Menu

Avropada “fəlakət ssenarisi”nin miqyası genişlənir: Fransadakı böhran “qoca qitə” iqtisadiyyatını çökdürür

28.09.2026, 12:43
Avropada “fəlakət ssenarisi”nin miqyası genişlənir: Fransadakı böhran “qoca qitə” iqtisadiyyatını çökdürür

Qərb ekspertlərinin hesablamalarına görə, əgər, enerji təchizatındakı geopolitik risklər qısa müddət ərzində səngiyərsə, mövcud böhran idarəolunan çərçivədə qala bilər... Əks halda isə enerji böhranı artıq Avropa Birliyinin ümumi geoiqtisadi dayanıqlığına sarsıdıcı zərbələrlə dağıdıcı təsir göstərən faktora çevriləcək...

Fransada enerji böhranı dərinləşməkdə davam edir. Belə ki, Fransa üçün enerji böhranı artıq yalnız qiymət artımı problemi deyil, həm də logistika və təchizat zəncirlərində sabitlik sınağına çevrilir. Və Fransanın bu sınaqdan necə çıxacağı, böyük ehtimalla bu ölkənin sosial-iqtisadi vəziyyətinin yeni inkişaf potensialını da müəyyən edə bilər.

Onu da qeyd etmək lazımdır ki, bu böhranın əsas səbəbi qlobal neft və neft məhsulları bazarında təklifin daralmasıdır. Çünki Yaxın Şərqdə müharibə, Hörmüz boğazında enerji daşımaları ilə bağlı risklər, Rusiyanın neft emalı infrastrukturuna zərbələr və bəzi ixracatçıların tədarük imkanlarının məhdudlaşması enerji bazarındakı ehtiyat resursların həcmini ciddi şəkildə azaldıb. Bu baxımdan, Fransa da daxil olmaqla, bütün Avropa ölkələri üçün hazırda əsas risk isə yalnız xam neftin bahalaşması deyil, həm də dizel və digər emal olunmuş məhsulların təklifində yaranan böhranlı vəziyyətlə bağlıdır.

Məsələ ondadır ki, dizel yanacağı Avropanın yükdaşıma, kənd təsərrüfatı, tikinti və sənaye-logistika sisteminin əsas enerji resurslarından biridir. Ona görə də, yanacaq qiymətlərinin artımı qısa müddətdə nəqliyyat xərclərinə, daha sonra isə geniş məhsul və xidmət spektrinin maya dəyərinə təsir göstərir. Və beləliklə də, enerji şoku inflyasiyanı sürətləndirərək, həm istehlakçıların real gəlirlərinə, həm də müəssisələrin xərclərinə kəskin təzyiqlər yaradır.

Maraqlıdır ki, Avropada bunun ilkin makroiqtisadi əlamətləri artıq görünməyə başlayıb. "Eurostat"ın verdiyi məlumata görə, 2026-cı ilin avqustunda Avropa Birliyində şəxsi nəqliyyat üçün yanacaq və sürtkü materiallarının qiymətləri illik ifadədə 23,8 faiz artıb. Fransada artım 27,4 faiz, Almaniyada isə 27,5 faiz olub. Və eyni zamanda avrozonada illik inflyasiya da 3,2 faizə yüksəlib.

Təbii ki, belə vəziyyət Avropa Birliyi ölkələrinin hökumətlərini qiymət artımını məhdudlaşdırmaq üçün subsidiyalar, vergi güzəştləri və digər müdaxilə mexanizmlərinə əl atmağa məcbur edir. Ancaq bu tədbirlər ümumi problemin özünü həll etmir, əksinə, enerji şokunun bir hissəsini məhz dövlət büdcəsinin üzərinə keçirir. Böhran uzandıqca və dərinləşdikcə isə hökumətlərin qarşısında daha çətin seçim yaranır. Yəni, ya büdcə xərclərini artırmaq, ya da enerji qiymətlərinin əhaliyə və biznes sektoruna daha böyük hissəsini yükləmək məcburiyyəti ortaya çıxır.

Bütün bunlara paralel olaraq, Qərb mətbuatının məlumatına görə, hazırda Avropa Mərkəzi Bankı üçün də vəziyyət olduqca mürəkkəbdir. Belə ki, enerji qiymətlərinin artması inflyasiyanı yenidən sürətləndirərkən, yüksək enerji xərcləri iqtisadi fəallığı da zəiflədir. Beləliklə, Avropa eyni vaxtda həm qiymət təzyiqi, həm də iqtisadi artımın zəifləmə riski ilə üzləşir. Və bu baxımdan, enerji şoku uzunmüddətli xarakter alarsa, onda, böhranın iqtisadiyyatın bütün sahələrini bürümə riskini gücləndirə bilər.

Qərb ekspertləri hesab edirlər ki, bu kəskin böhranın sosial nəticələri iqtisadi göstəricilərlə müqayisədə daha genişmiqyaslı ola bilər. Çünki yanacaq və nəqliyyat xərclərinin artması, xüsusilə də, müxtəlif əhali qruplarının, kənd təsərrüfatı bölgələrin və kiçik bizneslə məşğul olan təbəqələrin üzərinə əlavə maliyyə yükü qoyur. Ərzaq və gündəlik istehlak mallarının daşınma xərclərinin yüksəlməsi isə enerji böhranının neqativ sosial təsirlərini daha da genişləndirə bilər.

Bütün bunlarla yanaşı, Avropa ölkələrinin sənaye rəqabət qabiliyyəti mövcud situasiyada daha ön plana çıxır. Belə ki, enerji xərclərinin uzun müddət yüksək qalması Avropada istehsalın da maya dəyərini artırır. Və bu baxımdan, enerji təhlükəsizliyi artıq yalnız istehlakçıların yanacaqla təmin olunması deyil, həm də Avropa iqtisadiyyatında sənaye bazasının qorunması ilə bağlı ciddi problemə çevrilir.

Digər tərəfdən, Avropa Birliyinin əsas problemi hazırda enerji təhlükəsizliyi ilə strateji asılılıq arasındakı ciddi ziddiyyətlərdir. Belə ki, Brüssel son illərdə Rusiya enerji resurslarından asılılığı azaltmaq və tədarük mənbələrini diversifikasiya etmək istiqamətində ciddi addımlar atıb. Ancaq yeni enerji marşrutları, alternativ neft mənbələri Avropa Birliyini geopolitik risklərdən də tamamilə təcrid etmir. Əksinə, enerji bazarındakı hər bir böyük böhran Avropa məkanı ölkələrinin xarici təchizatçılardan asılılığının başqa formalarını da üzə çıxarır.

Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Yaxın Şərqin strateji əhəmiyyəti daha da artmış olacaq. Çünki Hörmüz boğazı ətrafında uzunmüddətli təhlükəsizlik problemi yaranarsa, bu məsələ yalnız neftin qiymətinin yüksəlişi ilə məhdudlaşmayacaq. Belə ki, qlobal enerji axınlarının marşrutlaşdırılması, sığorta xərclərinin yüksəlməsi, tanker daşımalarının bahalaşması və nəticədə bütün enerji bazarlarında risk dərəcəsinin ciddi şəkildə artması qaçılmaz xarakter daşıyan prosesə çevrilməyə başlayıb.

Təbii ki, belə situasiyada Avropa Birliyi ölkələrinin qarşısında bir-biri ilə bağlı üç önəmli risk faktoru formalaşır. Yəni, "qoca qitə" ölkələri enerji qiymətlərinin yüksək qalmasına, bunun inflyasiya və sənaye xərclərinə ötürülməsinə və dövlətlərin artan sosial-iqtisadi yükü kompensasiya etmək imkanlarının məhdudlaşmasına qarşı daha effektiv çıxış yolu axtarmalı olacaq. Çünki bu üç faktorun eyni vaxtda güclənməsi Avropa Birliyi məkanında enerji böhranını makroiqtisadi və siyasi sabitlik probleminə çevirə bilər.

Ona görə də, hazırda Avropa Birliyi ölkələri üçün əsas qeyri-müəyyənlik problemi məhz mövcud hərbi münaqişələrin və enerji marşrutları ətrafında təhlükəsizlik risklərinin hələ nə qədər davam edəcəyi ilə birbaşa bağlıdır. Bu baxımdan, hazırda Fransada yaşanan yanacaq problemi bütövlükdə Avropa Birliyi qarşısında duran daha böyük problemin indikatoru hesab olunur. Əsas cavabsız sual isə Avropa Birliyinin qlobal enerji şoklarını qiymət, inflyasiya, sənaye istehsalı və sosial rifah üzərindən nə qədər müddətə tənzimləyə biləcəyidir.

Qərb ekspertlərinin hesablamalarına görə, əgər, enerji təchizatındakı geopolitik risklər qısa müddət ərzində səngiyərsə, mövcud böhran idarəolunan çərçivədə qala bilər. Əksinə, enerji axınlarının uzun müddət məhdudlaşması və neft emalı imkanlarının zəifləməsi Avropa məkanında daha bahalı enerji, daha yüksək inflyasiya və dövlət büdcələri üzərində əlavə maliyyə yükü yaradar. Və bu halda isə enerji böhranı artıq yalnız iqtisadiyyatın ayrı-ayrı sektorlarına deyil, Avropa Birliyinin ümumi geoiqtisadi dayanıqlığına sarsıdıcı zərbələrlə dağıdıcı təsir göstərən faktora çevrilə bilər.

Analitik xidmət,

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol