Menu

KNESSET SEÇKİLƏRİNDƏ MÜMKÜN SSENARİLƏR – Hökumət dəyişsə İrana hücumlar dayanacaq?

26.10.2026, 11:13
KNESSET SEÇKİLƏRİNDƏ MÜMKÜN SSENARİLƏR – Hökumət dəyişsə İrana hücumlar dayanacaq?

İsrail oktyabrın 27-də parlament seçkilərinə gedir. Qəzza, İran və Livan müharibəsindən sonra keçirilən ilk seçkilər təkcə İsrail yox, bütövlükdə Yaxın Şərqin gələcəyinə təsir edəcək hadisə hesab oluna bilər. 

İsrail maraqlar və milli təhlükəsizlik strategiyasında müharibə taktikasını davam etdirəcək, yoxsa fərqli mexanizmlərə üstünlük verəcək?

Seçki həm də bu sualın cavabını verməlidir. Doğrudur, mübarizə aparacaq siyasi qüvvələrin regionla bağlı mövqeləri – İran müharibəsi, Qəzzanın gələcəyi, ciddi fərqlənmir, lakin İsraildə anti-müharibə tərəfdarlarının olması seçkinin nəticələrini daha maraqlı edir.

Seçki marafonuna qoşulan qüvvələrin sayı az deyil. 

- Baş nazir Binyamin Netanhayunun rəhbərlik etdiyi “Lukid”, maliyyə naziri Bezalel Smotriçin təmsil olunduğu “Dini Sionizm” və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ifrat sağçı “Yəhudi Gücü” partiyalarının yer aldığı hakim koalisiya.

- Ultraortodoks yəhudiləri (ölkə əhalisinin 13 faizini təşkil edən, müasir dünyadan təcrid olunmuş və həyatlarını əsasən Tövratın öyrənilməsinə həsr etmiş həridilər) təmsil edən “Tövratın Birləşmiş Yəhudiliyi” və “Şas” partiyaları: 2025-ci ildə hakim koalisiyadan çıxıblar.

- İsrail Ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot (Gadi Eisenkot) rəhbərlik etdiyi “Yaşar” (ibrani dilində “Doğru”) partiyası.

- Keçmiş baş nazirlər – Naftari Bennet və Yair Lapidinin rəhbərlik etdiyi “Birlikdə” seçki birliyi.

- Keçmiş nazir Aviqdor Libermanın rəhbərlik etdiyi “Evimiz İsrail” partiyası.

- İsrailin ərəb azlığını təmsil edən Raam (Birləşmiş Ərəb Siyahısı), Taal (Ərəb Hərəkatı İslahat Uğrunda) və Balad (Milli Demokratik Alyans) partiyaları.

- Keçmiş general Yair Qolanın lideri olduğu solyönümlü “Demokratlar” partiyası.

Seçkidə kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Rəy sorğularının nəticələri də müxtəlifdir: bəzi sorğulara görə, hakim koalisiyaya rəhbərlik edən baş nazir Benyamin Netanyahunun reytinqi əvvəlki qədər deyil, bəziləri bunun əksini deyir.

İsraillilər nə istəyir?

Sorğularda israillilərin iqtisadi problemlərə diqqət etdiyi, xüsusilə gəncləri maraqlandıran məsələnin yaşayış xərclərinin artması olduğu görünür. İbrani Universitetinin “Akord” Tədqiqat Mərkəzinin ötən ay apardığı sorğunun nəticəsinə görə, 22-34 yaş arası seçicilərin 58 faizinin seçiminə yaşayış xərcləri və mənzil qiymətləri təsir edəcək, 36 faizi isə təhlükəsizlik məsələlərini prioritet hesab edir.

Hərçənd, seçki kampaniyasında iqtisadiyyat yox, ölkənin təhlükəsizliyi məsələsi gündəm mövzusudur. Müxalifətin hakim koalisiyaya qarşı irəli sürdüyü tənqidlərdən biri HƏMAS-ın 7 oktyabr hücumu nəticəsində İsrailin təhlükəsizlik boşluğunun ortaya çıxmasıdır. Netanyahu isə bu hücumdan sonra bölgədə baş verənləri – Qəzza müharibəsini, İrana qarşı hücumları və Hizbullahla döyüşü İsrailin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar kimi təqdim edir.

Seçkinin düyün nöqtəsi...

Əsas mübarizənin Netanyahununun sağçı “Likud” partiyası ilə Qadi Ayzenkot rəhbərlik etdiyi “Yaşar” partiyası arasında gedəcəyi proqnozlaşdırılır. Ayzenkotun Qəzzada oğlunu itirməsi İsrail cəmiyyətində ona dəstəyi daha da artırıb.

“Kanal 12”-nin rəy sorğuna görə, Ayzenkot seçkidə 23 yerlə birinci, Netanyahu isə 21 yerlə ikinci sırada qərarlaşa bilər. “Kanal 14”-ün keçirdiyi rəy sorğusunda isə Netanyahu birinci (30 yer), Ayzenkot ikinci (20 yer) pillədədir. Baş nazir postuna namizədlə bağlı sorğularda Ayzenkot Netanyahunu qabaqlayır. Sorğu keçirən şirkətlərin partiyalara yaxınlığı haqda yayılan məlumatlar İsrail cəmiyyətində nəticələrlə bağlı şübhələr yaradır. Misal üçün, “Kanal 14”-ün mövcud hakimiyyətə yaxın olduğu deyilir.

Lakin məsələ seçkini ilk pillədə yekunlaşdırmaq deyil. İsrailin seçki prosesi və reallıqlar əsas prosesin seçkidən sonra başladığını göstərir.

120 yerlik Knesset proporsional seçki sistemi əsasında formalaşır. Seçicilər hər-hansı namizədə yox, siyasi partiyalara səs verir. Partiyalar qazandıqları səs faizinə uyğun olaraq parlamentdə mandat sayına sahib olurlar. Parlamentdə düşmək üçün seçki baryeri 3,25 faizdir. Partiyalar ölkə üzrə səslərin minumum 3,25 faizini topladıqları halda qanunverici orqanda 4 deputat yeri ilə təmsil oluna bilərlər. Baryeri keçən bilməyən partiyalara verilmiş səslər 1973-cü ildə qəbul edilmiş Bader-Ofer qanununa (bu, metod da adlandırılır) əsasən bölüşdürülür. Seçkilər başa çatdıqdan və mandatlar bölüşdürüldükdən sonra İsrail prezidenti siyasi partiyalarla müzakirələr aparır və hökuməti formalaşdırmaq üçün ən münasib hesab etdiyi Knesset üzvünə mandat verir. Mandatı alan Knesset üzvü 28 gün ərzində hökuməti qura bilməsə, o zaman, bu səlahiyyəti digər namizədə verə, yaxud namizədi müəyyənləşdirməyi parlamentə həvalə edə bilər. Yekunda 61 mandatlıq koalisiya formalaşmasa, seçkilər yenidən keçirilir. 

Düyün nöqtələrindən biri məhz hökumətin qurulması üçün tələb olunan 61 mandatdır. Məsələ ondadır ki, İsraildə indiyə qədər heç bir siyasi qüvvə seçkidə 61 deputat yerini əldə edə və hökuməti təkbaşına formalaşdıra bilməyib. Buna görə ölkəyə hər zaman koalisiya hökuməti rəhbərlik edir. Əsas mübarizə, hətta seçkidən də qızğın keçən rəqabət məhz koalisiyanın qurulması zamanı yaşanır. Təcrübəyə görə, koalisiyanın qurulması bəzən aylar çəkə bilir. Həmçinin, yeni seçkilərin keçirilməsi təcrübəsi də var. Misal üçün, 2019-2022-ci illərdə koalisiyanın yaradılması mümkün olmadığı üçün 5 dəfə yeni seçki keçirilib.

Koalisiyanın yaradılması mümkün olacaqmı? 

Hakim koalisiyada da, müxalifət düşərgəsində də fikir ayrılıqları var. Ən şanslı namizəd kimi görünən mərkəzçi Ayzenkotun hökuməti sağçılar (keçmiş baş nazir Naftali Bennet və keçmiş müdafiə naziri Aviqdor Liverman) və solçu Demorkatlar Partiyası ilə qurmaq şansı nəzəri olaraq mümkün görünsə də, reallıq fərqlidir. Bennet və Liberman Ayzenkotu dəstəkləməyib, hər ikisi baş nazir olmağa iddialıdır. 

Hadisələrin iki ssenari üzrə inkişafı mümkün variantlar arasındadır. 

Birinci ssenari, 3,25 faizlik baryeri keçə bilməyən kiçik partiyaların nə qədər səs toplayacağıdır.

Qaydalara görə, baryeri keçə bilməyən partiyaların səsləri digərləri arasında bölünür. Ki, az ehtimal kimi görünsə də, bu, iqtidarın da, müxalifətin də mövqelərinə təsir edə bilər. Lakin bu ssenaridə ən vacib məsələ seçici fəallığıdır. Seçici fəallığının az olması toplanan səslərin də sayına təsir edə, baryeri keçə bilməyən partiyaların səslərinin bölüşdürülməsini çətinləşdirə, yaxud yekun nəticədə həlledici rolu azala bilər. Əsas gözləntilərdən biri ərəb seçicilərin (İsrail əhalisinin 20 faizə qədəri ərəblərdir) aktiv olacağıdır. 2022-ci il seçkilərində bu göstərici təxminən 53 faiz olmuşdu, bu seçkilərdə isə 60 faizi keçəcəyi gözləntiləri var. Digər tərəfdən, xaricdə yaşayan israillilərin də səsi vacibdir. Rəsmi statistikaya görə, ölkə sərhədlərindən kənarda səsvermə hüququna malik olan 810 min İsrail vətəndaşı var. Lakin qanunvericilik diplomatik heyət istisna olmaqla, İsrail vətəndaşlarının xaricdə səs verməsini qadağan edir. Buna görə minlərlə İsrail vətəndaşı səsvermədə iştirak üçün vətənlərinə gəlirlər. Bu say seçkilərin nəticəsinə təsir edəcən amillər arasında qiymətləndirilir. Hərçənd, koalisiyanın qurulmasına imkan verən həlledici amil deyil.

İkinci və ən vacib ssenari, fikir ayrılıqlarının aradan qaldırması və kiçik partiyalarla koalisiyanın qurulmasıdır.

Bu ssenaridə açıq qalan üç sual var.

1. Ərəb partiyaları koalisiyaya daxil edilə bilərmi?

Ölkənin 20 faiz əhalisini təmsil edən ərəb partiyaları ilə əməkdaşlıq yeni koalisiya hökumətinin formalaşmasına imkan verə bilər. Lakin nə Netanyahunun liderlik etdiyi sağçılar, nə müxalifətdəki sağçılar, nə Ayzenkotun rəhbərlik etdiyi mərkəzçilər, nə də solçular yekun nəticədə ərəb partiyaları ilə koalisiyaya isti yanaşmır. Çünki İsraildəki siyasi qüvvələr Qəzza və İran mübaribəsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi kimi xarici məsələlərdə yaxın mövqedən çıxış edir və bu, ərəb partiyaları ilə toqquşan xətdir.

2. Ultraortodoksal (Həridi) partiyalarla koalisiya qurulması mümkün olacaqmı?

Bu partiyaların əsas istəyi gənc tərəfdarlarının hərbi xidmətə çağırılmamasıdır. Bu məsələ İsraildə ciddi mübahisə mövzularından biridir. Yeni koalisiyada təmsil olunub-olunmayacaqları bu məsələyə veriləcək dəstəkdən asılı olacaq.

3. Müxalifət Netanyahunun rəhbərlik etdiyi sağçılarla əməkdaşlıq gedə bilərlərmi?

Mümkün variantlardan biri müxalifətin ifrat sağçıları kənarlaşdırmaq şərti ilə Netanyahunun partiyası ilə anlaşa və koalisiya qurmasıdır. Hərçənd, kəskin keçən seçki kampaniyası və daxili məsələlərdə ziddiyyətli mövqelər bunu sual altına salır.

Bütün bunlar Knessetə seçkilərin İsrail üçün asan olmayacağını deməyə əsas verir və belə görünür ki, səsvermə günü əslində kəskin rəqabət mərhələsinin başlanğıcı olacaq.

Və ən vacib məsələlərdən olan son sual: İsrail seçkiləri İran müharibəsinə necə təsir edəcək?

Cavab mənfidir, yəni Netanyahunun hakimiyyətdən getməsi belə İsrailin İran siyasətini yumşaltmayacaq. Çünki müxalifət İrana qarşı yumşalmaya qarşı çıxır, hətta bir çoxları hakimiyyəti kifayət qədər sərt olmamaqda ittiham edir. Misal üçün, Qadi Ayzenkot Netanyahunu İranın nüvə proqramını dağıtmaq üçün “dişsiz siyasət” yürütməkdə günahlandırır. Yair Lapid İran iqtisadiyyatını “məhv etmək” çağırışları irəli sürür. Naftali Bennet onlardan da sərt mövqe sərgiləyir. Bu, mümkün hökumət dəyişikliyində də İranla müharibənin davam edəcəyi fikrini ön plana çıxarır.

Nəriman

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol