Dünyada artan qeyri-müəyyənlik və gözlənilməz hadisələr hökumətləri fövqəladə vəziyyətlərə hazırlıq tədbirlərini gücləndirməyə vadar edir. Böyük Britaniya hökuməti əhaliyə evlərində üç gün üçün kifayət edəcək su, ərzaq və digər zəruri vasitələrin ehtiyatını saxlamağı tövsiyə edib.
Bəs belə bir çağırışın arxasında hansı təhlükələr dayanır? Müasir dövrdə elektrik, su, telefon və internet xidmətlərinin qəfil dayanması nə dərəcədə real təhlükədir?
Mövzunu "Azpolitika"ya şərh edən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Böyük Britaniya hökumətinin əhaliyə evlərində üç günlük su, ərzaq və digər zəruri vasitələrin ehtiyatını saxlamağı tövsiyə etməsi müasir dünyada təhlükəsizlik anlayışının dəyişdiyini göstərir:
"Artıq elektrik enerjisi, su, telefon, internet və elektron ödəniş sistemlərinin fasiləsiz fəaliyyəti yalnız texniki məsələ deyil, həm də milli təhlükəsizliyin və iqtisadi dayanıqlılığın mühüm tərkib hissəsidir. Britaniya hökumətinin “Be Ready” kampaniyası əhalinin fövqəladə hallara hazırlığını artırmağa yönəlib. Bu çərçivədə vətəndaşlara üç gün ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılamağa imkan verəcək ilkin ehtiyatlar yaratmaq tövsiyə olunur. Buraya içməli su, uzun müddət saxlanıla bilən ərzaq, zəruri dərmanlar, fənər, batareyalar və digər gündəlik ehtiyac vasitələri daxildir.
Müasir dövrdə elektrik enerjisinin, suyun və rabitə xidmətlərinin qəfil dayanması tam real riskdir. Şiddətli hava şəraiti, texniki qəzalar, kritik infrastrukturun fiziki zədələnməsi, kiber hücumları və təchizat zəncirində yaranan problemlər ayrı-ayrı xidmətlərin fəaliyyətini poza bilər. Elektrik enerjisinin uzun müddət kəsilməsi isə zəncirvari təsir yaradaraq su nasoslarının, mobil rabitə stansiyalarının, bankomatların, elektron ödəniş terminallarının və ərzaqların saxlanılması sistemlərinin fəaliyyətinə təsir göstərə bilər. Belə vəziyyətdə ilkin texniki problemin qısa müddətdə iqtisadi və sosial çətinliklərə çevrilməsi mümkündür. İnternetin və mobil rabitənin dayanması insanların məlumat əldə etməsini, yaxınları ilə əlaqə saxlamasını, bank əməliyyatlarını həyata keçirməsini və dövlət xidmətlərindən istifadəsini çətinləşdirər. Dünyada artan geosiyasi gərginliklər bu risklərə əlavə əhəmiyyət qazandırır. Enerji təchizatı marşrutları, kommunikasiya şəbəkələri, məlumat mərkəzləri və digər kritik infrastruktur obyektləri müasir qarşıdurmaların həssas istiqamətlərindən birinə çevrilib. Kibertəhlükələr də artıq yalnız informasiya sistemləri ilə məhdudlaşmır, real iqtisadi fəaliyyətə və əhalinin gündəlik həyatına təsir göstərə bilir. Buna görə də dövlətlər mümkün böhran ssenarilərini əvvəlcədən qiymətləndirməyə, ehtiyat mexanizmləri yaratmağa və əhalini hazırlıqlı olmağa çağırırlar".
Ekspertin sözlərinə görə, bununla yanaşı, Britaniya hökumətinin üç günlük ehtiyat tövsiyəsi yaxınlaşan müharibənin, konkret hücumun və ya qaçılmaz infrastruktur qəzasının sübutu kimi qəbul edilməməlidir:
"Bu addım müxtəlif risklərin mövcudluğu şəraitində qabaqlayıcı hazırlığın gücləndirilməsinə xidmət edir. Britaniya nümunəsi göstərir ki, fövqəladə hallara hazırlıq böhran baş verdikdən sonra görüləcək tədbirlərlə məhdudlaşmamalıdır. Evlərdə üç günlük su və ərzaq ehtiyatının saxlanması ümumi təhlükəsizlik sisteminin yalnız bir hissəsidir. Əsas məsələ ölkənin kritik infrastrukturunun mümkün fasilələrə nə dərəcədə hazır olması, xidmətlərin alternativ yollarla bərpasının təmin edilməsi və əhalinin belə vəziyyətlərdə necə davranacağını əvvəlcədən bilməsidir.
Hesab edirəm ki, Britaniya hökumətinin bu çağırışı müasir risk mühitinin ciddiliyini nəzərə alan qabaqlayıcı təhlükəsizlik tədbiri kimi qiymətləndirilməlidir. Bu, mütləq fəlakətin baş verəcəyi barədə xəbərdarlıq deyil, müxtəlif ssenarilərə hazırlıqlı olmağın vacibliyini xatırladan mesajdır. Müasir dünyada təhlükəsizlik yalnız böhranların qarşısını almaqla ölçülmür. Böhran baş verdikdə insanların əsas ehtiyaclarının təmin olunması, iqtisadi fəaliyyətin davam etdirilməsi və dövlət xidmətlərinin mümkün qədər fasiləsiz işləməsi də ölkənin dayanıqlılığının əsas göstəricilərindəndir".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər