Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç növbədənkənar parlament seçkilərində hakim Birləşmiş Serbiya koalisiyasının məğlubiyyətini etiraf edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Vuçiç müxalif “Tələbə Siyahısı” blokunun qalib gəldiyini bəyan edib.
“Hələlik yekun rəsmi nəticələr açıqlanmayıb. Ancaq uduzduğumuz aydındır. “Tələbə Siyahısı” qalib gəldi: onlar 135-140 yerə sahib olacaqlar, biz isə 105 yerə sahib olacağıq", - Vuçiç bildirib.
İpsos/CeSID-in ilkin məlumatlarına görə, “Tələbə Siyahısı” səslərin 52%-i (138 yer) ilə liderlik edir, Vuçiçin bloku isə 39,3% (104 yer) ilə ikincidir. Bu nəticə müxalifət hərəkatına parlamentdə mütləq çoxluq təmin edir. Bunun üçün minimum 126 yer lazımdır.
Vuçiç koalisiyasının məğlubiyyətində ABŞ-nin "dərin dövlət"ini və ABŞ Prezidenti Donald Trampa qarşı çıxan Avropa Birliyi qüvvələrini günahlandırıb. O, rəqiblərini "suveren bir ölkəni məhv etmək üçün başqası tərəfindən hazırlanmış çirkli işlərin daşıyıcıları" adlandırıb.
Vuçiç iddia edib ki, hakimiyyətə gələcək qüvvələr Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulacaq. Lakin sentyabr ayında “Tələbə Siyahısı”nın nümayəndələri seçkilərdə qalib gəldikləri təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəklərinə söz vermişdilər. Bu mövqe hərəkatın xarici siyasət platformasında öz əksini tapıb.
Serbiyada növbədənkənar parlament seçkiləri dünən keçirilib. Sentyabrın sonunda prezident postundan istefa verən Vuçiç seçkilərdə qalib gələcəyi təqdirdə ölkə hökumətinə rəhbərlik etməyi planlaşdırırdı. “Tələbə Siyahısı” rəsmi olaraq cəmi bir ay əvvəl qeydiyyata alınıb. Bu, 2024-cü ildəki kütləvi etirazlar zamanı ortaya çıxan hərəkatın fəalları tərəfindən yaradılan seçki blokudur.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Şurasının Prezidenti Antonio Kosta artıq “Tələbə Siyahısı”nı qələbə münasibətilə təbrik ediblər. Onlar Serbiyadakı islahatları dəstəkləməyə və respublikanın AB-də "gələcəyini qurmaq" üçün birlikdə işləməyə hazır olduqlarını bildiriblər.
“AzPolitika.info”


Şərhlər