocalı

Şahmar Usubov 21 dekabr 2000-ci ildə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Digər uzunmüddətli başçılardan fərqli olaraq onun bu stajı eyni rayon üzrədir.
Malik İsaqov — Qubadlı

Malik İsaqov 8 sentyabr 2001-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O vaxtdan bu vəzifəni dəyişmədən davam etdirir. Pensiya yaşına çatmış (72 yaş red.) M. İsaqovun 2026-cı il sentyabrın 8-də onun Qubadlı RİH başçısı kimi 25 ili tamam olacaq.
Abdin Fərzəliyev — Abşeron

Abdin Fərzəliyev 2003-cü ilin aprelində Nizami RİH-in başçısı təyin olunub. 2005-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər Nərimanov rayonuna rəhbərlik edib. 19 yanvar 2022-ci ildə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Beləliklə, onun ümumi stajı 23 ildən çoxdur.
Vidadi İsayev — Bərdə

Vidadi İsayev 2005-2011-ci illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı olub. 3 mart 2011-ci ildə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra başçısı kimi ümumi fəaliyyəti 21 ildən çoxdur.
Mənsur Məmmədov — Ucar

Mənsur Məmmədov əvvəlcə 29 mart 2005-ci ildə Zərdab, 14 dekabr 2007-ci ildə Göyçay, 27 yanvar 2015-ci ildə isə Ucar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Buna görə onun ümumi icra başçılığı stajı 21 ildən çoxdur.
Zakir Fərəcov — Sumqayıt

Zakir Fərəcov 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olub. 2 sentyabr 2015-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Beləliklə, o 21 ildən çoxdur icra başçısı vəzifəsindədir.
Əziz Əzizov — Beyləqan

Əziz Əzizov icra başçısı karyerasına 2006-cı ildə Cəlilabadda başlayıb. 2018-ci ildə Yasamala, 2019-cu ildə Suraxanıya, 8 iyul 2024-cü ildə isə Beyləqana təyin olunub. Beləliklə, onun icra başçısı kimi stajı 20 ildən çoxdur.
Qəzənfər Ağayev — Astara

Qəzənfər Ağayev əvvəlcə 24 mart 2006-cı ildə Yardımlı, daha sonra Masallı, 14 aprel 2012-ci ildən isə Astara Rayon İcra Hakimiyyətinin başçısı olub. Beləliklə, onun icra başçısı kimi ümumi stajı 20 ildən çoxdur. Hazırda da Astara RİH-ə rəhbərlik edir.
Xəzər Aslanov — Xızı

Xəzər Aslanov əvvəlcə 10 oktyabr 2006-cı ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı olub. 10 aprel 2012-ci ildə Xızı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beləliklə, ümumi stajı 19 ildən çoxdur.
Elxan Usubov — Şəki

Elxan Usubov 2007-2011-ci illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olub. 23 may 2011-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və həmin vəzifədə qalır. Ümumi stajı 19 ildən çoxdur.
Rövşən Bağırov — Ağsu

Rövşən Bağırov 2 aprel 2007-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 29 aprel 2021-ci ildə isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı olub. Hazırda da Ağsuya rəhbərlik edir. Ümumi stajı 19 ildən çoxdur.
Mübariz Əhmədzadə — Zaqatala

Mübariz Əhmədzadə 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinin başçısı olub. 1 sentyabr 2009-cu ildən isə Zaqatala Rayon İcra Hakimiyyətinə rəhbərlik edir. Beləliklə, 18 ildən çoxdur icra başçısıdır.
Siraqəddin Cabbarov — Sabirabad

Siraqəddin Cabbarov 25 aprel 2008-ci ildə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 17 may 2019-cu ildən isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır. Ümumi stajı 18 ildən çoxdur.
Bayram Səfərov — Şuşa

Bayram Səfərov 27 fevral 2009-cu ildə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, hazırda da Şuşa RİH-in başçısıdır. Beləliklə, 17 ildən çoxdur bu vəzifədədir.
Səbuhi Abdullayev — Qəbələ

Səbuhi Abdullayev 4 mart 2010-cu ildə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda da Qəbələyə rəhbərlik edir. Beləliklə, onun icra başçısı kimi stajı 16 ildən 6 ay çoxdur.
Elvin Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər