Vaşinqton və Tehran arasında “nə sülh, nə müharibə” şəraitinin davam etdiyi vaxt İranın nüvə proqramı ətrafında müəmmalı vəziyyət yaranıb. Rəsmi Tehran ABŞ ilə razılaşma əldə ediləcəyi təqdirdə nüvə proqramından imtinanın mümkünlüyünü istisna etmir. İran prezidenti Məsud Pezeşkian “Fox Nyus”a müsahibəsində bildirmişdi ki, beynəlxalq hüquq çərçivəsində hərtərəfli razılaşma əldə edilərsə, Tehran 60 faizlik uran ehtiyatından imtina etməyə və zənginləşdirmə səviyyəsini məhdudlaşdırmağa hazırdır. ABŞ prezidenti Donald Tramp da son açıqlamalarında “İranın nüvə silahı ilə bağlı planlarından tamamilə imtina etdiyini” deyib.
“Nüvə fətvası”nın dəyişdirilməsi gündəmdə...
Bunun fonunda İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqainin “İranın Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən (NSYHM) çıxması ilə bağlı məsələ ciddi xarakter daşıyır” açıqlaması, eləcə də Tehranda bununla bağlı gedən müzakirələr suallar yaradır: İranın nüvə proqramı ilə bağlı əsas hədəfi nədir, rəsmi açıqlamalar real vəziyyətlə uzlaşırmı?

Əsas məqamlardan biri Pezeşkianın nüvə proqramından imtinanın mümkünlüyü haqda dedikləri ilə İran elitasının hərbi-təhlükəsizlik qanadının mövqeyinin üst-üstə düşməməsidir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi sentyabrın 19-da bildirmişdi ki, ABŞ və İsrailin davranışları Tehranın NPT-dən çıxmasına yol açır. O, keçmiş dini lider Əli Xameneinin “nüvə fətvası”nı (nüvə silahının hazırlanması və istifadəsinin İslam dininə zidd olması) xatırladaraq, “gələcəkdə nələr olacağını bilmirik, hər şey Amerikanın davranışından asılıdır” deyib.
Bir gün sonra – 20 sentyabrda isə İslam Şurası Məclisinin üzvü Kamran Qəzənfəri bəyan etdi ki, İslam Respublikasının mövcudluğu ciddi təhlükə ilə üzləşərsə, ali dini rəhbər Müctəba Xamenei “nüvə fətvası”na yenidən baxa bilər.
İranda nüvə obyektlərinin yenidən qurulması haqda informasiyalar da diqqət çəkir. Britaniyanın “Daily Telegraph” nəşri peyk görüntülərinə istinadən yazır ki, İran hərbi və nüvə obyektlərini – “Taleqan 2” və Natanz komplekslərini təmir edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi isə Vyanada keçirilən 70-ci Baş Konfransda bildirib ki, İranın uran ehtiyatlarının vəziyyəti barədə məlumatın olmaması ciddi narahatlıq yaradır. O, iyun ayında “Buşəhr” Atom Elektrik Stansiyasının yoxlanılmasından savayı, son altı ayda İranda heç bir monitorinq aparılmadığını deyib.
Bütün bunlar İranın nüvə silahını əldə etməsi planlarına dair ciddi şübhələr yaradır.

Tehran həqiqətən nüvə qərarını veribmi?
40 günlük müharibə və dini lider Əli Xameneinin öldürülməsi İranın hərbi-siyasi rəhbərliyində nüvə sənədinə yenidən baxmaq zərurətini yaradıb. Baş verənlər İran üçün iki həqiqəti ortaya çıxardı.
1. ABŞ-a qarşı müharibədə təkbaşına mübarizə aparacaqlar, heç bir müttəfiqi aktiv dəstək verməyəcək.
2. İrandakı mövcud sistemi qorumağın və xarici təhdidlərin qarşısını almağın yeganə təsirli rıçağı nüvə silahına sahib olmaqdır.
Müharibə nəticəsində İranın keçmiş müdafiə məntiqinin dəyişdiyi görünür. Keçmiş dini lider Əli Xameneinin “nüvə fətvası”nın dəyişdirilməsi müzakirələrinə də bu prosesin tərkib hissəsi kimi baxa bilərik.

Əli Xamenei 2003-cü ildə kütləvi qırğın silahlarının, eləcə də nüvə silahının istehsalının və istifadəsinin İslam dininə zidd olduğu haqda fətva (dini hökm) çıxarıb. Şifahi şəkildə elan edilən bu hökm 2005-ci ildə Vyanada keçirilən nüvə danışıqlarında İran tərəfindən rəsmi bəyanat olaraq irəli sürülüb.
Nüvə danışıqlarının gedişində İran hər zaman bu fətvaya istinadə edərək, məqsədinin atom bombası hazırlamaq olmadığını, nüvə proqramından dinc məqsədlər üçün istifadə etmək istədiyini əsaslandırıb. Bununla yanaşı, Tehran danışıqlar aparmaq və MAQATE yoxlamalarına şərait yaratmaqla nüvə proqramının hərbi müdaxiləyə əsas yaratmasının qarşısını alıb.
2015-ci ildən etibarən, Qərbdə, xüsusilə ABŞ-da İranın nüvə proqramına şübhələr yaranmağa, yaxud “Tehran nüvə silahı əldə etmək istəyir” iddialarının tirajlanmasına başlanıldı. Bunun bir səbəbi ABŞ-da hərbi müdaxilə tərəfdarlarının iddiaları idisə, digər səbəbi İranın nüvə obyektlərinə tam girişi təmin etməməsi, uranın zənginləşdirilməsini inkişaf etdirdiyinə dair məlumatların yayılması idi.
2018-ci ildə Donald Trampın qərarı ilə ABŞ nüvə sazşindən (JCPOA) birtərəfli qaydada çıxdı, lakin bu, nüvə danışıqlarını hərbi gərginlinlə əvəzləmədi, xüsusilə 2020-ci ildə demokrat Baydenin prezident seçilməsi mümkün hərbi ssenariləri arxa plana keçirmişdi.

2024-cü ildə İsrailin Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə genişmiqyaslı müharibəyə doğru ilk ciddi addım hesab olunur. Ardınca Tehranın proksi qüvvələrinə qarşı genişlənən hərbi əməliyyatlar, nəhayət, 40 günlük müharibənin baş verməsi və Əli Xamenei başda olmaqla dini-siyasi və hərbi elitaya qarşı sui-qəsdlər İranın müdafiə məntiqini tamamilə dəyişdirdi.
İranın milli təhlükəsizlik strategiyasında iki ənənəvi təməl mövcud olub:
- Regiondakı proksi qüvvələr – “müqavimət oxu”;
- Ballistik raketlər və dronlar – hərbi hava qüvvələrinin potensialı: bu, İsraili və ABŞ-ın Yaxın Şərqdəki bazalarını hədəfə almaq imkanı yaradırdı;
Lakin İsrailin Dəməşq hücumu İrana qarşı birbaşa hərbi təhdid idi. Ardınca proksi qüvvələr ciddi “qan itkisi” ilə üzləşdilər, xüsusilə Hizbullahın zəifləməsi İran üçün “müqavimət oxu”nda ağır itkilərdən hesab olunur. Nəhayət, ABŞ və İsrailin hərbi müdaxiləsi İranın strateji çəkindirmə rıçaqlarının – “müqavimət oxu” və raket arsenalının effekt vermədiyini göstərdi. Bu, İranın milli təhlükəsizlik strategiyasında strateji çəkindirmə rıçaqlarının dəyişdirilməsi – yenilənməsi zərurətini yaradıb.
Əsas qırılma nöqtələrindən biri isə “nüvə fətvası”nın müəllifi Əli Xameneinin öldürülməsi idi. Bu hadisələr İranda nüvə silahının tərəfdarlarının, xüsusilə hərbi qanadın “Xameneinin “nüvə fətvası” nüvə danışıqlarında qarşı tərəf – ABŞ və İsrail üçün əhəmiyyətli deyil, əksinə, ölkənin milli təhlükəsizliyi üçün vacib olan müdafiə qabiliyyətini zəiflədir” arqumentini gücləndirdi. Beləliklə, Xameneiyə qarşı sui-qəsd onun “nüvə fətvası”nın aktuallığının itirilməsi, ən azı zəifləməsinə səbəb olub. İndi İranda yeni təhlükəsizlik arqumentləri ön plandadır: nüvə silahının əldə edilməsi mümkün növbəti müharibədə əsas strateji çəkindirmə ola bilər.
Nüvə silahının əldə edilməsi nə qədər realdır?
Xameneinin “nüvə fətvasına” istinad edən nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı müzakirələrə baxmayaraq, bu istiqamətdə real addımların atıldığına dair məlumat qıtlığı var. Yalnız iki açıqlamaya istinad etmək mümkündür: Müctəba Xameneinin “nüvə fətvası”nı dəyişdirə biləcəyi və İranın NPT-dən çıxmasının mümkünlüyü haqda deyilənlər.
Lakin nüvə silahının yaradılması haqqında nə kəşfiyyat sənədləri, nə də rəsmi açıqlama, yaxud sənəd yoxdur. ABŞ kəşfiyyatının 2026-cı il hesabatlarında da İranın müharibədən sonra uranın zənginləşdirilməsi istiqamətində addım atmadığı qeyd olunur. Bunun fonunda İranınn nüvə silahı əldə etmək istədiyini müdafiə edənlərin arqumentləri o qədər də zəif deyil. Çünki ABŞ-nin danışıqlarda İranın zənginləşdirilmiş urandan imtina etməsi tələbi nüvə silahının yaradılması qabiliyyətinin hələ də qaldığına, yaxud belə perspektivlərin olduğuna işarə edir. Digər tərəfdən, İranın nüvə proqramının iki mərhələli olduğu – MAQATE-yə açılan obyektlərlə yanaşı, gizli komplekslərin mövcudluğu iddiaları da var.
Hər iki məqam – İranın nüvə silahını yaratmaq istəyi və bunu təsdiqləyəcək real məlumatların olmaması, şübhəlidir. Hazırda real görünən yeganə məsələ İranda “nüvə fətvası”nı yenidən nəzərdən keçirməklə bağlı aparılan müzakirələrdir.

Nüvə dilemması
İran nüvə doktrinasını dəyişmək və silahı əldə etmək istəkləri milli təhlükəsizlik üçün yeganə təsirli amil kimi irəli sürülsə də, bu istiqamətdə praktiki addımların atılması o qədər də asan deyil. Əsas məsələ nüvə silahı əldə etmək üçün lazım olan keçid mərhələsində nələrin baş verəcəyi, İranın yeni və daha təsirli hücumlardan qorunub-qorunmayacağıdır. Nüvə silahına gedən yol riskli görünür.
1. NPT-nin 10-cu maddəsinə əsasən, müqavilədən çıxmaq istəyən ölkə bununla bağlı 90 gün öncə BMT Təhlükəsizlik Şurasına məlumat verməli, səbəblərini izah etməlidir. Bu müddətdə ölkə müqavilənin tələblərinə sadiq qalmalıdır.
2. Kifayət qədər zənginləşdirilmiş urana sahib olmaq və nüvə silahını hazırladıqdan sonra sınaqdan keçirmək zaman tələb edir.
Bu iki məsələ İran üçün zaman problemi yaradır. NPT-dən çıxmaqla bağlı müraciətin edilməsi və nüvə silahının sınaqdan keçirilməsinə qədər lazım olan zamanda İran yeni və daha kəskin hərbi müdaxilə ilə üzləşə bilər. Bu halda ABŞ ilə İsrailin “İran nüvə bombası yaradır” iddiasını real fakt kimi irəli sürmək, beynəlxalq koalisiyanın yaradılmasına nail olmaq imkanları artır. Bu baxımdan, İranın nüvə silahına malik olmaq perspektivləri o qədər də aydın görünmür.
İranda “nüvə fətvası”nı dəyişdirmək və atom silahı əldə etməklə bağlı aparılan müzakirələrin, rəsmilərin səsləndirdiyi fikirlərin danışıqlar masasında “əlini gücləndirməyə” hesablanmış addım olduğu da istisna edilməməlidir.
Nəriman
AzPolitika.info


Şərhlər