Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
“AzPolitika” xəbər verir ki, Azərbaycan yığması dünən bu yarışda ikinci qızıl medalını qazanıb.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymano 77 kq çəki dərəcəsində finalda moldovalı Aleksandrin Qutunu 8:3 hesabı ilə inamlı şəkildə məğlub edib.
Əlavə edək ki, 77 kq olimpiya çəki dərəcəsidir və Azərbaycan güləşçiləri 15 il idi ki, yunan-Roma güləşində olimpiya çəki dərəcələri sayılan çəkilərdə dünya çempionu titulu qazana bilmirdilər. Azərbaycan sonuncu dəfə yunan-Roma güləşində olimpiya çəki dərəcəsində dünya çempionluğunu 2011-ci ildə İstanbulda keçirilən turnirdə Rövşən Bayramovla (55 kq — həmin dövrün olimpiya çəkisi) qazanmışdı. Həmin vaxtdan bəri qazanılan bütün dünya çempionluqları yalnız qeyri-olimpiya çəkilərində idi.
Üstəlik bu, Sənan Süleymanovun dünya çempionatlarında ilk qızıl medalıdır.
“AzPolitika.info”


Şərhlər