Menu

AVROPANI BÖHRAN BÜRÜYÜR... – Küçə etirazlarının arxasında nə dayanır?

26.10.2026, 09:05
AVROPANI BÖHRAN BÜRÜYÜR... – Küçə etirazlarının arxasında nə dayanır?

Fransa və İtaliyada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması tələbi ilə başlayan etiraz aksiyaları göstərdi ki, Avropanın aparıcı ölkələrində nəinki iqtisadi vəziyyət, hətta dövlətlə cəmiyyət arasındakı birlik və həmrəylik də düşünüldüyündən daha kövrəkdir. Küçələrdə baş verən iğtişaşlar, talanlar və rəsmi binaların yandırılması bunun bariz əlamətləridir. Hələlik biz, sadəcə, aysberqin görünən tərəfini müşahidə edirik. Əslində isə daha dramatik reallıqlar, bəlkə də, hələ dərinliklərdə gizlənir.

Bu iğtişaşlar zamanı Parisdə mağazaların qarət edilməsi, polislə toqquşmalar gələcək siyasi mənzərənin köklü şəkildə dəyişə biləcəyindən xəbər verir. Avropada baş verən hadisələrin zəncirvari reaksiyaya səbəb olaraq qlobal iqtisadiyyatı böhrana sürükləməsi ehtimalı kifayət qədər yüksəkdir. Getdikcə dərinləşən sosial böhran qitəni etnik, dini və siyasi-ideoloji qarşıdurmalara sürükləyə bilər. Solyönümlü və mərkəz-sağ liberal partiyaların yürütdüyü uğursuz siyasətdən yorulan Avropa əhalisinin bir hissəsi tədricən radikal sağ millətçi qüvvələrə meyil göstərir. Gələcəkdə bu meylin daha da güclənəcəyi istisna edilmir.

Avropa İttifaqına daxil olan ölkələrin sosial problemləri bir-birinə bənzəsə də, onların hər biri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Ümumi mənzərəni müəyyən dərəcədə daha yaxşı anlamaq üçün ayrı-ayrı ölkələrdə baş verən hadisələrin xarakterinə qısaca nəzər salaq.

Hazırda əsas diqqət Fransaya yönəlib. Fransa tarixinin ən uğursuz prezidentlərindən biri hesab edilən Emmanuel Makronun göstərişi ilə bir sıra şəhərlərdə toplantıların keçirilməsinə məhdudiyyətlər qoyulub, hökumət isə həmkarlar ittifaqları ilə danışıqlara başlayıb. Lakin bu danışıqlarda hər hansı prinsipial razılaşma əldə edilməyib. Həmkarlar ittifaqları noyabrın 5-də ölkə üzrə genişmiqyaslı tətil keçirəcəklərini elan ediblər.

Fransa ilə yanaşı, İtaliyada da sosial böhran iqtisadiyyatı ciddi təhlükə ilə üz-üzə qoyur. İtaliyanın ən böyük həmkarlar ittifaqı olan CGIL-in (Confederazione Generale Italiana del Lavoro) təşkil etdiyi nümayişdə təxminən 100 min nəfər iştirak edib. Paytaxtda keçirilən aksiyalarda ciddi iğtişaşlar qeydə alınmasa da, Milan, Turin və digər iri şəhərlərdə bahalaşmaya və dövlət xidmətlərinə ayrılan vəsaitlərin azaldılmasına qarşı keçirilən etirazlar Parisdəkilərə bənzər mənzərə yaradıb. Aksiyalar zamanı mağazalar qarət edilib, avtomobillər yandırılıb və nümayişçilərlə polis arasında toqquşmalar baş verib. İtaliyanın cənub əyalətlərində isə yük maşınlarının sürücüləri dizel yanacağının bahalaşmasına etiraz olaraq avtomagistralları bağlayıblar.

İtaliya hökuməti yaranmış vəziyyətdən müvəqqəti çıxış yolu tapmaq məqsədilə kənd təsərrüfatı müəssisələrinə təcili yardım çərçivəsində 175 milyon avro ayrılması barədə qərar qəbul edib.

Baş nazir Corciya Meloni yolların zorla bağlanmasına qarşı sərt tədbirlər görüləcəyini bildirib: “Bu, etiraz deyil, hədə-qorxudur və biz hədə-qorxuya dözməyəcəyik”.

Avropanın digər böyük ölkəsi olan İspaniyada etirazların əsas səbəbi mənzil böhranıdır. Bu problem artıq ölkənin ən mühüm siyasi məsələlərindən birinə çevrilib. Madriddəki Puerta-del-Sol meydanında etirazçılar çadırlar qurublar. Kütləvi etirazların başlanmasına Madrid sakini, 87 yaşlı Mariakarmen Abaskalın 70 ildir yaşadığı mənzildən çıxarılması səbəb olsa da, əslində, bu cür hadisələr İspaniyada getdikcə daha geniş miqyas alır. Sərmayə şirkətləri mənzilləri satın aldıqdan sonra kirayə haqlarını artırırlar. 

İspaniyanın baş naziri Pedro Sançesin kirayəçilərin müdafiəsini gücləndirmək üçün nəzərdə tutulan əlavə tədbirlər paketini parlamentdən keçirmək cəhdi isə uğursuzluqla nəticələnib. Sançesin siyasətindən narazı qalan müttəfiqləri bu məsələdə ona dəstək verməyiblər. Nəticədə, o, parlamenti buraxaraq bu il noyabrın 29-na növbədənkənar seçkilər təyin edib.

İspaniyanın qonşusu Portuqaliyada da vəziyyət ürəkaçan deyil. Ölkədə daşınmaz əmlakın və kirayə haqlarının qiymət artımı əhalinin gəlirlərinin artımını xeyli üstələyib və problem getdikcə daha da kəskinləşir. Portuqaliyada mənzillər turistlərə kirayə verilmək məqsədilə xarici şirkətlər tərəfindən satın alınıb və həmin şirkətlər artıq bu ölkədə daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə ediblər. Nəticədə, hətta yaxşı və sabit gəliri olan işçilər belə, böyük şəhərlərdə və turizm bölgələrində mənzil kirayələməkdə ciddi çətinliklərlə üzləşirlər. Bu yaxınlarda Lissabonun Rossio meydanında toplaşan on minlərlə insan evsizlik probleminə etiraz edib. Onların meydanda qurduqları çadır düşərgəsi polis tərəfindən dağıdılıb, əlliyə yaxın insan isə saxlanılıb.

Bütün bu etirazlar dalğası fonunda Avropanın iqtisadi lokomotivi sayılan Almaniyadakı nisbi sakitlik fırtınaqabağı sükutu xatırladır. Ölkədə iqtisadi problemlər və antimigrant əhval-ruhiyyəsi fonunda mövqelərini gücləndirən millətçi AfD (Alternative für Deutschland — Almaniya üçün Alternativ) partiyasının gələcəkdə daha böyük siyasi gücə çevrilməsi və hakimiyyətə gəlməsi istisna edilmir. 

Almaniyada yeni yaranmış “Gen Z regelt” (“Z nəsli hərəkətə keçir”) adlı hərəkat oktyabrın 31-də paytaxt Berlin də daxil olmaqla, ölkənin 21 şəhərində eyni vaxtda nümayişlər keçirəcəyini elan edib. Hərəkatın əsas tələbləri təhsil və səhiyyəyə investisiyaların artırılması, məcburi hərbi xidmətin ləğvi, əlçatan mənzillərlə təminat və yaşayış xərclərinin azaldılmasından ibarətdir. Gənclərin etirazlarının səbəblərindən biri də onların arasında işsizlik səviyyəsinin yüksək olmasıdır. Avrostatın məlumatına görə, 2026-cı ilin avqustunda Avropada 25 yaşdan aşağı şəxslər arasında işsizlik səviyyəsi 15,4 faiz, ümumi işsizlik səviyyəsi isə 6,1 faiz təşkil edib.

Etirazların əsasən iqtisadi xarakter daşımasına baxmayaraq, Fransa və İtaliyada aksiyalar zamanı mağazaların qarət edilməsi, avtomobillərin və ictimai binaların yandırılmasından sonra diqqət xüsusilə miqrant probleminə yönəlib.  Ümumiyyətlə, miqrasiya problemi Avropa hökumətlərinin uzun illərdir yürütdükləri siyasətlə sıx bağlıdır. Əsasən sol-liberal partiyaların qəbul etdiyi qərarlar nəticəsində, xüsusilə son on ildə miqrant axını Avropada ciddi miqyas alıb. İndi isə bu miqrasiya axınının Avropa ölkələri üçün iqtisadi və sosial nəticələri daha qabarıq şəkildə özünü göstərir. İqtisadi tənəzzül dövlətlərin üzərlərinə götürdükləri sosial öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkdiklərini üzə çıxarır. Lakin nədənsə Avropa İttifaqının böyük bürokratik aparatı gələcəyin strateji planlaşdırılmasını həyata keçirərkən iqtisadi və sosial inkişafın daim yüksələn xətlə davam edəcəyini əsas götürüb.

Avropaya 30 il əvvəl gələn miqrantlarla son on ildə gələnlər arasında intellektual səviyyə və peşə bacarıqları baxımından ciddi fərqlərin olduğu iddia edilir. Əvvəllər miqrantlar arasında inşaat mühəndisləri, memarlar, alimlər, həkimlər və digər ixtisaslı mütəxəssislər çoxluq təşkil edirdisə, son miqrasiya dalğasında Afrikanın və Asiyanın iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrindən gələn yoxsul və təhsilsiz insanların sayının daha çox olduğu bildirilir. Son miqrasiya dalğası ilə Avropaya gələnlərin bir hissəsi əmək bazarına inteqrasiya etməkdə çətinlik çəkir və sosial müavinətlər hesabına yaşayır. Məsələn, həyatları boyunca ciddi yoxsulluq şəraitində yaşamış bəzi qaçqınlar Niderland hökumətinin təqdim etdiyi müavinət və mənzil subsidiyalarından razı qalaraq işləməyə maraq göstərmirlər. Beləliklə, Niderland hökuməti qaçqınları mənzillə və müavinətlə təmin etmək üçün ölkədə işləyən insanların üzərinə əlavə vergi yükü qoyur. Reallıqda bütün qaçqınları işlə təmin etmək də mümkün deyil. Onların bir qismi tullantıların yığılması, küçələrin süpürülməsi və müxtəlif təmizlik işləri kimi aşağı ixtisas tələb edən sahələrdə işləyə bilər. Lakin bu cür işçi qüvvəsinə tələbat da məhduddur.

Niderland hökumətinin rəsmi məlumatına görə, yeni tikilən evlərin təxminən 60 faizi qaçqınlara verilir. Niderlandın mənzil tikintisi naziri Eleanor Bukxolt Osalivan isə yerli gənclərə valideynləri ilə birlikdə yaşamağı məsləhət görür. Nəticədə, belə siyasət yerli əhali arasında miqrantlara qarşı narazılığı artırmaqla yanaşı, sağ millətçi qüvvələrə rəğbətin güclənməsinə də səbəb olur.


Bu proses Avropada sosial narazılığın tədricən siyasi qarşıdurmaya çevrildiyini və cəmiyyətin müxtəlif təbəqələri arasında etimadın zəiflədiyini göstərir. Yerli əhali sosial rifahın pisləşdiyini, mənzil probleminin dərinləşdiyini və dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşdüyünü müşahidə etdikcə, hakimiyyətin yürütdüyü siyasətə qarşı narazılıq da artır. Belə şəraitdə sağ millətçi qüvvələr yaranmış vəziyyətdən istifadə edərək siyasi mövqelərini möhkəmləndirirlər. Onlar əhalinin narazılığını miqrasiya siyasətinin uğursuzluğu ilə əlaqələndirirlər. Beləliklə, Avropada miqrasiya ilə bağlı mübahisələr daha dərin iqtisadi və sosial problemləri üzə çıxarmaqla yanaşı, cəmiyyət daxilində mövcud ziddiyyətləri də gücləndirir.

Yaranmış xoşagəlməz vəziyyətdən çıxış yolları təklif etmək əvəzinə, Avropa İttifaqının rəhbərliyi, müəllifin qənaətinə görə, diqqəti fundamental səbəblərdən yayındırmağa çalışır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropanın sərhədlərindən xeyli uzaqda baş verən müharibənin əvəzini Avropa ailələri və sənayesi ödəyir. O, həmçinin qeyd edib ki, fevralın sonundan etibarən dizel yanacağının qiyməti iki dəfə, təbii qazın qiyməti isə 140 faiz artıb və nəticədə Avropanın əlavə xərcləri 106 milyard avroya çatıb. Beləliklə, Ursula fon der Lyayenin açıqlamasından belə nəticə çıxarmaq olar ki, mövcud problemlərin əsas səbəbi ABŞ-İran müharibəsidir və rəsmi Brüsselin üzərinə ciddi məsuliyyət düşmür.

Ursula fon der Lyayen, həmçinin İspaniyanın Seuta şəhərinə miqrant axınının arxasında Rusiyanın və Belarusun dayandığını, bu ölkələrin insanları məqsədli şəkildə kütləvi miqrasiyaya təşviq etdiyini iddia edir. Bu fikirləri səsləndirən Avropa Komissiyasının sədrindən soruşmaq yerinə düşərdi: indiyədək Avropaya gələn milyonlarla qaçqını Rusiyamı göndərib? Onların sosial müavinətlərini kim ödəyir və onları mənzillə kim təmin edir?

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, küçə iğtişaşları ilə müşayiət olunan sosial etirazlar Avropa ölkələrində keçiriləcək seçkilər ərəfəsində baş verir. Məsələn, İspaniyada bu il noyabrın 29-da növbədənkənar parlament seçkilərinin keçiriləcəyi, 2027-ci il yanvarın 30-da isə Almaniya Federal Məclisinin ölkənin yeni prezidentini seçəcəyi bildirilir. Bundan sonra yazda dörd federal əyalətdə və Bremendə parlament seçkilərinin, aprelin 18-də isə Fransada prezident seçkilərinin keçiriləcəyi qeyd olunur. Sözügedən seçkilərdən sonra vəziyyətin müsbət istiqamətdə dəyişəcəyinə inanmaq çətindir. Çünki bu gün Avropada cərəyan edən hadisələr, əslində, qloballaşmanın doğurduğu obyektiv proseslərin nəticəsidir. Baş verənlər iqtisadi və sosial baxımdan sivilizasiyalar arasında inteqrasiya və bütövləşmə siyasətinin tənəzzülə uğradığından xəbər verir.

Vaqif Nəsibov

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol