ABŞ və İran arasında danışıqların nəticəsiz qalması yenidən genişmiqyaslı müharibənin başlanması risklərini yaradıb. Bu prosesdə Vaşinqtonun öz çətinlikləri var, xüsusilə Tramp Administrasiyası Konqresə aralıq seçkiləri ərəfəsində müharibəyə görə daxili təzyiqlərlə üzləşir, Tehranın da öz çətinlikləri. İran üçün problem təkcə ABŞ ilə “müharibə və danışıqlar” arasındakı seçim etməkdən ibarət deyil, həm də öz daxilində ziddiyyətlərin dərinləşməsidir.
İslahatçılar və mühafizəkarlar: İran siyasətinin klassik bölünməsi ABŞ-la razılaşmanın əldə edilib-edilməməsində də kəskin parçalanma yaşayır.
İslahatçılar masada güzəştə gedilməsini və “taktiki geri çəkilməni” sağ qalmağın yeganə yolu hesab edir, mühafizəkarlar isə istənilən geri addımı ABŞ-yə təslim olmaq kimi qiymətləndirir, müqavimətin davam etdirilməsinin vacibliyini qeyd edirlər. Media üzərindən aparılan söz savaşında tərəflər bir-birinə qarşı hətta “xəyanət” ittihamları irəli sürürlər.
“Taktiki geri çəkilmə”, yaxud “zəhər qədəhini içmək”
Əvvəllər də gündəmə gələn bu qarşıdurma islahatyönümlü Sazəndegi Partiyasının baş katibi Seyid Hüseyn Mərəşinin prezidentə, parlament sədrinə, Ali Milli Təhlükəsizlik Şurasının katibinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinə ünvanladığı müraciətdən sonra yenidən qızışıb.
Hüseyn Mərəşi bildirib ki, İranı qorumaq və mümkün üçüncü müharibədən yayınmaq üçün ölkənin hərbi-siyasi rəhbərliyi “taktiki geri çəkilmə” də daxil olmaqla, nə lazımdırsa etməlidir.
Bu çağırış mühazifəkar qanadda süngü ilə qarşılanıb. Radikal mühafizəkarlar belə təklifləri qorxaqlıq adlandırır, hətta güzəşt sözünü dilə gətirənləri Amerikanın İrandakı “səfirləri” ittihamının hədəfinə çevirirlər.
Mühafizəkar qanadın mediadakı əsas sütunlarından olan “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Mərəşi və onun kimi şəxslərin sülh çağırışlarının ABŞ-nin irəli sürdüyü tələblərdən “daha alçaldıcı və vətənə xəyanət” olduğunu yazıb. O, “düşmən” adlandırdığı bu şəxslərin mühakimə olunmasını tələb edir.
Məşhədin imam-cüməsi Əhməd Ələmülhüda isə ABŞ ilə aparılan danışıqların uğursuz nəticələndiyini böyük sevinclə qarşıladıqlarını deyib. Onun fikrincə, ABŞ ilə anlaşma “şəhid olmuş məzlum imamımızın (Əli Xamenei-red) qatili ilə sövdələşmək” deməkdir.
İslahatçı qanad mühafizəkarların radikal yanaşmalarının ölkənin gələcəyini təhlükəyə atdığını hesab edir, “taktiki geri çəkilmə”ni vacib adlandırırlar, “İranı qorumaq üçün lazım olarsa, “zəhər qədəhini içmək” belə lazımdır” deyirlər. Mediada bu qanadın mövqeyinin irəli sürülməsində Hüseyn Mərəşi ilə yanaşı, əsasən Sazəndegi Partiyasının keçmiş baş katibi Qulam Hüseyn Kərbasçi, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif və keçmiş prezident Həsən Ruhani aktivlik edir.
İslahatçı qanadı təmsil edənlər BMT Təhlükəsizlik Şurasının İran-İraq müharibəsi ilə bağlı 598 saylı qətnaməsini çətin qərarların qəbul edilməsinin nümunəsi kimi təqdim edirlər. 1987-ci ildə qəbul edilən qətnamə atəşkəsin dərhal qəbul edilməsini və tərəflərin dövlət sərhədinə çəkilməsini tələb edirdi. İran tərəfi bunu İraq üzərində qələbəni yarımçıq qoyan qərar hesab edir. Hətta həmin vaxt xarici işlər naziri olmuş Əli Əkbər Vilayətinin “bu vəzifədə olduğum müddətdə belə bir qətnamənin qəbul edilməsinə imkan verməyəcəm” dediyi haqda məlumatlar var. Bu qətnaməyə istinad edən islahatçılar hesab edirlər ki, bəzən çətin qərar vermək ölkənin maraqlarına xidmət edir.
İran üçün yeni “Türkmənçay müqaviləsi?!”...
Cavad Zərif İranın mövcudluğunu qorumaq naminə ABŞ ilə anlaşmaq zərurətini “Türkmənçay müqaviləsi” ilə müqayisə edir.
“Əgər yaşamaq və mövcudluğumuzu qorumaq zəruridirsə, Türkmənçay müqaviləsinə bənzər bir sazişə də razı olmalıyıq”, - o bildirib.
1828-ci ildə Qacarlar dövləti ilə Çar Rusiyası arasında imzalanan və Azərbaycanın ikiyə bölünməsinə səbəb olan “Türkmənçay müqaviləsi” İranda “öz ərazilərindən imtina” adlandırılır. Halbuki, həmin vaxt dövlətin adı Qacarlar sülaləsindən götürülsə də, söhbət Azərbaycan torpaqlarından gedir. Ölkənin İran adlandırılması isə 1935-ci ildə Rza Şah Pəhləvi tərəfindən edilib. İranda bu gün də “Türkmənçay müqaviləsi” məğlubiyyətin simvolu hesab edilir.
Qulam Hüseyn Kərbasçi də “Türkmənçay müqaviləsi”nə istinad edərək, indiki İranın vəziyyətini Qacarlar dövrü ilə eyniləşdirib. Bildirib ki, Qacarlar dövründə Çar Rusiyanı bir sıra şəhərləri ələ keçirmişdi, indi isə dini lider Əli Xameneinin, hərbi komandirlərin, dövlət rəsmilərinin öldürülməsi, eləcə də infrasttukrutun bombalanması kimi ağır itkilər baş verib.
“Hazırda baş verənlər Qacarlar dövründən daha pisdir. Buna görə müharibəni nəyin bahasına olursa olsun, dayandırmaq lazımdır. Mənəvi ruhumuzu qorumaq üçün daim qələbə qazandığımızı deyirik. Bəli, biz də onlara zərər vurmuşuq, lakin verdiyimiz itkilərlə onlara vurulan zərəri müqayisə etmək mümkün deyil”, - o, bildirib.
O, fikrini “Biz dünyanı Amerikanın başına dar edə bilmərik” deyə əsaslandırır.
Razılaşmanın tərəfdarları arasında İranın keçmiş prezidentləri Məhəmməd Xatəmi və Həsən Ruhani də var.
Xatəmi bildirib ki, dağıdıcı yeni müaribənin başlanacağı gözləntisi - hətta bu, real olmasa belə, eləcə də ölkədə böhranlı və qeyri-müəyyən vəziyyətin davam etməsi cəmiyyətin həm gündəlik həyatını, həm də ümidlərini tükəndirir. O, mövcud vəziyyətdən çıxış yolu kimi siyasi tədbirlərin görülməsini və müharibənin bitirilməsini irəli sürüb.
Ruhani isə Hörmüz boğazının müharibə məkanına çevrilməsinə qarşı çıxıb. Bildirib ki, müharibə başa çatdırılmalıdır.
“Məqsədimiz qarşıdakı 20 il ərzində dünyanın böyük gücləri ilə müharibə aparmaqdırsa və xalq bununla razılaşırsa, çox yaxşı, davam edək. Amma xalq bunu qəbul etməsə və bizə başqa yol göstərsə, o zaman, bunu qəıbul etməyəcəyikmi?”, - o vurğulayıb.
Ruhaninin bu fikirləri mühafizəkar qanadda “müharibə ilə bağlı referendumun keçirilməsi” istəyi kimi qəələmə verilib və onu ölkəni “ABŞ-ə təslim etməkdə” ittiham ediblər.
Mühafizəkarların əsas qorxusu nədir?
Mühafizəkar qanad islahatçıların sülh çağırışlarına iki kontekstdə də şübhə ilə yanaşır.
Birincisi, hakimiyyətin dəyişməsidir.
ABŞ və İsrailin müharibədə nail ola bilməsələr də, İranda hakimiyyətin dəyişməsi hədəfi hələ də aktualdır. Müharibədən sonra daha da pisləşən sosial-iqtisadi vəziyyət İran daxilində də hakimiyyət üçün əlvə risklər yaradır. Hazırda zəif ehtimal kimi görünsə də, mümkün ssenarilərdən biri islahatçıların “İranın mövcudluğunu saxlamaq” naminə hakimiyyət dəyişikliyini dəstəkləməsi və bu planda xalqın dəstəyini qazanmasıdır.
İkincisi, mümkün hakimiyyət dəyişikliyinin 1979-cu ildə qurulan İslam Respublikasına son qoymasıdır.
İslahatçıların “İranı qorumaq” üçün “Türkmənçay müqaviləsi” kimi anlaşmaya razı olması mühafizəkar qanadda belə şübhələri artırıb. Çünki “nəyin bahasına olursa olsun” tezisi ABŞ-nin İranda teokratik hakimiyyəti dəyişdirmək istəkləri ilə uzlaşa bilər.
İslahatçılara qarşı informasiya kampaniyasının təşkil edilməsinin arxasındakı amillər belə görünür. Mühafizəkarlar kampaniyanı iki istiqamətdə aparırlar.
1. Sülh çağırışları edənləri “vətən xaini” adlandırmaqla onlara qarşı ictimai qınaq yaradırlar.
2. İranın ABŞ üzərində qələbə qazandığı iddiasında israr edir, mümkün yeni müharibənin də belə nəticələnəcəyini bildirirlər.
Hüseyn Şəriətmədari “Keyhan” qəzetində yazır ki, bütün əlamətlər ABŞ-nin müharibədə məğlub olduğunu göstərir.
“Dünyanın bütün nüfuzlu media orqanları və tanınmış ekspertlər də bu fikirdədir. İran İslam Respublikası bu gün müharibənin qalibidir, ABŞ güzəştə getməli, vurduğu zərərin əvəzini ödəməlidir. Düşmən qarşısında həyasızcasına təslim olmağı necə də asanlıqla “ləyaqətli sülh” kimi qələmə verirlər!”, - o, islahatçıları hədəfə alıb.
SEPAH-a yaxınlığı ilə tanınan “Cavan” qəzeti Cavad Zərifi tənqid edərək, yazır ki, “Türkmənçay müqaviləsi”ni imzalamamaq üçün ölkənin ən yüksək şəxsiyyəti – şəhid olmuş rəhbər qurban verilib.
Tehran Şəhər Şurası sədrinin müavini Pərviz Sərvəri isə Cavad Zərif və Hüseyn Mərəşiyə xitabən, “qorxuya əsaslanan mövqedən çıxış edən cənablar, bu mərhələdə geri çəkilmək İranın parçalanması və məhv edilməsi sənədini imzalamaq deməkdir” deyə bəyan edib.
Baş verənlər ABŞ-la müharibə vəziyyətində olan İranın daxildə də kəskin ziddiyyətlərlə üzləşdiyini göstərir.
Nəriman
AzPolitika.info


Şərhlər